525.Az

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistana tərs şapalaq


 

MÜHARİBƏ OLACAĞI TƏQDİRDƏ TƏŞKİLAT QARABAĞDAKI ERMƏNİ SEPARATÇILARINA HƏRBİ DƏSTƏK VERMƏYƏCƏK

<b style="color:red">Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistana tərs şapalaq</b>

Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmadığından müharibə olacağı təqdirdə təşkilat Xankəndiyə hərbi dəstək verməyəcək.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov bildirib.

O qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A.Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə qeyd edib ki, rusiyalı general təşkilatın nizamnaməsinə uyğun bəyanat verib: "Yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı quruma daxil olan ölkələrin ərazi bütövlüyünə problem yarandıqda onu qorumaq üçün güclərini birləşdirir. Bu mənada, işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının nə Ermənistana, nə də təşkilata üzv olan hər hansı bir dövlətə aidiyyatı var. Bu torpaqlar Azərbaycan ərazisidir. Həmin ərazidə baş verən hadisənin təşkilatla heç bir əlaqələsi yoxdur".

A.Mirzəzadə hesab edir ki, A.Sidorovun bəyanatı erməni ideoloqları, Ermənistan rəhbərliyinə tərs şapalaqdır: "İndiyə qədər işğalçı ölkə vaxtaşırı olaraq guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlara bu məsələdə dəstək verməsiylə bağlı yalan məlumatlar tirajlayırdı. Qurumun birləşmiş qərargahının rəisinin müharibə şəraitində Dağlıq Qarabağ separatçılarına heç bir dəstək verməyəcəkləri barədə açıqlaması isə erməni yalanlarını ifşa etməklə yanaşı, beynəlxalq hüquqa və təşkilatın nizamnaməsinə uyğun mövqedir".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargah rəisinin söylədikləri reallıqdan xəbər verir: "Bu, hər kəsə çoxdan məlum olan həqiqətdir. Sadəcə, Azərbaycanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağ münaqişəsiylə bağlı bu cür mövqedə dayandığına dair bəzi ictimai-siyasi təşkilatlar, müəyyən siyasətçilər, eləcə də əhali arasında inamsızlıq var idi. Onlar təşkilatın bu məzmunda bəyanat verə biləcəyinə şübhəli yanaşırdılar. Halbuki sözügedən qurum əvvəllər də bu tip fikirlər səsləndirib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ən ermənipərəst baş katibi Nikolay Bordyuja da etiraf etmişdi ki, Dağlıq Qarabağda müharibə olacağı təqdirdə qurum bu məsələyə qarışmayacaq. Bunun da səbəbləri bəllidir. Əvvəla, Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təsiri zonasında deyil. Bu ərazi beynəlxalq birlik tərəfindən də Azərbaycanın işğal olunmuş ərazisi kimi qəbul olunur. BMT nizamnaməsində olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində də Dağlıq Qarabağ Azərbaycan ərazisi olaraq göstərilir. İkinci vacib məqam isə bu təşkilatda Belarus, Qazaxıstan kimi Azərbaycanın mövqeyindən daim çıxış edən dost və tərəfdaş dövlətlər var. Hətta bir müddət qurumun üzvü Qırğızıstan da rəsmi Bakının mövqeyindən çıxış edirdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınında qərarların konsensusla qəbul olunması hər bir üzv ölkəyə veto hüququ verir".

M.Əhmədoğlu hesab edir ki, müasir dövrdə siyasət çox böyük riyazi dəqiqlik tələb edir: "Bizim cəmiyyətdə hər kəs bilməlidir ki, əgər Dağlıq Qarabağda müharibə baş verərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışmayacaq".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





07.03.2018    çap et  çap et