525.Az

Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln


 

Amerikanın xilaskar peyğəmbəri - <b style="color:red">Abraham Linkoln</b>

(Əvvəli ötən şənbə sayımızda)

Aprelin 19-u bədbəxtlikdən xəbər verən bir hadisə ilə əlamətdar oldu. Fort Samterə açılan atəşdən sonra Vətəndaş müharibəsində ilk qan tökülməsi müşahidə edildi.

Prezident buna cavab olaraq, ayrılan ştatların blokadasını elan etdi. Birləşmiş Ştatlar donanması taxta materialından düzəldilmiş 42 gəmi ilə 3 min mil uzunluğunda dəniz sahilini blokadaya aldı. Yeni prezident ya xəyalpərəst, ya da ki, dahi idi. Axı müharibə başlamamışdan çox-çox əvvəl Cənub dünyanın qalan hissəsindən təcrid edilmişdi. Belə bir əlaqəni yaratmaq cəhdinə isə Linkoln indi keçilməz bir Çin səddi çəkmişdi.

Prezident həm də doğma ştatı olan Kentukkini Birlikdə saxlamaqdan ötəri çox qayğılı idi və bu məsələyə o, xüsusi diqqət verirdi. Ştatın qubernatoru ayrılmanın qatı tərəfdarı olsa da, əhali qəti şəkildə ayrılmanın əleyhinə idi.

Müharibənin başlanğıc dövrü Şimal üçün o qədər də uğurlu deyildi. Müharibə isə öz işini görürdü. 1861-ci ilin qızğın döyüşləri meydana gəlirdi. Riçmonda zərbə vurmaq cəhdi uğursuzluğa uğradığından, Şimal ordusu geri çəkilməyə məcbur oldu.

Lakin orduya baş komandan seçkisi o qədər də uğurlu olmurdu. 1861-ci ildən 1864-cü ilə kimi öz ideyalarını generallara ötürməkdə tərəddüd edən Linkoln komandanın personalı və təşkilatlanması ilə eksperiment aparırdı. Bu müddətdə bir neçə baş general dəyişdirilmişdi. O, ordu komandanlarından narazı qalırdı. 1861-ci ilin noyabrında Skottun istefasını qəbul etdi. Bütün ordu üçün məsuliyyət Con Makklellanın üzərinə qoyuldu. Bir neçə aydan sonra ləng tərpənməsinə qəzəbləndiyindən, prezident onu yalnız Potomak ordusunun komandanlığına endirdi. Prezident Linkoln, general Hellek və müdafiə naziri Edvin Stenton qeyri-rəsmi müdafiə şurası kimi fəaliyyət göstərirdi. Hellek güman edirdi ki, Riçmondu işğal etmək, müdafiəçiləri Şimal torpaqlarından qovmaq əvəzinə, Konfederatın Li ordusunu məhv etmək lazımdır.

Etimadını doğrultmayan generallara görə Linkoln baş komandan üçün Qərbə doğru baxmağa məcbur olmuşdu. Ona Uliss Qrantın Viksburq kampaniyası çox xoş gəlmişdi. 1863-cü ilin iyulunda, Viksburqun təslim olmağından bir neçə gün sonra o, Qranta ölkəyə etdiyi böyük xidmətə görə razılıq məktubu göndərdi. Bu məktubda həm də öz səhvini etiraf etdi, bildirdi ki, Qrantdan gözləyirdi ki, Viksburqun yanından keçib, Missisipi boyu aşağı düşəcəkdir. Qrant isə çayı keçib geri dönərək, arxadan Viksburqa girdi. Linkoln öz təbrik məktubunda yazırdı ki, “mən qorxurdum ki, bu, səhvdir, indi istəyirəm ki, şəxsən etiraf edim ki, sən düz idin, mən isə səhv idim”.

1864-cü ilin martında Qranta general-leytenant rütbəsi verdi və ona bütün federal orduların komandanlığını həvalə etdi. Nəhayət, Linkoln elə adamı tapdı ki, o, öz tabeliyində olan bacarıqlı Uilyam Şerman, Filip Şeridan və Corc Tomasla birlikdə Linkolnun iri miqyaslı konsepsiyasının hissələrini həyata keçirəcək, hücumları koordinasiya edəcəkdir. Qrant Linkolnun icad etdiyi baş komandanlığın bir üzvü, lakin mühüm üzvü idi. Linkolnun özü baş komandan idi. Hellek isə baş qərargah rəisi idi. Müdafiə naziri vəzifəsini Stenton daşıyırdı. Bütün orduları istiqamətləndirməklə yanaşı, baş general Qrant həm də Midin Potomak ordusuna da nəzarət edirdi. Beləliklə, Linkoln ilk dəfə baş komandanlıq yaratdı.  Bu qurum xalqın böyük enerjisini və ölkənin resurslarını səfərbər edib, onları total müharibənin baş strategiyasına tabe etdi.

Linkoln dövlətçiliyi və orduları bütün istiqamətlərdə birləşdirdi, bunun səmərəliliyi xeyli artdı. O, müharibə aparmaq elminə və təcrübəsinə malik olmadığı halda, bu nöqteyi-nəzərdən onun əldə etdiyi nailiyyət diqqətəlayiq idi. Bu uğur həm fayda gətirir, həm də maneçilik törədirdi. O, özünün praktiki nüfuz etmək qabiliyyətindən və iti ağlından bütünlüklə daha yaxşı istifadə edə bilərdi, buna bəziləri onun malik olduğu hərbi düha deyirdilər və bu, Vətəndaş müharibəsində qələbəyə gətirib çıxardı. 

Şimalın və Cənubun müqayisəsi

İlk baxışda bu münaqişə Birliyin 23 ştatı ilə Cənubun ayrılmış 11 ştatı - Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya, Luiziana, Texas, Virciniya, Arkanzas, Tennessi və Şimali Karolina arasındakı müharibə idi. Şimalda təqribən 21 milyon adam vardı, Cənubda isə əhalinin sayı 9 milyon idi, bunlardan da 3,5 milyona yaxını zənci qullar idi. Federallar 100 min manufaktura fabrikinə malik idi, Potomak çayından cənubda isə onların sayı 18 mindən çox deyildi. Silah istehsalında Şimalın Cənubdan üstünlüyü 30:1 nisbətinə bərabər idi, canlı qüvvə üstünlüyündə isə nisbət 2:1 idi. Şimal həm də kommersiya və maliyyə resurslarında güclü idi.

Bunlardan əlavə Şimal fəaliyyətdə olan hökumətə, kiçik də olsa səmərəli nizami orduya və hərbi-dəniz qüvvələrinə malik idi. Lakin Konfederatın məğlubiyyətə düçar olacağı qabaqcadan heç də məlum deyildi. Cənub orduları daxili sərhədlər içərisində vuruşmaq üstünlüyünə malik idi. Konfederatın dəniz sahili 5,6 min km uzunluğunda olmaqla, onların həyata keçirilən blokadanı poza biləcəkləri kimi görünürdü. Və Konfederatın prezidenti Cefferson Devis xaricdən həlledici kömək göstərilməsinə, həmçinin onların xeyrinə müharibəyə müdaxilə ediləcəyinə ümid bəsləyirdi. Beləliklə, Cənub məsələsi heç də asanlıqla həll ediləsi deyildi. Axı digər millətlər də ağır olan qeyri-bərabərlikdə öz müstəqilliklərini əldə etmişdilər. 

Vətəndaş müharibəsinin gedişi 

İlk hərbi əməliyyatlar Virciniyanın şimali- qərbində baş verdi. Federal generalı Makklellan öz qoşunu ilə Ohayonun cənubundan 1861-ci ilin yayında Virciniyanın qərbinə girdi. O, Konfederat qoşunları ilə qarşılaşdı. Makklellan bu vaxt kiçik, lakin əhəmiyyətli döyüşləri uddu.

Həmin vaxt ordular Federalın paytaxtı Vaşinqtonun və Konfederatın paytaxtı Riçmondun ətrafına toplaşırdılar. İctimai rəyin təzyiqi ilə Linkoln düşməni Manassasdan çıxarmağı əmr etdi. Manassasdakı Bull Randa gedən döyüşlərdə Federallar daha böyük itki verdilər və Federal qoşunları Vaşinqtona qaçmağa məcbur oldular.

Virciniyadakı qələbələrinə görə Makklellan çağırıldı ki, baş general Skottun yerini tutsun. Yüz min adamı məşq etdirmək, intizama öyrətmək və geyindirmək vaxt tələb edirdi. Linkoln paytaxtı müdafiə etmək üçün Vaşinqtonda çox sayda qüvvə saxlayırdı. Az müddətdən sonra Makklellan baş general vəzifəsindən azad olundu.

Makklellanın ordusu Riçmonda tərəf hərəkət edəndə, Li əks-zərbə hazırlamışdı. Yeddi günlük döyüşlərdə Li uğursuz qaydada Potomak ordusunu darmadağın etməyə cəhd göstərdi. Bu döyüşlərdə federallar müqayisədə 7 min artıq itki verdi. Bull Randakı ikinci döyüşdə Makklellan Rişmond yaxınlığından geri atırıldı. Li gəlib, Federal ordusunun qalığını darmadağın etdi. Federalın itkisi 16 min olmaqla, Konfederatınkından az qala iki dəfə çox idi.

Li Şimala ilk müdaxiləsindən yararlanmağı davam etdirərək, Merilendə atıldı. Linkoln Makklellana təkid etdi ki, ləngimədən Linin arxasınca yollansın. Lakin federallar Konfederat ordusunu Potomakdan qovmağa qadir deyildi. Bu döyüşlərdə hər iki tərəfin itkisi, demək olar ki, bərabər idi. Makklellan Lini sürətlə izləyə bilmədiyinə görə komandanlıqdan azad edildi. Yeni komandan Embrous Bernsayd iki qatdan da çox itki verdi və onu Cozef (“Vuruşan Co”) Huker əvəz etdi.

1862-ci ildə hərbi hadisələr başqa səhnələrə keçirdi. Federallar döyüşdə Missurini Birlik üçün xilas edib, Arkanzasa təhlükə mənbəyi yaratdılar. 26 apreldə Qrant Cənuba daxil olub, Nyu Orleanı tutdu. Onun hücumuna dənizdən donanma kömək edirdi. 1 iyunda general Robert Lİ Cənub ordusunun baş komandanı təyin edildi. 30 avqustda o, Bull Randa qalib gəldi, lakin 17 sentyabrda yenə də Virciniyaya çəkilməli oldu.

Huker öz ordusunu yenidən qura bildi və yaxşı vuruşmağa qadir etdi. 132 min nəfərlik bu ordu “planetdə ən yaxşı ordu” adını aldı. O, Qərbdə irəliləyəndə Li birbaşa ona tərəf hərəkət etdi. Hukerin əsəbi dözmədi və o, geri çəkilməyə məcbur oldu. Başqa bir döyüşdə federallar yenə də 5 min artıq itki verdilər. Huker əlavə qüvvə istəyib, onu ala bilməyəndə komandalıqdan getdi və onun yerini Corc Mid  tutdu. Ona daha sərbəst hərəkət etməyə icazə verildi.

1863-cü ildə ən böyük döyüş  Gettisburqda getdi. Düşmən qoşunların hər ikisi Pennsilvaniyanın cənubundakı mühüm yol ayrıcı olan Gettisburq şəhərinə gəldilər, burada Qərb yarımkürəsindəki çox qızğın vuruş gedəcəkdi. 1 iyulda qərbdən və şimaldan hücum edən Konfederat qüvvələri nəticədə federallara üstün gəldilər. Federal qoşununun komandanı Reynolds həlak oldu. Konfederat qoşunu federalları Gettisburqun küçələri ilə Cemetry Ridge-ə (Qəbristanlıq dağ silsiləsi) tərəf geri çəkilməyə məcbur edirdi, burada isə gecə ərzində Mid öz qüvvələrinin qalığını toplamışdı.

Döyüşün ikinci günü Li öz generallarına hücum əmri verdi. Onlar Şaftalı bağı adlanan mövqeləri tutdular. Üçüncü günün səhəri Midin sağ qanadı konfederatları aşağı yamaclardan qovdu. İki saat ərzində artilleriya dueli getdi. Konfederatın itkiləri demək olar ki, 60 faizi təşkil edirdi. Mid əks-hücuma keçə bilmədi, Li Virciniyaya geri çəkilməyə məcbur oldu. Konfederatlar bütövlükdə 28 min və ya müqayisədə 5 min artıq itki vermişdilər. Gettisburq döyüşü müharibədə dönüş nöqtəsi oldu, şimallıların hərbi uğurları Vətəndaş müharibəsinin gedişini dəyişdi. Cənubluların ordu komandanı general Li bir qədər əvvəl rəqibin açıq üstünlüyündən narahat olub, ümidsiz qaydada cəhd etdi ki, qüvvələr nisbətini öz xeyrinə dəyişsin. Bunun üçün o, öz qoşunları ilə Potomak çayını keçib, Pennsilvaniya ştatının içərilərinə can atmış, lakin Gettisburqda  şimallıların ordusu ilə qarşılaşmışdı. Burada isə o, fəlakətlə üzləşməli olmuşdu. Üç gün davam edən döyüş konfederatların tam məğlubiyyəti ilə nəticələnmişdi. 4 iyulda darmadağın edilmiş cənubluların ordusu Virciniyaya geri çəkilməyə məcbur olmuşdu.

Payızdakı yüngül döyüşlərdən sonra hər iki ordu qış düşərgələrinə çəkildilər. Li bir daha heç vaxt özünün bütöv ordusu ilə Şimala tam həcmli müdaxilə etməyə qadir olmadı.

1863-cü ildə Şərqdə hər iki ordu qışı düşərgədə keçirdi. “Vuruşan Co” - Huker ordusunu yenidən təşkil etdi. Qərbdə isə federal qoşunlar konfederatların üstünə hücuma keçib, onları Preri Qrouvda (Preri meşəsi) məğlub etdilər. Bu, Littl Rokun (Kiçik qaya) sentyabrda işğal edilməsinə yol açdı.

Qrant Missisipidəki Konfederatın “Qəbrin Gibraltarı” hesab edilən Viksburqa tərəf hərəkət etməyə başladı. Bu qalaya yaxınlaşmaq çətin idi. Qrant Şermanla birlikdə 1862-ci ildə onu tutmaqda uğursuzluğa uğramışdı. O, admiral Devis Porterin kanonerkalarının müşayiti ilə öz ordusunu Bruinsburqda sahilə çıxardı. Və konfederatlar Viksburqu müdafiə edəndə, kiçik qələbələr qazandı.

Qrant Viksburqun müdafiəçilərinin arxasına çıxmaq üçün qərbə tərəf dönüb,  Çempion təpəsində Konfederat ordusunu darmadağın etdi. Onlar Viksburqdan cənubda da təslim oldular. Linkoln bu münasibətlə demişdi: “Suların Atası əsəbiləşmədən yenidən dənizə gedir.”

 Li geri çəkiləndə Qrant onun sağ flanqına çıxmağa bir sıra cəhdlər etdi. Riçmonddan şimalda o, bir sıra ağır hücumlar etdi, lakin xeyli itkilər verdi.

Həyati əhəmiyyət kəsb edən dəmir yolu mərkəzi olan Pitersburq ilə - bu, Riçmondun cənub açarı idi. - Linin sağ tərəfində asılmaqla, ona hücum etdi. Federal zabitlərin buraxdığı bir neçə səhvə, Linin sürətli reaksiyasına baxmayaraq, konfederatlar Pitersburqu əllərində saxlamağa heç də qadir deyildilər. Qrant iyunun 15-də və 18-də hücum edib, Linin xəttini yarmaq istədi, lakin 8 min nəfər itki verdi.

(Ardı var)

 





12.03.2018    çap et  çap et