525.Az

Şövkət Zərin Horovlunun şeirləri


 

Şövkət Zərin Horovlunun <b style="color:red">şeirləri </b>

SƏNDƏN SONRA

Təzə tər çiçəyin idim,
Solmuşam səndən sonra.
Buludlar kimi özümə
Dolmuşam səndən sonra.

Ruh sərgərdan, tale dönük,
Ömür yalın, ürək sönük.
İç dünyası bölük-bölük
Olmuşam səndən sonra.

İtib ürəyin sevinci,
Tükənib taqəti, gücü.
Xatirələrə keşikci
Qalmışam səndən sonra.

Talandım təklik əlində,
Dərd dilləndi zildə, bəmdə.
Sənsizliyi sarı simdə,
Çalmışam səndən sonra.

Mən daha köçmüşəm qəmə,
Dönmərəm əzəlki dəmə.
Meylimi sözə, qələmə
Salmışam səndən sonra.

BƏSİMDİ

Evimdə, otağımda
Uzaq bir həsrətin yalnızlığı,
İşimdə bütöv bir ömrün
boşluğu,
Kimsə keçsə o boşluqdan,
Qurtulsam yalnızlıqdan,
Azca sevinsəm,
bəsimdi.
Qapı, pəncərəmi
gendən yaxından.
gözülə döysə bir kəs,
Qulağıma dəysə yarpaq xışıltısına,
Külək pıçıltısına bənzər
Bir səs,
Ya xəlvəti oğurlanmış
Bir udum nəfəs,
Üşüyəndə üstümə örtüb isinsəm,
Bəsimdi.
İndi vücudum üstünü qar basmış,
buz bağlamış dərd dağına bənzər,
Dəli küləklər sovurar, yonar,
axşam-səhər.
Təsəllim xoş Bir ruzigaradı,
Üzümə gülərmi, bir də
Bəxtim dinərmi, bir də?
Bir şəfəq süzülə üstümə,
Bir işıq düşə üzümə,
Günəşin çıxdığı yerdən.
Ümidimdən sürüşüb
"Sən" düşəsən qəfildən,
Görsəm, bəsimdi.

ÖLMƏK HƏVƏSİ

Paris gözəli,
Sena çayı,
Heç yanda tapılmaz
oxşarı, tayı.
Düşəm sularına
Çırpınan qağayılar tək,
Dalğaların ayaqlarıma dolaşa.
Yosunlar kimi bərk-bərk.
Qolların boynuma sarıla
Şıltaq bir uşaq kimi,
Sularında itəm,
Budaqdan üzülən sərsəri
yarpaq kimi.
Mən Araz ruhlu, od nəfəsliyəm,
Duymazsan məni,
Anlamazsan iki əsrlik bütövlük, dərdimi.
Anlamazsan içimdə
Hönkürən həsrətimi,
Durmuşuq üz-üzə fikirli, dalğın,
Dəvəsi ölmüş ərəb kimi
Üzgün, yorğun,
yaxın gəl tut qolumdan, ümidimə çilən,
Diksindir dalğınlığımı, qəmginliyimi,
Yorğunluğumu,
Sinənə sıx ümidsizliyimi
Həsəd aparıram sənə,
Bənzəmirsən Araz dərdimə.
Axırsan qayğısız,
Qansız-qadasız,
Nəğmən şirin, kədərsiz.
Oxu, ruhuma qat ilıq nəfəsini,
Nəğmənlə öldür bir şairin
Torpaqsız, yurdsuz
Ölmək həvəsini.

BEŞİK

Bir beşik eyvanda asılı qaldı,
Nə eyvan danışdı, nə beşik dindi.
Bir əsrin şahidi köhnə beşikdən,
Körpə hənirtisi bir gün kəsildi.
İçində bəsləndi neçə oğul-qız,
Neçəsi ağladı, ovundu, yatdı.
Ana qucağı tək doğma beşikdə.
Bir nəsil qayğısız böyüdü artdı.
Beşik böyümədi, beşik artmadı.
İl-ilə calandı, artan biz olduq.
Şirin nəğmə kimi layla səsinə,
Ağrılar, acılar qatan biz olduq.
Düşmən caynağında qalan beşiyin-
İçində qırıldı harayı, hayı.
Körpə baxışların töküb yollara,
Qınadı günləri, qınadə ayı.
Eyvana sığındı qəlbində nisgil,
Soyudu içinin odu, istisi.
Bir dünya, gözündə çökdü elə bil,
Çəkilib gedəndə körpə nəfəsi.
Beləcə neçə nəhs illərdən keçdik,
Biz yolları yorduq, yollarda bizi.
Səfindən qırılan qərib durna tək,
Qürbət qucaqladı hər birimizi
Yaddaşlar qanadan xatırələrdə,
Qırıq ümid kimi beşik qalırdı.
Yel vurub yellədən o boş beşiyə,
Anam yuxusunda layla çalırdı.

DÜNYA BİZİ YAŞADARDI

Onda belə deyildi dünya, qızım!
Mən uşaq olan vaxtlar,
Dünya gözümdə həmişə
Qırmızı, sarı, yaşıl rəngdə olardı
Sonralar cürbəcür rəngləndi, dəyişdi dünya,
rəngdən-rəngə düşdü dünya
Onda belə deyildi insanlar,
İnsan da öz aləmini
Rəngləyib dəyişdi.
Başqa idi həvəsi dünyanın,
Başqa idi havası suyun, otun, torpağın,
Nəğməsi şirin idi çayın, gölün
Kəhrizin, bulağın.
Nəfəsi sərin idi göy meşələrin,
Çinarın, söyüdlərin.
İndi ürəklər, baxışlar sərindi,
Ümidlər, inamlar, sərindi, mənim balam.
Mən bir kənd uşağıydım
arıq, çəlimsiz,
Həvəsim, sevincim köksümə sığmazdı,
Dayana bilməzdim
Bir saat, bir gün çöllərsiz.
Onda çöldə azadlıq vardı,
Hasarlanıb buxovlanmamışdı hələ,
Çöl azadlığımız əlimizdən
Alınmamışdı belə.
Çöl boyu qışqırardıq, oxuyardıq
Istədiyimiz qədər,
Səsimizə səs verərdi dağlar, dərələr.
İndi meydanlarda, telekanallarda
Boş-boş qışqırırlar
Səslərinə səs verən yoxdur,
İndi yalançı vətənpərvərlər
Vətəni sevənlərdən çoxdur, qızım.
Onda kənd dolu sevincimiz olardı,
Quş kimi səpələnərdik yala, yoxuşa,
Baxmazdıq qara, yağışa,
Kəklik daşlara sığınan kimi
Sığınardıq palıdın sinəsindəki koğuşa.
İndi çadırlara sığınır uşaqlar
Çöl həsrətilə yatıb oyanırlar.
Onda biz yağışdan gizlənib qorunardıq,
İndi göydən yağan güllərdən,
Torpağa sancılan mərmilərdən
Qorunur uşaqlar.
Hər şey onda ürəyimizcə olardı,
Nə saxta oyuncaqlar,
Nə oyunlar vardı.
Nənəmdən gizli gedərdik
Böyürtkən yığmağa,
Ya bağdan bir salxım
qora oğurlamağa.
İndiki oğrularda başqadır, bala!
Sifətcə, xüslətcə də
Bir-birlərinə bənzəyirlər,
Bütöv bir məmləkəti oğurlayıb yeyirlər,
Dünya mənimdir-deyirlər.
Ümidlər, vicdanlar
Alınıb, satılır,
Addım başı haqqa böhtan atılır, qızım.
Onda da var idi ehtiyac, yoxluq,
Amma yox idi laqeydlik, soyuqluq.
Məddahlıq, yalan işğal etməmişdi hər yanı,
İtirməmişdik dünyaya inamı.
Dünya bizi yaşadardı,
Bizdə dünyanı.

 





08.03.2018    çap et  çap et