525.Az

Bakıda Azərbaycan və Türkiyə xanımlarının xeyriyyə sərgisi açılıb


 

Bakıda Azərbaycan və Türkiyə xanımlarının xeyriyyə sərgisi açılıb<b style="color:red"></b>

Martın 6-da Gəncliyə Yardım Fondunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə sərgisi" təşkil edilib.

AZƏRTAC xəbər verir ki, fondun təşkilatçılığı ilə həyata keçirilən tədbir iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Azərbaycanın dövlət himni və Türkiyə Cümhuriyyətinin "İstiqlal Marşı" səslənib.

Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim tədbiri giriş sözü ilə açaraq fondun fəaliyyət göstərdiyi 25 il ərzində təhsil, mədəniyyət, xeyriyyəçilik, sosial və ictimai sahələrdə gördüyü işlərdən danışıb. Bildirib ki, 15 ildir təşkil olunan xeyriyyəçilik aksiyası hər il fərqli, yeni-yeni layihələrə həsr olunur. Builki xeyriyyə sərgisindən əldə olunacaq vəsait də fondun "100 illik əmanət!" və "Qardaşlığımız əbədidir" layihələrində istifadə ediləcək. Layihə çərçivəsində Cümhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq tələbə gənclər üçün məlumat turu təşkil ediləcək və qardaş Türkiyə dövlətinin terrorla mübarizəsinə dəstək olunacaq.

Xeyriyyə aksiyasını yüksək qiymətləndirən Milli Məclisin deputatı Sona Əliyeva fondun Azərbaycanın milli adət-ənənələrinə, tarixinə, keçmişinə, eyni zamanda sevinc və kədərinə çox həssaslıqla yanaşdığını qeyd edib. "Azərbaycan xalqı yüz illərlə vandalizmə, vəhşiliyə, torpaqların bölünməsinə şahidlik edib və bu gün də işğalçılığın acı nəticələrini yaşamaqda davam edir. Üstündən illər keçməsinə baxmayaraq, hələ də dünya ölkələri bu ədalətsizliyə göz yumur. İnanıram ki, tezliklə haqq-ədalət öz yerini tutacaq, Azərbaycanın qəhrəman övladları öz əzəli, əbədi torpaqlarını düşmən tapdağından azad edəcək. Bu gün çox uzaqda deyil. Qardaş ölkənin Afrində apardığı əməliyyat yalnız terrorizmə qarşı deyil, eyni zamanda sülh və ədalətin bərpasına yönəlmiş hərəkatdır. Bizim birliyimiz əbədidir, daimidir", - deyə Sona Əliyeva bildirib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın həyat yoldaşı Meltem Özoral, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir və başqaları çıxış edərək Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edərək onların cəmiyyətdə oynadığı rolu qeyd ediblər. Həmçinin xalqlarımızın azadlığı uğrunda mübarizədə şəhid olan və bu müqəddəs yolda qurban gedənlərin xatirəsinin həmişə əziz tutulacağını söyləyiblər.

Salona toplaşanlar "Qardaşlığımız əbədidir" adlı videoçarxı izləyiblər.

 





07.03.2018    çap et  çap et