525.Az

Aydın Quliyev: “Seçkilər beynəlxalq standartlara uyğun keçiriləcək”


 

Aydın Quliyev: “Seçkilər beynəlxalq standartlara uyğun keçiriləcək”<b style="color:red"></b>

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev aprelin 11-nə təyin olunan prezident seçkiləriylə bağlı “525”ə müsahibə verib. 

- Azərbaycanda seçki mühitini necə qiymətləndirirsiniz?

- Prezident seçkilərinin şəffaf, demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Həm ictimai-siyasi mühit, həm də texniki təchizad baxımından seçkiyə hazırlığın yüksək səviyyədə olduğunu görmək mümkündür. Bu, onu deməyə əsas verir ki, seçkilər beynəlxalq standartlara tam uyğun şəkildə keçiriləcək. Həm seçki komissiyalarının fəaliyyəti, həm də müxtəlif qurumların, o cümlədən, medianın seçkilərə hazırlıq prosesində çox böyük aktivlik var. Seçki kampaniyası hələ başlamasa da, ictimaiyyət arasında da seçkiyə böyük maraq hiss olunur. Beynəlxalq təşkilatların müşahidəçi statusunda seçkilərdə iştirak etmək istəyi olduqca yüksəkdir. Fikrimcə, bu seçkilər əvvəlkilərdən həm ictimaiyyətin, həm iddialı siyasi dairələrin, həm də müşahidəçi statusunda beynəlxalq təşkilatların aktivliyi ilə fərqlənəcək.

- Bütün ölkələrdə mətbuat seçkilərin demokratik prinsiplər əsasında keçirilməsində mühüm tərəf kimi dəyərləndirilir. Necə düşünürsünüz, yerli media üzərinə düşən vəzifələrin öhdəsindən gələ biləcəkmi?

- Azərbaycan mediası seçki prosesiylə bağlı yüksək təcrübəyə malikdir. Bu təcrübə həm ötən illərdə mətbuatın seçkilərdə birbaşa iştirakı, həm də son 10 ildə Azərbaycan Mətbuat Şurası və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə seçki prosesində medianın rolu ilə bağlı keçirilən genişmiqyaslı konfranslar, maarifləndirici tədbirlər nəticəsində əldə olunub. Bu iki amilin təsiri altında mediamızın seçki prosesində fəaliyyətinin dövlətçilik prinsiplərinə və qüvvədə olan qanunvericilik normalarına uyğun olacağını gözləyirəm. Ümumiyyətlə, kütləvi informasiya vasitələrinin seçki prosesində rolu böyükdür. Seçicilərə öz hüquqlarının izah olunması, ölkədəki seçki mühitinin formalaşdırılması, ictimaiyyətin seçkilərdə aktiv iştirakının təmin edilməsi istiqamətində mətbuatın üzərinə ciddi vəzifələr düşür. Eyni zamanda, təbliğat-təşviqat prosesində media çox mühüm rol oynayır.

- Bəs ölkəmizin seçki təcrübəsini necə dəyərləndirirsiniz?

- Azərbaycanın seçki təcrübəsi olduqca yüksəkdir. Ölkəmiz sosial-iqtisadi sahədə nə qədər inkişaf edibsə, seçki təcrübəsi baxımından da bir o qədər irəliləyişə nail olub. Seçkilərin təşkil edilməsi, onun beynəlxalq standartlara uyğun keçirilməsi, seçki qanunvericiliyinin hazırlanmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəticəsində kifayət qədər müsbət dəyişiklər baş verib. Hazırda Azərbaycanın topladığı seçki təcrübəsi nəinki MDB məkanında, eləcə də dünyanın bir çox regionlarında örnək model kimi qəbul oluna bilər.

Ceyhun ABASOV

 





12.03.2018    çap et  çap et