525.Az

“Kardeş kalemler”in yeni sayı


 

“Kardeş kalemler”in yeni sayı<b style="color:red"></b>

Bugünlərdə Türk dünyasının ədəbiyyat dərgisi “Kardeş kalemler”in növbəti sayı işıq üzü görüb. Dərgi bu dəfə də Türk dünyasının dörd bir yanından olan ədiblərin bədii-publisitik yazıları, mühüm mədəniyyət xəbərləri ilə zəngindir.

Dərginin ilk yazısı Kosovadandır. Şair Zeynel Beksaç “Sən Ana Vətənimsən, Sən Türkiyəmsən” şeiri ilə yer alıb. Kosovadan ikinci poeziya nümunələri şair Jeton Kelmendiyə aiddir.

Şimali Kipr Türk Cümhuriyyətini Həvva Tekin “Şəkidə bir çinar” şeiri ilə təmsil edib.

Dərgidə bu dəfə bir sıra yazılar qazax şairi Esenkul Jakıpbekin 65 illik yubileyinə həsr olunub. Bu münasibətlə Qazaxıstan bölməsində Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulinin “Tanrı dağlarının səsi”, Kayrat Satıbaldının “Millətini sevən, millətcə sevilən şair”, Nağaşıbek Kapalbekulının “Ozan Esenkul”, Kadırbek Kunıpiyaulının “Əbədi bir iz”, Türkiyədən Yaqub Öməroğlunun “Sevgini sevən şair”, Ataman Kalebozanın “Şeir, şeir, şeirəm mən” deyən Esenkul Jakıpbek” məqalələri, yubilyarın bioqrafiyası, şeirləri və “Həyatımı şeirsiz təsəvvür edə bilmirəm” yazısı çap olunub. Şeirləri Türkiyə türkcəsinə Malik Otarbayev çevirib, redaktə Ataman Kalebozana aiddir.

Batı Trakyanı dərgidə Rahmi Əli “Anılarla yaşamaq” essesi, Türkmənistanı Agahan Durdıyev “Akcaya anası qarşı çıxdı” hekayəsi ilə təmsil ediblər. Hekayəni türkmən dilindən Ərtoğrul Qaraquş çevirib.

Türkmən elindən Edgü Köprülünün “Allahqulu” (Əli Babşe), Türkiyədən Osman Çeviksoyun “Ah səkkiz lira, iyirmi beş qəpik”, Azərbaycandan Afaq Məsudun “Gün”, Qırğızıstandan Keneş Yusufun “Canım dağlar” hekayələri çap olunub. K.Yusufun hekayəsini tərcümə edən Mayramgül Dıykanbayeva, redaktoru isə Osman Çeviksoydur.

Tatarıstandan Çulpan Zaripova Çetin tatar ədibi Alimcan İbrahimovdan, Özbəkistandan Farangisbonu Sharipova “Özbək ədəbiyyatında çağdaş romanın inkişafı”ndan, Türkiyədən Nazmi Şimşək “Çolpan Ulduzu”ndan bəhs ediblər.

“Xəbər” bölməsində 2018-ci il Türk dünyası mədəniyyət paytaxtı Kastamonunun tanıtma toplantısından reportaj yer alıb.

Şahanə MÜŞFİQ

 





10.03.2018    çap et  çap et