525.Az

Professor Asif Hacıyev Erciyes Universitetində görüşlər keçirdi - Fotolar


 

Professor Asif Hacıyev Erciyes Universitetində görüşlər keçirdi - <b style="color:red">Fotolar </b>

Azərbaycan Universitetinin professoru Asif Hacıyev 5-8 mart tarixlərində Türkiyənin Erciyes Universiteti rektorluğunun dəvəti ilə Kayseri şəhərində ezamiyyətdə olub.

Universitetin Rus dili ve ədəbiyyatı kafedrasının təşəbbüsü və təşkilatçılığı, Ədəbiyyat və İlahiyyat fakültələrinin iştirakı, rektorluğun dəstəyi ilə baş tutan səfərin məqsədi Universitetin müəllim-tələbə heyəti üçün Asif Hacıyev tərəfindən “Rus ədəbiyyatında Qurani Kərim” və “Çağdaş Azərbaycan və Rus ədəbiyyatı” mövzularında mühazirələrin aparılması  olub.

Səfər Asif Hacıyevin Universitetin prorektoru professor Karamehmet Yıldız ilə görüşü ilə başlayıb. Rus dili və ədəbiyyatı bölümünün müdiri professor Sevinc Üçgülün də iştirak etdiyi görüşdə Erciyes və Azərbaycan universitetlərinin əməkdaşlıq perspektivləri, birgə layihələrin icra olunması, Azərbaycan və rus ədəbiyyatının Türkiyədə öyrənilməsi və tərcüməsi məsələləri, eləcə də Erciyes və Azərbaycan universitetləri əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Görüşdən sonra İlahiyyat və Ədəbiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Universitetin “15 Temmuz Konqres Mərkəzi”ndə “Rus ədəbiyyatında Qurani-Kərim” mövzulu konfrans keçirilib. Universitetin prorektoru professor Karamehmet Yıldız, Ədəbiyyat fakültəsi dekanı professor Ali Aktan, İlahiyyat fakültəsi dekanı professor Temel Yeşilyurt, Rus dili və ədəbiyyatı bölümünün müdiri professor Sevinç Üçgülün iştirakı ilə keçirilən tədbirə Universitetin Ədəbiyyat və İlahiyyat fakültələrinin müəllim, doktorant, magistrant və tələbələrindən ibarət 400-ə yaxın iştirakçı qatılıb. Ədəbiyyat fakültəsi dekanı Ali Aktanın giriş sözü ilə açdığı tədbir Asif Hacıyevin geniş məruzəsi ilə davam edib. Məruzədə qədim dövrdən müasir mərhələyə qədər rus ədəbiyyatında Qurani-Kərimə,  İslam dəyərlərinə və müsəlmanlara münasibət, rus və türk xalqlarının mədəni-ədəbi əlaqələri, o cümlədən rus ədiblərinin Azərbaycan xalqına və mədəniyyətinə münasibəti, eləcə də Azərbaycan mədəniyyətinin rus və bir çox digər xalqların mədəniyyətinə təsiri şərh olunub, ədəbi əlaqələrin xalqların və mədəniyyətlərin dialoqunda rolu qeyd edilib.

Konfrans Universitetin prorektoru Karamehmet Yıldızın Azərbaycanlı alimə təşəkkürü və xatirə hədiyyəsinin təqdimatı, sonda isə Asif Hacıyevin Türkiyədə nəşr olunmuş “Rus Edebiyatında Kur’an-ı Kerim” kitabının imzalanması mərasimi ilə başa çatıb.  

Növbəti gün Universitetin Ədəbiyyat Fakültəsi Rus Dili və Ədəbiyyatı kafedrası tərəfindən fakültənin konfrans zalında təşkil olunmuş tədbirdə professor Asif Hacıyevin Çağdaş Azərbaycan və rus ədəbiyyatı haqqında geniş məruzəsi dinlənilib. Məruzədə postsovet məkanı ədəbiyyatında ortaq və özünəməxsus ədəbi meyillər, iki əsrin qovşağı və müstəqillik dövrü Azərbaycan və rus  ədəbi prosesi, bu dövr ədəbi yaradıcılığının məzmun və forma özəllikləri haqqında məlumat verilib, təhlil və müqayisələr aparılıb, tələbələrin sualları cavablandırılıb. 

Səfər çərçivəsində Türk ocaqları Kayseri şöbəsinin dəvəti ilə professor Asif Hacıyevin 1926-cı ildən fəaliyyət göstərən bu ictimai qurumun ofisində şəhər ziyalıları, müəllim və tələbələr qarşısında “Müstəqil Azərbaycanda multikulturalizm və ədəbiyyat” mövzusunda çıxışı da dinlənilib. Milli mədəniyyətimizdə və ədəbiyyatımızda zəngin tolerantlıq ənənələrinə toxunan  Asif Hacıyev multikulturalizm anlayışının müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində və Prezident İlham Əliyevin dövlətçilik siyasətində  mühüm yer tutduğunu vurğulayıb. Ölkəmizdə bütün xalqların və din mənsublarının hüquqlarının tam təmin edildiyi, yüksəliş yolunda olan müstəqil Azərbaycanın bir çox ölkələr üçün tolerantlıq, birgəyaşayış və multikulturallıq nümunəsi olduğu gerçək faktlarla dinləyicilərə çatdırılıb. 

Qeyd edək ki, 6 tələbə şəhərciyi, 63 minlik tələbə heyəti, 18 fakültə, 7 institut, 38 tədqiqat mərkəzi olan Erciyes Universiteti 1978-ci ildə fəaliyyətə başlayıb. Universitetin adı Kayseri şəhərinin yaxınlığında yerləşən Erciyes dağından gəlir.

 





12.03.2018    çap et  çap et