525.Az

"Azərbaycanlı qadınların beynəlxalq əlaqələrinə yardımçı olmaqdan zövq alıram" - Foto


 

PEDAQOQ, TƏRCÜMƏÇİ ŞƏHLA NAĞIYEVA: "DAİMA ÖZÜNÜ İNKİŞAF ETDİRƏN QADIN HƏM DƏ SAVADLI ÖVLADLAR BÖYÜDƏR"

"Azərbaycanlı qadınların beynəlxalq əlaqələrinə yardımçı olmaqdan zövq alıram" - <b style="color:red">Foto</b>

Pedaqoq, tərcüməçi Şəhla Nağıyeva ziyalı ailəsində dünyaya gəlib. Valideynlərindən hər zaman elmə xüsusi hörmət görüb, ailəsində yaxşı oxumaq yaxşı yaşamağın zəmanəti kimi qəbul edilib.

Atası mühasib olub, anası evdar qadın, iki bacısı isə ingilis dili müəllimidir. Uşaqlıqdan qarşısına qoyduğu məqsədə doğru inamla irəliləyən, özünü həmişə zirvələrdə görən müsahibim hədəflərinə zəhməti bahasına nail olub. Jurnalist Müsəllim Həsənovla ailə quran Şəhla xanım həm də dəyərli övladlar yetişdirib. Oğlu Rəşad Avstraliyanın Viktoriya ştatında Maliyyə Nazirliyində çalışır, böyük qızı Xəyalə iqtisadçıdır, Lüksemburqda yaşayır. Kiçik qızı Günay hazırda Romada moda-dizaynerlik üzrə təcrübə keçir. Uğurlu karyeraya malik həmsöhbətimin həyat yolu bir çox gənc xanımlara örnək ola bilər. 

- Şəhla xanım, niyə bu ixtisası seçdiniz?

- O vaxt kənd orta məktəblərində ingilis dili fənni ya heç tədris olunmurdu, ya da çox zəif keçirilirdi. Mənim təhsil aldığım məktəbdə də kadr çatışmazlığı ucbatından bu fənn keçilmədi və attestatıma qiymət yazılmadı. Hüquqşünas olmaq arzusunda olsam da, imtahana təxminən bir ay qalmış qərarımı dəyişdim. Təsadüfən əlimə keçən "Azərbaycan qadını" jurnalının üz qabığında o vaxtkı Xarici Dillər İnstitutunun rektoru Zemfira Verdiyevanın şəklini gördüm, müsahibəsini oxudum. Həmin an məndə o xanıma qarşı bir qibtə hissi yarandı. Xarici Dillər İnstitutuna qəbul olunmaq qərarına gəldim. Bundan xəbər tutanlar təəccübləndilər, fikrimdən daşındırmağa da çalışdılar. Həmin instituta sənədlərimi təqdim etməyim üçün attestatımda ingilis dili fənnindən qiymətimin olmadığını irad tutdular. Mənsə fikrimdə qəti idim, instituta müraciət etdim, şifahi müsahibədə cavabım və orta məktəbdə ictimai fəallığım nəzərə alınmaqla qəbul olundum, hətta qrup nümayəndəsi də seçildim.

- Bəs necə oldu ki, universitetdə işə başladınız?

- Tələbə vaxtı ədəbiyyata böyük həvəsim var idi, arabir şeirlər yazırdım. Eyni zamanda, universitetdə ədəbiyyat dərnəkləri ilə maraqlanırdım. Həmin vaxt tanınmış pedaqoq İsmixan Rəhimov dərnək yaratmışdı. Tərcümələrimi oxuyanda hədsiz bəyəndiyini bildirdi. O, hər dəfə auditoriyaya daxil olanda ən azı 5-6 dəqiqə mənim tərcümələrim barədə yüksək fikirlər söyləyər, tərifləyərdi. Bu, özümə olan inam hissini daha da artırırdı. Təyinatımı müəllim kimi kəndə alsam da, İsmixan müəllim mənə qayıtmağı tövsiyə etmişdi. İki il kənddə müəllim işlədikdən sonra Şəmkir rayon komsomol komitəsində - o vaxt belə bir qurum da var idi, - çalışdım. Daha sonra ailə həyatı qurub Bakıya qayıtdım və 4 il işləmədim.

- Uzun müddət ingilis dilindən kənar düşmək bu dili sizə unutdurmadı ki?

- Demək olar ki, yadımdan çıxmışdı. Sadə cümlələri belə tərcümə edə bilmirdim və çox utanırdım. Bununla barışmayaraq gecə-gündüz biliklərimi bərpa etmək üçün çalışdım və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (APXDİ) saathesabı müəllim kimi işə qəbul edildim. Eyni vaxtda Xəzər Universitetində də dərslər apardım.

- Amerika Birləşmiş Ştatlarında uzun müddət elmi tədqiqatla məşğul olmusunuz. Bu səfərin tarixçəsinə də nəzər salardınız...

- Xəzər Universitetində işə yeni başlayan vaxt Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" şerini yarım saata qafiyə ilə ingilis dilinə çevirdim və oxudum, özümün də xoşuma gəldi. Şeiri universitetdə Bəxtiyar Vahabzadə ilə keçirilən görüşdə səsləndirdim və  dinləyənlərə də xoş təsir bağışladı. Ondan sonra fikirləşdim ki, görəsən, bu şeir amerikalıya necə təsir edər? Beləliklə, bu məsələni Amerika universitetlərində tədqiq etmək qərarına gəldim. Fulbrayt proqramının olduğundan xəbər tutdum və müsabiqədə iştirak edərək qalib oldum. Şimali Karolina Universitetində 6 ay elmi-tədqiqat işləri apardım. Qayıtdıqdan sonra bədii kitab tərcüməsinin nəzəriyyəsinə dair kitab yazdım, hazırda həmin kitab universitetdə dərslik kimi istifadə olunur.

- Həmin vaxt ailəli idiniz, üç övladınız var idi. Altı ay onlardan ayrı qalmaq, yəqin ki, asan olmayıb...

- Təbii ki, ailəli qadın olaraq uşaqlara görə məsuliyyət daşıyırdım, yoldaşım isə ənənəvi Azərbaycan kişisi kimi mənim bu istəyimi müsbət qarşılamırdı. Əslində, mən özüm də adıçəkilən proqrama ailəmlə qatılmaq imkanım olduğu üçün müraciət etmişdim və qəbul edilmişdim. Sadəcə son anda bizim immiqrasiya edə biləcəyimizdən ehtiyatlanıb ailə üzvlərimizin getməsinə icazə vermədilər.

- Buna baxmayaraq siz tək getdiniz...

- Getdim, çünki ailəm mənə dəstək oldu, rayondan uşaqlara baxmaq üçün qohumlarımız gəldilər. Amma razılaşdıq ki, mən oraya çatan kimi yoldaşımın da gəlməsi üçün müraciət edəcəyəm. Elə də oldu, orada mənim fəallığım sayəsində səfirliyə təsir etdilər və tezliklə yoldaşım da gəldi. Biz həmin müddət ərzində Amerika həyatından bəhs edən 11 sənədli film çəkdik. "Adi və qeyri-adi Amerika" adı altında Amerikada təhsil, səhiyyə, dini tolerantlıq, sadə amerikalının həyatı və digər mövzularda çəkilən filmlər "Lider" televiziyasında nümayiş olundu, sonra eyni adlı kitab nəşr etdirdik. O kitabı oxuyanlar Amerikaya gedəndə "mədəniyyət şoku" yaşamırlar, çünki ilk dəfə Amerikaya gedən qarşılaşa biləcəyi bütün çətinliklər burada öz əksini tapıb. Təcrübəmi artırmaq üçün ikinci dəfə də həmin proqrama müraciət etdim. Yenidən 4 ay Amerikada oldum, şairlərlə görüşdüm, elmi məqalələr dərc etdirdim, yoldaşımla birlikdə daha 9 film çəkdik.

-  Heç nə vaxtsa xaricə köçüb orada yaşamaq barədə düşünmüsünüzmü?

- Mən ölkəmi heç bir yerə dəyişmərəm. Ümumiyyətlə, xaricə, yad mühitə uyğunlaşmaqda çətinlik çəkirəm. Vətən həsrəti çəkdiyimdən Amerikadan qayıdanda 8 kilo arıqlamışdım.

-  "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyini yaratmağa necə qərar verdiniz?

-  2003-cü ildə Amerikada olarkən ölkəmiz haqqında amerikalıların elementar bilikləri olmaması bizi bu barədə düşünməyə məcbur etdi. Vətənə qayıdan kimi mədəniyyətlərarası körpü yaratmaq məqsədilə ictimai birlik yaratmaq qərarına gəldik və təşkilat 2004-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alındı. Daha sonra Amerikada, Avstraliyada, İtaliyada, Luksemburqda, Macarıstanda və bir çox ölkələrdə "Qarabağ rəngləri" adı altında qadın rəssamların sərgilərini təşkil etdik. UNESCO-nun qrantı ilə 2008-ci ildə "Azərbaycan dilinin xəzinəsi" adı altında Azərbaycan dilindən altı dilə (ingilis, alman, rus, fransız, ərəb və fars) və əksinə edilən tərcümə əsərlərinin biblioqrafik məlumat bazasını yaradaraq  www.translit.az vebsaytına yerləşdirdik.  Bundan başqa, "Müasir Azərbaycan qadın ədəbiyyatı ingilis dilində", "Klassik Azərbaycan qadın poeziyası ingilis dilində" adlı antologiyaları nəşr etdirərək dünya ədəbiyyatının zənginləşməsinə öz töhfəmizi vermişik.

- Maraqlıdır, müəllim, tərcüməçi kimi, yoxsa ictimai fəailliyyətlə məşğul olanda özünüzü daha yaxşı hiss edirsiniz?

- Müəllimliyi sevərək edirəm, tərcümə fəaliyyətimdən zövq alıram. Rəhbərlik etdiyim təşkilatı isə 4-cü övladım kimi qəbul edirəm. Azərbaycanlı qadınları bir araya toplamaqdan, onların beynəlxalq əlaqələrinə yardımçı olmaqdan, kitablarının, əsərlərinin çap olunmasına dəstək olmaqdan zövq alıram.

-  Tərcümə üzrə təhsili almayan, amma bu peşəyə marağı olanlara necə başlamalarını tövsiyə edərdiniz?

- Əvvəlcə bədii tərcümə etməyin nəzəri əsaslarını öyrənməlidirlər. Azərbaycan Dillər Universitetinin mütəxəssislərinin bu sahədə böyük xidmətləri vardır.  İsmixan Rəhimov, Zeydulla Ağayev, Ənvər Rza, Vilayət Hacıyev, Şahin Xəlilli, Çərkəz Qurbanlı, Sabir Mustafa, Qılıncxan Bayramov, Yusif Savalan və başqalarının adını çəkmək istərdim. Onlar tərcümə məsələlərinə dair çox faydalı tədqiqatlar aparıb, elmi vəsaitlər hazırlayıblar. Bu sahədə bizim hazırladığımız "Bədii tərcümə: nəzəriyyə və praktika", "Poeziya tərcüməsinin bəzi məsələləri" kitabları da faydalı ola bilər. Bədii tərcüməyə maraq göstərənlər təşkilatımızın www.sonmazmashal.com, www.translit.az  saytlarından da kifayət qədər yararlana bilərlər.

-  Bəzən deyirlər ki, hər hansı xarici dili öyrənmək üçün mütləq həmin ölkədə yaşamaq lazımdır....

-  Bu fikirlə razı deyiləm, biz dünyanı artıq Azərbaycana gətirmişik. Televiziya, "Youtube" kanalları bizə çox imkanlar verir. Xaricə getməklə bu iş həll olunmur. Azərbaycanlı tanıyıram ki, illərlə Amerikada yaşasa da, ingiliscə danışa bilmir. İngilis yazıçılarının əsərlərini sadələşdirmiş formada çap etmişik, ingilis dilini öyrənmək üçün onları oxuya bilərlər, filmlərə baxmaq, musiqi dinləmək və s. hamısı kömək edə bilər. Yəni vurğulamaq istəyirəm ki, insan xaricdə yaşamadan, hazırlıqlara pul vermədən, ev şəraitində də öyrənə bilər. Sadəcə bizdə bir az tənbəllik var.

- Amerikanın təhsil mühiti ilə tanışsınız, azərbaycanlı tələbələrlə amerikalı tələbələri müqayisə edə bilərsinizmi?

-  Bizdə bir çox hallarda oxu, təhsildən danışma, yanaşma, dərsdə özünü aparmaq mədəniyyəti axsayır. Azərbaycanda auditoriyaya daxil olanda ilk olaraq, "salam, sakit olun və əyləşin" deməyə məcbur olurdum. Amma Amerikada auditoriyada ilk dəfə dərsə girəndə eyni sözləri demək istədim, yaxşı ki, deməmişəm. Belə desəydim, onları təhqir etmiş olardım.

- Bu işdə müəllimlərin yol verdiyi müəyyən qüsurlar da rol oynayır yəqin...

- Bilirsiniz, müəllim işini sevməli və fənninin incəliklərinə dərindən bələd olmalıdır. Yalnız bu halda auditoriyada olan çətinliklərin öhdəsindən gəlmək mümkündür. Əks halda, qarşı tərəf müəllimin zəifliyindən yararlana bilər. Mən bu günə qədər də hər axşam növbəti dərsə hazırlaşıram. Əgər hazırlıqsız olsam, auditoriyaya girə bilmərəm, dünən dediyim mühazirəni bu gün də təkrar etsəm, geridə qalmış olaram.

-  Azərbayacanda yaradıcı qadınlar çoxdurmu?

-  Bəli, ancaq yaradıcı qadınlar çox olsalar da, onları bir araya toplamaq imkanı məhduddur. Çox şadam ki, biz bunu reallaşdıra bilirik. Xanımlarımızın şeirlərini tərcümə edərək "World Literature Today" jurnalında çap etdirməyimiz böyük uğurdur. Məsələn, sonuncu dəfə "Azərbaycan qadını yaradır" adı altında layihə həyata keçirmişik və 18 rəssam, 18 yazıçı xanımın əsərlərindən ibarət kitab nəşr etdirmişik.

- Bəziləri hələ də "qadın işləməməlidir", "onun əsas işi mətbəxdir" kimi fikirlər səsləndirirlər...

- Məncə, son illər bu dəyərlər dəyişib. İndi ailə həyatı quranda qarşı tərəfin də sənətinin olmasını və ailəyə maddi dəstək verməsini istəyirlər. Daima özünü inkişaf etdirən qadın həm də savadlı övladlar böyüdər. Ana yalnız mətbəxlə kifayətlənsə, ondan uşaqlar heç nə götürməyəcək, tərbiyə də düzgün istiqamətdə getməyəcək. Ananı mətbəxə həbs edənlər, özləri də bilmədən, uşaqların gələcəkdə daha uğurlu şəxsiyyətə çevrilmək imkanlarını əllərindən almış olurlar.

- Karyeranıza daha çox zaman ayırmağınız, ailə həyatınıza, o cümlədən, övladlarınızın həyatına necə təsir edib? Yəni mənfi və müsbət tərəfdən necə təhlil edə bilərsiniz?

- 30 ildən artıqdır ki, ailə həyatı qurmuşam. Ailə hər zaman karyeradan öndə olub və mən karyeramın uşaqlarımızın gələcəyi üçün lazım olduğunu fikirləşmişəm. Düşünürdüm ki, evdar qadın olub, savadımı artırmasam, uşaqlarım üçün də istədiyim həyatı təmin edə bilmərəm. Ona görə də, uşaqları böyütməklə yanaşı, Xəzər və Dillər universitetlərində çalışdım, artıq onlar məktəbli yaşlarına çatanda ABŞ-da kurslar keçdim, dissertasiya yazdım, müdafiə etdim. İşlədiyim yerdə amerikalı görəndə onu evə dəvət edirdim, uşaqlarla ünsiyyətlərinə şərait yaradırdım. Düzdür, onları qarşımda oturdub dərslərini hazırlamağa yardımçı olmasam da, ev işləri etdiyim vaxt dərslərini də soruşurdum, gündəliklərinə hər axşam baxmağa imkan tapırdım, hər zaman istiqamət verirdim, nəzarətdə saxlayırdım. Ümumiyyətlə, mən hər gün onların gündəliklərini yoxlayırdım, həftəsonu isə yoldaşımla bərabər belə desək, evdə komissiya təşkil edirdik, həftə ərzində təhsil və nizam-intizamda uğurlu olana sonda kiçik məbləğ də olsa pul mükafatı verirdik. Bu isə onlara bir növ stimul olurdu. Mən həmişə cəmiyyətdə yaşadığım təcrübəni uşaqlarımla paylaşmışam, onlara tez-tez Qurandan surələr oxumuşam, izah etmişəm, nümunəvi həyat üçün öyüd-nəsihət vermişəm.

- Şəhla xanım üçün həyatda nəyi itirmək ən qorxuludur?

- Ümumiyyətlə, mən itirmək sözündən çox qorxuram. Həyatımın müxtəlif anlarında ən yaxınlarımı itirmişəm, ümid edirəm ki, bundan sonra vaxtsız itkilər hər birimizdən uzaq olar. Mənim üçün mənəvi itki isə inamın, etibarın itirilməsidir. Ən önəmlisi də ailədə inamın itirilməsidir. Qarşılıqlı inam olan ailələrin sütunu isə çox möhkəm olur. Öz növbəmdə bunu qorumaq üçün əlimdən gələni etmişəm.

- Ailə qayğıları, daim öyrənmək, işləmək, ictimai fəallıq... Bütün bunlar sizi yormurmu?

- Bu, taledir, qismətdir. Allahdan gələn hər bir şeyi qəbul edirik, şükür edirik hər günümüzə. Çoxları bu mövqedə olmaq istəyər. İnanın ki, mən nə qədər çox məşğul oluramsa, bir o qədər istirahət edirəm. Əksinə, boşluq olanda sıxılıram. Bəlkə də, həyat özü məni belə tərbiyə edib. Yaradıcılıq işləri, QHT-dəki fəaliyyətim, tələbələrə dərs deməyim, ailə ortamında olan diskussiyalar, açıq havada yaxın dostlarla gəzinti -  bütün bunlar mənim enerjimi daha da artırır. Allahdan yaşadığım müddətdə hər zaman belə fəal həyat tərzi keçirməyimi arzulayıram.

-  Bəzən eqo insana yaşamağa imkan vermir. Yəni zamanında gülə, zamanında ağlaya bilmirsən. Daim eqolarını doyurmağa çalışırsan. Sizcə, insan eqosuna necə qalib gələ bilər?

- Məncə, eqo gözəl şeydir və düşünürəm ki, mənim özümdə də yetərincə var. İnsana eqo dərəcəsində lazımdır. Lakin eqo hər şeydən yuxarıda olsa, səni nə ətraf başa düşəcək, nə də inkişaf edəcəksən. Beləliklə, cəmiyyətdə lazımsız bir adama çevriləcəksən. İnsan öz zəif tərəflərini görməyi bacarmalıdır.

-  Hədəfə gedən yolda haqsızlıqlar da olur. Onlarla necə mübarizə aparmısınız?

- Mənim Allaha çox böyük inamım var. Əminəm ki, Allah düz yol gedənlərə hər hansı bir işıq göstərir. Sadəcə o işığı görmək lazımdır.

-  Bağışlamağı bacarırsınızmı?

- Çox bağışlayan olsam da, mənə yaxın olan, məsləhət istəyən, amma sonra o məsləhətə əməl etməyən, üst-üstə pislik etməyə davam edənləri bağışlaya bilmirəm. Çünki yalanı sevmirəm.

- Həyatda ən böyük dəstəyi kimdən almısınız?

- Həyat yoldaşım Müsəllim Həsənovdan. O, mənim bütün yazdıqlarımın redaktoru olub.

- Sonda həyatda uğur qazanmaq istəyənlərə məsləhətiniz...

- Qarşıya qoyulan məqsəd və halal zəhmət çox önəmlidir. Atalarımız yaxşı deyib ki, işləməyən dişləməz. İngilis dilində də bunun qarşılığı belədir: "no pain, no gain", yəni zəhmət çəkmədən qazanc əldə etmək mümkün deyil. Odur ki, hər kəsə halal zəhmətlə məqsədlərinə çatmağı arzulayıram.

Anzulə ƏMİROVA

 





13.03.2018    çap et  çap et