525.Az

Bir özgə əlindədir...


 

Bir özgə əlindədir...<b style="color:red"></b>

Həftəsonu İçərişəhərin dolanbaclarından keçib “Marionet” teatrına çatmaq və binaya daxil olan kimi o mühiti hiss etmək ayrı bir zövqdən müjdə idi əslində.

Üzeyir bəyin musiqisini, Füzulinin sözünü indi də ayrı, fərqli bir təqdimatda anlamaq imkanım olacaqdı. Ümumiyyətlə, İçərişəhər hər dəfə bir cür təsir edir insana. Bəzən çox adamsız, kimsəsiz görünür. Amma hərdən də az qala bir-birinə söykənən eyvanların altından keçdikcə nə zamansa bu evlərdə yaşayan qonşuları düşünürəm, bu qədər yaxın məsafədə insanların heç bir sirri, gizlin sözü olmayıb yəqin... İçərişəhərdə hamı böyük bir ailə kimi yaşayırmış. Ən mehriban qonşuların uşaqları da birgə böyüyürlərmiş. Bəs sevgi? Görəsən, bu qədər açıq, ovuc içi kimi aydın bir məkanda sevgilər necə yaşanırmış? Məgər sevgi məkana və şəraitə baxır? Nə isə, elə bu düşüncələrlə “Marionet” teatrına daxil olanda özümü qəribə bir nağıl estetikası içərisində hiss etdim... Binanın qədimliyi, üstəgəl, dizaynda gözlənilən qeyri-adilik, millilik və kuklalar. Bütün bunlar bir neçə metr aşağıda olan müasir və yeni şəhərdən çox-çox uzaqlara aparır adamı. Sanki üç küçə aşağıdakı tıxaclar da, başı buludlara çıxan göydələnlər də çox uzaqda qalır. Bəlkə əslində, elə bu teatrın əsas niyyəti də budur. Əsrarəngiz musiqi və kuklaların oyunundan savayı, həm də bu ab-hava ilə insanları çağdaş zamanın xaosundan almaq, uşaqlığa, nağıllara qaytarmaq. Tamaşanı gözlədiyimiz vaxtda elə hey nağıllarımızı düşünürəm... Sanki bütün nağıl qəhrəmanlarımız elə buraların sakinləridir. Hətta bir az da dərinə gedib xəyal edirəm, bəlkə almaların dalınca gedən Məlikməmməd də, ögey anasının zülümlərindən bezən Göyçək Fatimə də elə burda yaşayırmış? İndicə “Kim yatmış, kim oyaq?” - deyə çağırsam, “Hamı yatıb cırtdan oyaq” - deyə cavab verən balaca cırtdan çıxacaqmı daşların arxasından?! Bax belə qəribə fikirlər və arzular yaratması ilə mistikdir “Marionet” teatrı. Çox keçmir ki, zala daxil oluruq. Nəzarətçilər israrla xahiş edirlər “mobil telefonlarınızı tamam söndürün...” Bəli, niyyət müasir adamı keçmiş zamana aparmaqdı: heç bir çağdaş texnikanın olmadığı dövrə, insanların bir-birini sadəcə ani baxışdan, ötəri sözdən anladığı, sevdiyi məkana...  Heç bir konkret zamandan və məkandan söhbət getmir. Sadəcə eşq adlı əraziyə keçirik. Burda kuklalar da dillənib sevgidən danışacaq, burda aşiqlərin ipləri başqalarının əlinə keçəcək... Və başlanır!

Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçudur. Musiqi aranjimanı Salman Qənbərova aiddir. Əlbəttə, bu imzalar artıq çox şeyi deyir. Səhnədə hər şey şərtidir. Leyli ilə Məcnun görüşməzdən əvvəl təbiət, quşların nəğməsi, işıldaböcəklərin uçuşu gözlərimiz önündə canlanır. Hər şey bu böyük, əfsanəvi sevginin yaranacağından, doğulacağından xəbər  verir. Axı, sevgi bütün fəsillərdə bahar kimi gəlir... Ona görə də müəlliflər bu üsulla Leyli ilə Məcnunun sevgisinin doğulmasını göstərirlər.

Kuklaların dizaynında qeyri-adilik duyulur. Qəribədi ki, Leyli də Məcnun da nədənsə hamımızın düşüncəsində kasıb, səfil, səliqəsiz qalıb. Bəlkə o dərdin böyüklüyündən, bəlkə hicranın ağırlığından bilmirəm... Amma “Marionet” teatrı həm Leylinin, həm də Məcnunun kuklalarının dizaynında zənginliyi, zahiri parıltını da göstərməyə çalışır. Həm də burda hər şey şərtidir. Və bu şərtilik özü də insanı sevgi və onun mahiyyəti haqqında düşündürür. Tamaşaya baxdıqca, Füzulinin böyüklüyünü, dahiliyini bir daha anlayırsan. Bu gün çağdaş dünyanın hələ indi-indi dərk etdiyi marionet ideyasını o zamandan deyibmiş. Sevgisi uğrunda mübarizə aparmağa çalışan Leylinin həmdəmi, həmdərdi yoxdur, “Namusuna layiq işmidir bu?” deyən anasından tutmuş özgələrə kimi hamı əleyhinədi bu sevginin... Və onda Leyli dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşür. Çexovun “Qüssə” hekayəsində dərdini bölüşməyə adam tapmayıb oğlunun faciəsini ata danışan faytonçusunu necə yada salmayasan burda?! Zaman gedir, zahiri formalar dəyişir, amma insan elə həmənkidi, onun mahiyyəti olduğu kimi qalır deməli.
Beləliklə, Leyli dəvə ilə dərdləşəndə: 

Mən kimi yox əldə İxtiyarin,
Bir özgə əlindədir Məharin.
-  deyir...

Təbii, Füzuli bununla Leylinin hüquqsuzluğunu göstərir, obrazlı şəkildə çatdırır. Amma “Marionet” teatrının tamaşasında “özgə əlində olan” iplər tamam ayrı mənanı, ideyanı çatdırır. Axı, doğrudan da sevgi gəlincə heç nə insanın özündən, iradəsindən asılı olmur, sanki hardansa Yuxarıdan idarə edilir hər şey... Hansısa bir İlahi qüvvə əlindəki ipi boş buraxmaqla nəfəs dərməyə imkan verir, sonra yenidən çəkir ipləri və az qala boğulmağa başlayırsan. Hələ üstəgəl, qadağalar, olmazlar... Bütün bu sadaladıqlarım Leyli ilə Məcnunun faciəsidir. Əslində, hər birinin “məharı” özgə əllərdədir, heç birinin ixtiyarı özündə deyil, təəssüf.

Heç şübhəsiz ki, Üzeyir bəyin musiqisi, Mənsum İbrahimovun, Günay İmamverdiyevanın ifaları tamaşanın uğuruna qarantdır. Nədənsə kimsənin bu operaya, bu ifalara biganə qala biləcəyinə inanmıram. Amma məhz kuklaların oyunu bu əsərə ayrı yöndən baxmağa sövq edir.

Leyli Məcnundan elə ilk görüşündə soruşur: “Bilirsən?” o da “Bilirəm” - deyə cavab verir. Bununla hər şey deyilir əslində... Hər ikisi hər şeyi bilir. Sözə ehtiyac yoxdu, Qeysin valideynlərinə etdiyi etiraf da, “ata-ana, eşqin havası məni Məcnun edəcəkdir” - deyə sızlaması da bütün gələcək faciələrdən xəbər verir. Və kuklaların vasitəsiylə bütün bunları çatdırmaq sadə məsələ deyil.

Tamaşanın quruluşunda həzinlik, zəriflik duyulur. Narıncı zərif parçaların vasitəsiylə səhra ab-havası, mavi ipəyin oyunu ilə gecə estetikası yaradılır. Hiss, həyəcan isə sadəcə hərəkətlərin aramlılığı, yaxud sərtliyi vasitəsiylə çatdırılır. Və yəqin ki, burada ən çətini aktyorların, kuklaları idarə edənlərin (Fərizə Babayeva, Əli Allahverdiyev, Aysel Bədəlova, Tatiana Terentyeva, Nazim Hüseynov, Nəsrin Vüsal, Hikmət Aydınoğlu) emosiyalarına hakim kəsilməsidir. Son dərəcə ciddi və nəzərə çarpmayan, qara geyimdə olan, kölgəyə çəkilən aktyorlar yalnız yüngül əl hərəkətlərini qabardırlar.  İşıq effektləri vasitəsiylə əllərin kəpənəyə toxunurmuş kimi zərif rəqsi görünür. Amma məsələn, Leyli ilə Məcnunun ölüm səhnəsində emosiyanı necə idarə edəsən?

Tamaşanın ən böyük uğuru məhz o əsas ideyanı çatdıra bilməsidir. İnsan dara düşüncə İlahi qüvvənin ətəyindən yapışır, ona tapınır. Leyli son sözlərini deyir və aktyor kuklanın başını dizinin üstünə qoyur, Məcnun də eynən o cür aktyorun dizinin üstünə başına qoyub canını tapşırır. Bax bu, bütün o sevginin insanı saldığı halları dəqiq ifadə edir. Məharın özgə əlindədir, əlacın yoxdu, yenə ona üzünü tutub rəhm, imdad diləyirsən və heç bir çıxış yolu tapmayanda başını ətəyinə qoyub gözlərini yumursan.
14 kiçik etüddən ibarət olan tamaşa belə bitir:

Qovuşa bilməyib, azıb zülmətdə,
Murada yetişmişlər əbədiyyətdə...

Bununla da  bir daha  başa düşürük ki, əsl sevgi, gerçək eşq heç vaxt itmir, ölmür, şəklini dəyişmir. Əbədiyyətdə də olsa mütləq murada çatacaqlar...

 





09.03.2018    çap et  çap et