525.Az

"Yaponiya və Azərbaycan arasında yüksək səviyyədə münasibətlər mövcuddur"


 

"Yaponiya və Azərbaycan arasında yüksək səviyyədə münasibətlər mövcuddur"<b style="color:red"></b>

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib. 

APA-nın məlumatına görə, T. Taniguçi Yaponiyanın baş naziri Şinzo Abenin salamlarını dövlət başçısına çatdırıb. 

T. Taniguçi Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib və Yaponiyada insanların bu hadisədən dərin kədər hissi keçirdiklərini söyləyib. Yaponiya baş nazirinin müşaviri Yaponiyanın Azərbaycanın İslam aləmində sabitlik, təhlükəsizlik və qarşılıqlı anlaşmada roluna xüsusi əhəmiyyət verdiyini bildirib. T. Taniguçi Yaponiya hökuməti tərəfindən Azərbaycana təcrübəli səfirin göndərilməsini əlaqələrimizin inkişafına verilən önəm kimi dəyərləndirib. 

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib. Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan dövlət başçısı Yaponiya hökumətinin Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan başlayaraq və bu gün də davam edən dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Yaponiya bank sektorunun ölkəmizdə infrastrukturun müasirləşdirilməsi işinə göstərdiyi köməyin önəmini də qeyd edib. Dövlət başçısı bildirib ki, bu gün Yaponiya və Azərbaycan arasında qarşılıqlı anlaşma və tərəfdaşlıq prinsiplərinə söykənən çox yüksək səviyyədə ikitərəfli münasibətlər mövcuddur. 

Dövlət başçısı Yaponiyanın Azərbaycanda təyin olunmuş səfirinin Azərbaycanın dostu olduğunu və Yaponiya hökumətinin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin reallaşmasında fəal rol oynadığını vurğulayıb. 

Görüşdə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi, bank sektoru, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı. 

Dövlətimizin başçısı baş nazir Şinzo Abenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Yaponiyanın baş nazirinə çatdırmağı xahiş edib.

 





08.03.2018    çap et  çap et