525.Az

Bahar Muradova: "Azərbaycanın seçki təcrübəsi artıb"


 

Bahar Muradova: "Azərbaycanın seçki təcrübəsi artıb"<b style="color:red"></b>

Milli Məclisin sədr müavini Bahar Muradova aprelin 11-nə təyin olunan Prezident seçkilərinə hazırlıq prosesi ilə bağlı "525"ə müsahibə verib.

- Bahar xanım, Azərbaycanda seçkilərə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Prezident seçkilərinə hazırlıq prosesi Seçki Məcəlləsi və Konstitusiyanın müəyyən olunmuş qaydalarına uyğun şəkildə həyata keçirilir. İndi seçkiyə hazırlığın çox fəal fazasındayıq. Artıq bir sıra siyasi partiyalar öz namizədlərini müəyyənləşdirib, irəli sürüblər. Hətta bəzi namizədlərin imzatoplama kampaniyası başa çatıb və onların Prezident seçkilərində iştirakı Mərkəzi Seçki Komissiyası tərəfindən qeyda alınıb. Prezidentliyə öz iddialarını ortaya qoyan şəxslərin həm mərkəzi, həm də aşağı seçki komissiyalarındakı nümayəndələrinin səlahiyyətləri daxilində vəzifələrini icra etmələri üçün qanunla müəyyən olunmuş şərait yaradılıb. Müşahidələrimə görə, seçkiyə hazırlıq dövrü ərzində görülən işlər və onun nəticələri, öz hüququndan istifadə edərək seçkilərdə namizəd kimi iştirak edən şəxslərin, eləcə də cəmiyyətin ən müxtəlif təbəqələrindən olan insanların bu prosesə müsbət münasibəti qanunun müddəalarının tam şəkildə yerinə yetirildiyini deməyə əsas verir. Hər kəs yaradılmış şəraitə uyğun olaraq seçmək və seçilmək hüququndan istifadə edə bilir.

- Mövcud ictimai-siyasi ab-hava seçkilərin sabit şəraitdə keçirilməsinə imkan verəcəkmi?

- Azərbaycandakı seçki administrasiyası vəzifəsini uğurla yerinə yetirməsi üçün qanunun bütün gücündən və öz səlahiyyətlərindən istifadə etməkdədir. Bu mənada, Mərkəzi Seçki Komissiyasının hazırlığı baxımından heç bir problem görmürəm. Bu barədə kiminsə fikrinə də rast gəlməmişəm. Xüsusilə, seçkiləri müşahidə etmək məsələsi, "Exit-poll"ların keçirilməsi, vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələrinin bu prosesə geniş şəkildə cəlb olunması, eləcə də mətbuatın seçkiləri yüksək səviyyədə işıqlandırması üçün jurnalistlərin fəaliyyətinə lazımi şəraitin yaradılmasıyla bağlı ciddi addımlar atılıb və atılacaq. Çünki seçkilərin işıqlandırılması, hazırlıq prosesiylə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasında medianın üzərinə böyük vəzifələr düşür.

- Beynəlxalq təşkilatların ölkəmizdəki seçkilərə marağı hansı səviyyədədir?

- Seçkilərdə müşahidəçi statusunda iştirak etmələri üçün beynəlxalq təşkilatlara həm müvafiq hökumət qurumları, həm də parlament tərəfindən rəsmi müraciətlər edilib, dəvətlər göndərilib. Avropa Şurasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bu məsələyə münasibəti ortadadır. Onlar seçkilərdə müşahidəçi statusunda təmsil olunmaq barədə qərar qəbul ediblər. Artıq uzunmüddətli müşahidə missiyalarının rəhbər şəxsləri və nümayəndələri də Bakıya gəlməkdədirlər.

- Bəs, ölkəmizin seçki təcrübəsini necə dəyərləndirirsiniz?

- Azərbaycanda qanunvericilik təkmilləşib, ölkəmizin seçki təcrübəsi artıb. Bu təcrübə öz sözünü deməkdədir. Seçkiylə bağlı nigaranlıq doğuran məqamların olmaması onu deməyə əsas verir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, ümumxalq səsverməsi keçirilməsi, seçkiyə hazırlıq işlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil edilməsi məsələlərində də ciddi irəliləyişlər var. Bütün bu amillər ölkəmizdə seçkilərin sabit, demokratik şəraitdə keçirilməsini şərtləndirir.

Ceyhun ABASOV

 





13.03.2018    çap et  çap et