525.Az

Vüqar Novruzov: "Moldovadan Azərbaycan olduqca əzəmətli görünür"


 

"BURADA GEDƏN İNKİŞAF, YÜKSƏLİŞ HƏR BİR AZƏRBAYCANLININ FƏXR YERİ, QÜRUR VƏ SEVİNC MƏNBƏYİDİR"

Vüqar Novruzov: "Moldovadan Azərbaycan olduqca əzəmətli görünür"<b style="color:red"></b>

Müsahibimiz Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovdur

- Vüqar müəllim, doğulub boya-başa çatdığınız Laçın rayonu, uşaqlığınız xatirələrinizdə necə qalıb?

- İlk növbədə onu deyim ki, Laçın mənim üçün tək xatirələrdən ibarət deyil, hafizəmdə və qəlbimdə bu gün də yaşatdığım dünyamın ən gözəl bir parçasıdır. Laçında doğulmuşam, orta təhsilimi 1 nömrəli şəhər məktəbində başa vurmuşam. Minnətdarlıq hissilə qeyd etmək istərdim ki, valideyinlərimin və müəllimlərimin tələbkarlığı sayəsində yaxşı oxumağım, milli ruhda düzgün tərbiyə olunmağım məndə uşaqlıqdan elmə-təhsilə böyük maraq, vətənimə sıx bağlılıq yaradıb və bu cəhətlər indiyə qədər də həyatımda, o cümlədən, fəaliyyətimdə öz faydasını göstərir.

- Bəs hələ 18 yaşında ikən vətəni tərk etmək qərarına necə gəldiniz?

- Mən uşaqlıqdan hüquqşünas olmaq istəyirdim. 1979-cu ildə orta məktəbi bitirən zaman Azərbaycanda belə bir qərar çıxdı ki, hüquq, jurnalistika və tarix fakültələrinə daxil olmaq istəyənlərin bir il fəhlə və ya kolxozçu stajı olmalıdır. Mən də bu stajı toplamaq üçün rayonun Təmir-tikinti idarəsində fəhlə kimi çalışmağa başladım. Bir ildən sonra isə həmin qərara dəyişiklik oldu, yəni bir illik staj iki illə əvəzləndi. Buna görə də qərar verdim ki, hərbi xidmətə gedim, çünki həmin qərara əsasən, hərbi xidmət də iki illik stajı əvəz edirdi. Nəticədə valideynlərimlə razılaşıb hərbi xidmətə getməyi qərara aldım və tale məni Moldovaya gətirib çıxardı. Hərbi xidmətdən sonra elə Moldovada da hüquq fakültəsinə daxil oldum və bununla həyatım ikinci vətənimə çevrilən Moldova ilə bağlandı.

- Artıq uzun illərdir ki, Qarabağ, sizin doğulduğunuz Laçın torpaqları da düşmən işğalındadır. Qürbətdə bu dərd, bu həsrət necə çəkilir?

- Şairlərimizdən birinin sözüdür ki, Vətəndən kənarda yaşayanlar vətəni içində yaşadır. Bu sözdə böyük həqiqət var. 38 ildir ki, mən bu həsrəti öz ürəyimdə, ruhumda yaşadıram. Burda bir psixoloji məqam da var. Belə ki, biz vətəndən çıxarkən onu necə görmüşüksə, beynimizə elə də həkk olunub, istər xalqımızın adət-ənənələri, istərsə də milli psixologiyası baxımından. Doğma vətəndən uzaqlarda olsaq da, biz bu psixologiyanı yaşadır, azərbaycanlılığımızı nəinki unudur, hətta yetərli dərəcədə nümayiş etdiririk. Kənarda yaşamağın bir xüsusiyyəti də var. Ordan vətənə baxanda burada baş verənləri müqayisəli şəkildə görə bilirsən. İstər müsbət prosesləri, istərsə də çatışmazlıqları. Çox şükür ki, Moldovadan Azərbaycan olduqca əzəmətli, nailiyyətlərilə çox gözəl görünür və burada gedən inkişaf, yüksəliş hər bir azərbaycanlının qürur və sevinc mənbəyidir. Qürbətdə yaşasaq da, vətəndə baş verən hər xırda hadisə belə bizim üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, Azərbaycanın nailiyyətlərinə sevindiyimiz kimi, başına gələn faciələrdən də sarsılırıq, bu hadisələrə reaksiyamızı bildirməyə çalışırıq. Bu problemlərdən ən böyüyü, təbii ki, Qarabağ dərdimizdir. Biz orada çox tez-tez bu problemlə bağlı səsimizi eşitdirmək üçün müxtəlif layihələr həyata keçiririk. Orada beş min azərbaycanlı yaşayır və onlar Moldova Azərbaycanlıları Konqresi ətrafında birləşib. Biz Konqres xəttilə Qarabağla bağlı həqiqətlərimizi Moldova ictimaiyyətinə, orada akreditə olmuş diplomatik korpusun nümayəndələrinə və təbii ki, internet vasitəsilə bütün dünyaya çatdırmağa çalışırıq.

- Moldova ilə Azərbaycan - bu iki vətəniniz arasında hansı oxşar və fərqli cəhətlər görürsünüz?

- Yəqin ki, mənim Moldovada qalıb indiyədək orada yaşamağımın başlıca səbəbi bu iki xalqın mənəviyyatının, psixologiyasının və məişətinin oxşarlığıdır. Moldova xalqı da çox qonaqpərvər, dostsevər, səmimi və qohumpərəst xalqdır. Baxmayaraq ki, Avropanın ortasında yerləşmiş ölkədir, orada da gənclərin böyüklərə hörməti, mehriban valideyn-övlad münasibətlərinin aliliyi özünü bu günə qədər də göstərməkdədir. O ki qaldı fərqə, təbii ki, bir ailədə də iki övlad arasında fərqli cəhətlər mütləq var. Bu fərqlər də düşünürəm ki, hər iki xalqı səciyyələndirən cəhətlərin gözəl tərəfidir.

Moldova-Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq əlaqələri var. Bu əlaqələr, istər siyasi-iqtisadi, sosial-mədəni və digər sahələrdə də, o cümlədən, ən yüksək səviyyədə hər iki ölkə rəhbərliyi arasında bu gün də inkişaf etməkdədir.

Elə son bir neçə gündə Bakıda olmağımızın səbəbi də bu iki ölkənin mədəni əlaqələrinin göstəricisi olan "Moldova Ədəbiyyatı Günləri"nin Bakıda keçirilməsidir. Mən də oradan bu tədbirin dəstəkçilərindən biri olan Moldova Azərbaycanlıları Konqresinin rəhbəri kimi dəvət edilmişəm.

- Moldova Azərbaycanlıları Konqresinin sədrisiniz. Konqresin yaradılma səbəbləri, fəaliyyət dairəsi nələrdən ibarətdir?

- Moldova Azərbaycanlıları Konqresi bilavasitə Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların yaşadıqları xarici ölkələrdə vahid təşkilatlar ətrafında birliyinə yönəldilmiş təşəbbüsünün nəticəsi olaraq yaradılıb. Bildiyimiz kimi, həmin dövrə qədər dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız yaşadıqları ölkədə müxtəlif təşkilatlar yaradıb, bu təşkilatlar vasitəsi ilə öz milli varlığını, dilini, adət-ənənələrini qoruyub saxlamağa, milli mənafelərini yaşadıqları ölkənin cəmiyyətində, rəsmi strukturlarında təmsil etməyə çalışırdılar. Amma həmin təşkilatlar arasında vahid birlik olmadığından, çox zaman öz məqsədlərinə nail ola bilmirdilər. Məhz konqreslərin yaradılması, eyni zamanda, Dünya Azərbaycanlılarının Birinci Qurultayının doğma vətəndə çağrılması dünya azərbaycanlıları diasporunun formalaşmasının və mütəşəkkilləşməsinin təməlini qoydu. Bu gün də o möhkəm təməl üzərində inkişaf davam edir. Sevindirici haldır ki, Moldovadakı soydaşlarımız həm öz aralarında, həm də bu ölkənin ictimaiyyətilə sıx və mehriban münasibətdədirlər. Bu ölkədə azərbaycanlıların sayı təxminən beş min nəfər olmasına baxmayaraq, diasporamız ölkənin müxtəlif sahələrində sanballı mövqe tutmuş bir çox nümayəndələri sayəsində Moldova ictimaiyəti arasında böyük hörmət və nüfuza malikdir.

- Bu illər ərzində Konqres hansı layihələr həyata keçirib?

- Moldovada dövlət səviyyəsində hər il müntəzəm şəkildə keçirilən "Azsaylı xalqların etnik festivalı"nda xalqımızın zəngin mədəniyyətini, ləzzətli milli mətbəxini, gözəl musiqi və rəqslərini yüksək səviyyədə təmsil və təbliğ etməyə çalışmışıq.

Tarix və mədəniyyətimizin inkişafı sahəsində bizim tərəfimizdən 2005-ci ildə Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzi parklarından birində dahi şairimiz Nizami Gəncəvinin abidə kompleksi inşa edilib və kompleksin açılış mərasimi Azərbaycan Prezidenti cənab İlham Əliyev və Moldova Prezidenti cənab Vladimir Voroninin iştirakı ilə həyata keçirilib.

Moldovanın və Rumın dünyasının tanınmış ədəbi və siyasi xadimi İon Xadırka tərəfindən Nizami Gəncəvinin aforizmlərinin rumın dilinə tərcüməsini və dörd dildə miniatür kitabça şəklində nəşrini təşkil etmişik. Moldova və Azərbaycan arasında dostluq və əməkdaşlığa töhfə verən mədəniyyət və ədəbiyyat xadimləri üçün "Nizami Gəncəvi" adına pul mükafatı və tələbələr üçün isə "Nizami Gəncəvi" təqaüdü təsis etmişik ki, bu da istər ictimai-siyasi təbəqə, istərsə də ali məktəblərdə oxuyan gənclər arasında Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliğində mühüm rol oynayır.

Azərbaycanımızın milli bayramlarını hər il çox geniş şəkildə, Moldova Respublikasının dövlət və hökumət rəhbərlərinin, diplomatik korpus nümayəndələrinin və ziyalılarının iştirakı ilə təntənəli qeyd edirik. Novruz bayramının keçirilməsi ənənəyə və artıq Ümummoldova mədəniyyətinin tərkib hissəsinə çevrilib.

Bu yaxınlarda Moldova və Azərbaycan respublikalarının müstəqilliyinin 25-ci ildönümü şərəfinə Moldovanın Sınjerey şəhərinin girişində dostluğumuzun simvolu olaraq inşa etdirdiyimiz, Moldova və Azərbaycan memarlıq ənənələri əks olunan "Dostluq qapısı" abidəsinin təntənəli açılışını həyata keçirdik.

Musiqi mədəniyyətimizin təbliği sahəsində də bir çox işlərə imza atmışıq. Moldovanın dünya çapında tanınmış ney ustası Konstantin Moskoviçin ifasında tam leqal şəkildə Moldovanın milli musiqi aləti olan neydə "Azərbaycan musiqisi antalogiyası" adlı disk-albomunu buraxdırmışıq. "Sarı Gəlin", "Sən gəlməz oldun", "Ayrılıq" kimi mahnılarımızın xarici ölkələrin görkəmli musiqiçilərinin albomlarına məhz Azərbaycan musiqisi inciləri kimi daxil edilməsi milli musiqimizin beynəlxalq təbliği üçün mühüm töhfədir.

Xüsusi minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, bir sıra ölkələrdən fərqli olaraq, sadaladığım işlərin bir çoxunu Azərbaycanın Moldova Respublikasındakı Səfirliyi ilə sıx əməkdaşlıqda həyata keçirmişik və bu səmərəli əməkdaşlıq bu gün də davam edir.

- Bugünlərdə keçirilən, sizin də haqqında bəhs etdiyiniz layihə - Azərbaycanda Moldova Ədəbiyyatı Günləri haqqında düşüncələrinizi öyrənmək istərdik.

- Keçən ilin may ayında Moldovada "Avropa poeziya baharı" adlı festival keçirildi. O festivalda Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış şair Səlim Babullaoğlu da iştirak edirdi. Elə o tədbirdə Moldova Yazıçılar Birliyi ilə hər iki təşkilatın gələcək əməkdaşlığı üçün sözləşmə imzalandı. Bu sözləşmə ədəbi əlaqələrin təməlini qoydu və çox tez zamanda nəticələrini göstərməyə başladı. Bu günlərdə Azərbaycanda keçirilən Moldova Ədəbiyyati Günləri də, hesab edirəm ki, məhz həmin sözləşmənin gözəl əməli nəticələrindən biridir. Buna görə də fürsətdən istifadə edərək hər iki ölkənin Mədəniyyət nazirliklərinin və Yazıçılar birliklərinin rəhbərliyinə, bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Hesab edirəm ki, bu tədbirlər silsiləsi Azərbaycan-Moldova mədəni əlaqələrinin, xüsusən də ədəbiyyat sahəsindəki münasibətlərin inkişafina böyuk töhfədir. Yeri gəlmişkən, sevinc hissi ilə qeyd etmək istərdim ki, bu proqramın davamı olaraq, aprelin üçüncü ongünlüyündə Moldovada Azərbaycan Ədəbiyyatı Günlərinin keçirilməsi nəzərdə tutulub.

Şahanə MÜŞFİQ

 





06.03.2018    çap et  çap et