525.Az

“Mühəndislər üçün biznes təhsili” kursuna start verildi


 

“Mühəndislər üçün biznes təhsili” kursuna start verildi<b style="color:red"></b>

Bu gün SOCAR-ın Ali Neft Məktəbində (BANM) “BP-Azərbaycan”ın maliyyə dəstəyi ilə yerli mühəndislərin inkişafına töhfə olaraq “Mühəndislər üçün biznes təhsili” kursuna start verilib. 

Bu proqram Bakı Ali Neft Məktəbinin 5-ci kurs tələbələri üçün nəzərdə tutulur. BANM-dakı təhsil müddətində mühəndisli üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştələrə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrasiya olunması üçün şərait yaradılacaq. Layihə fevral-dekabr aylarını əhatə etməklə 11 ay müddətində həyata keçiriləcək. Layihənin dəyəri 180 min ABŞ dolları təşkil edir. 

Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Kursun tədris planı 8 əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları, layihələrin idarə edilməsi, vaxtın idarə edilməsi və səmərəliliyi, liderlik, risklərin idarə olunması, maliyyənin əsasları, büdcə və xərclərə nəzarət, insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları. 

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, SOCAR tərəfindən müasir tədris ləvazimatı ilə təchiz olunmuş və beynəlxalq tədris proqramını tətbiq edən BANM qısa müddətdə gənclərin texniki fənlərə olan marağını artırmağa nail olub: “Bu gün uğur hekayəmizin yeni səhifəsini tərəfdaş BP  şirkəti ilə birgə yazırıq. Yeni proqram sayəsində gənc mühəndislər müasir biznes mühitinə daha effektli inteqrasiya edəcək, daha da yüksək müvəffəqiyyətlər əldə edə biləcəklər". 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib ki, Azərbaycanda sosial sərmayələri üçün təhsil sahəsini əsas istiqamət kimi seçmiş bir şirkət kimi BP üçün bu çox əhəmiyyətli layihədir: "Bu layihə vasitəsilə universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının yaradılmasına töhfə vermək istəyirik".

 





09.03.2018    çap et  çap et