525.Az

Adil Qasımlının şeirləri


 

Adil Qasımlının <b style="color:red">şeirləri </b>

Müasir poeziyamızda öz poetik səsi, orijinal deyim tərzilə seçilən Adil Qasımlı ədəbiyyatımızın 60-cı illər ədəbi nəslinə mənsub olan şairlərdəndir.

Şeirləri ilə müntəzəm olaraq respublika qəzet və jurnallarında çıxış edən şairin "Pıçıltılar" adlı ilk kitabı 1969-cu ildə işıq üzü görüb. Hələ ilk poetik nümunələrindən oxucu və ədəbi tənqidin nəzər-diqqətini çəkən şairin sonrakı illərdə çap olunan "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm" kitablarını, Azərbaycan radiosunda dinləyicilərə təqdim edilən "Cəsarət" və "Yaşıl obanın nağılları" poemalarını, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulan "Aylı gecənin qaranlığında" pyesini oxucular, dinləyici və tamaşaçılar məhəbbətlə qarşılayıblar, ədəbi tənqid yüksək qiymətləndirib. Şairin bir sıra şeirləri xarici ölkələrin ədəbi mətbuatında çap edilib.

80 yaşı tamam olan şairi bu münasibətlə təbrik edir, şeirlərindən nümunələri oxucuların diqqətinə çatdırırıq.

Adil QASIMLI

İMTAHAN

İnsan doğulanda ağlayır nədən?
Olmaya anlayır o, nəyə gəlir?-
Bilir, doğulandan ta ölənəcən
Hər şeydən imtahan verməyə gəlir.

Bu dünya nəhəng bir imtahan zalı,
Qarşıda suallar qalaq-qalaqdır.
Kimlərsə yığacaq ən yüksək balı,
Kimlərsə sınaqdan çıxmayacaqdır.

İmtahan qorxusu ötməz canından,
İşlər iliyinə, işlər qanına.
Çıxdınmı məhəbbət imtahanından,
Hazırlaş ailə imtahanına!

Bilinməz hesabı, bilinməz sanı,
Birisi bitməmiş birisi başlar.
Sınaqlarda keçər ömrün hər anı,
Daim həyəcanlar...daim təlaşlar...

Heç də öyünməsin ədalətilə,
Dünyanın işini nə bilmək olar.
Ən doğru cavabı verəndə belə
     kəsilmək olar.
Bəzən yanılarsan, bəzən çaşarsan,
Ağla sığmayanlar ürəyə gələr.
Elə suallarla qarşılaşarsan
Nə bilik, nə ağıl köməyə gələr.

Cavab tapmayanı qınamaq olmaz,
Sual anlaşılmaz, sual dərindir.
Adamlar bir yana, düşünsən bir az,
Ən çətin imtahan ölkələrindir.

Sual var, cavabı bəllidir az-çox,
Sual var, cavabsız, qıfıllı bir sirr.
Belə sualların cavabı söz yox,
Alovla, atəşlə verilməlidir.

Nahaq üz-gözündən qüssə-qəm yağır
Keçməyəndə bilik imtahanından.
İnsana ağırdır, ağırdan ağır
Kəsilmək kişilik imtahanından.

Bu dünya nəhəng bir imtahan zalı,
Qarşıda suallar qalaq-qalaqdır.
Cəsurlar yığacaq ən yüksək balı,
Acizlər bu testdən çıxmayacaqdır.

GƏLİB-GƏLİB AXIRDA...

Yol aldım yol yanınca, bəlkə yola yol qoşam,
Bir də baxıb gördüm ki, qabağımda yol qoşa.
Bu yollar ayrıcında indi çaşıb qalmışam,
Gəlib-gəlib axırda gör harda axşamladım.
Baxt başıma əl çəkdi, Araz boyuna düşdüm,
Canımdan can ayrıldı, canım hayına düşdüm.
Bu qarışıq zamanda əcəb oyuna düşdüm,
Gəlib-gəlib axırda gör harda axşamladım.
Bu su elə bulanıb durulmasından keçib,
Xeyirin də arğacı, Şər ilməsindən keçib.
Puç ümidin bar tutub dərilməsindən keçib,
Gəlib-gəlib axırda gör harda axşamladım.
Tale oyun oynadı, sirri düyündə qoydu,
Çoxlarını çaşdırıb, əli üzündə qoydu.
Məcnun baxtım məni də Leyli düzündə qoydu,
Gəlib-gəlib axırda gör harda axşamladım.
Canı yanan mində bir, zalım yüz-yüz, zalım çox,
Dilbilməzlər yanında söz deməyə dilim yox.
Önüm dağa dirənib, geriyə də yolum yox,
Gəlib-gəlib axırda gör harda axşamladım.

ƏKMƏ O AĞACI

Demişdim bu bağa axtar, tac gətir,
Nədir gətirdiyin o ağac, nədir?
Qayına, küknara ehtiyac nədir?!
Əkmə o ağacı, bu bağa əkmə!
Əkilsə ağzına alacaq bağı,
İynəyə dönəcək iynə yarpağı.
Hayıfdı, zay etmə sən bu torpağı,
Əkmə o ağacı, bu bağa əkmə!
Bir də görəcəksən qalxdı, qalxdı o,
Ucalıb, bu bağa üstdən baxdı o.
Özgə çəpərlərdən aşacaqdı o,
Əkmə o ağacı, bu bağa əkmə!
Hardan çıxarılıb, zatı nə olar?
Meşə ağacıdı, odunu olar.
Bar versə, barının adı nə olar?
Əkmə o ağacı, bu bağa əkmə!
Gətir, bu baxçanın tacı nar olsun,
Gətir, gilənara bacı nar olsun.
Nar bağı küknarla niyə dar olsun?!
Əkmə o ağacı, bu bağa əkmə!

VAHİMƏLİ GECƏ

Zülmət deşir gözlərimi,
Gözümdən yaş çıxarır.
Bu gecə şeytan şərimi?
Mən necə baş çıxarım?..
Oyaq tək oyaq deyiləm,
Yuxulu tək yuxulu.
Kölgələr gəlir üstümə
Vahiməli, qorxulu.
Zəncirini qırır köpək
Hikkəsindən, hovundan.
Az qalır bağrım yarıla
Bu gecənin xofundan. 
Harda itib, çənmi udub,
Nə olubdu Ayına?
Haray çəksəm tapılarmı
Bir hay verən hayıma?
Tərsinəmi çevrilibdi
Göydə ulduz tabağı?..
Artır zülmət... görünməyir
Bu gecənin sabahı...

GÖRƏRSƏN MƏNİ

Ölüm dedikləri yalandır, yalan,
Əbədi yaşayır xatirə olan.
Yad etsən nə zaman, düşünsən haçan
O anda yanında görərsən məni.
Elə fərqi yoxdur heç uzağın da
Əgər yerim varsa qəlb otağında.
Şərt deyil ki, duram göz qabağında,
Ruhunda, canında görərsən məni.
Yaxının çox olar ad günlərində,
Xoşbəxt çağlarında, düyünlərində
Gözə dəyməsəm də şad günlərində,
Kədərli anında görərsən məni.
Necə dəyişmişəm, necə, bilməzsən,
Quşdan, kəpənəkdən seçə bilməzsən.
Kənardan keçəndə gerçək bilməzsən,
Ovcuna qonanda görərsən məni.
Darıxma, getsəm də yenə dönərəm,
Dumana dönərəm, çənə dönərəm,
Dünyanı dolaşıb sənə dönərəm,
Qar, yağış donunda görərsən məni.

ÖLÜMÜMƏ İNANMAYIN

Ölümümə inanmayın
Çiyninizdə qəbristana getsəm belə.
Əlinizlə endirilsəm
 qəbrə belə.
İnanmayın zərrə belə!
Mən heç zaman ölməyəcəm.
İnanmasaz, açın, baxın,
Mən qəbrdə olmayacam.
Doğulmadım bu dünyaya
  hər hökm ilə barışmağa.
Doğulmadım
   torpaq olub torpaqlara qarışmağa.
Doğulmuşam dağ titrədən
 gur səs kimi,
                      səda kimi!
Atəş dolu hər cümlədə
 vurğu kimi,
  nida kimi!
Addım-addım
 addım atdım
qaranlıqda
 şəfəq kimi parlamağa.
İşığımı ürəklərə paylamağa.
Olmayıbdı mənim üçün
yaşamağın ayrı yolu.
Mənim yolum haqq yoludur,-
Mənim yolum tanrı yolu.
Bir əbədi sevdamız var
  tanrı ilə.
Qar üstündə güllər açar
  nəfəsimin hənri ilə.
Ölüm məni necə tapar,
  necə toplar?!
Dönüb narın zərrələrə
Səpələnmişəm hər yerə.
Yaxın desən, yaxındayam,
Uzaq desən, uzaqda.
Bir ayağım bu dağdadır,
Bir ayağım o dağda.
Yerdə dənizin dibinə,
Göydə günə
 yetər əlim.
Neylər mənə, neylər ölüm?!.
Unutmayın bunu heç vaxt,
Mənim yeni yaşamım
Dəfnimdən sonra başlayacaq.
Biz ayrılmayacağıq
   bir an da.
Yanınızda olacağam hər yanda.-
Aranda, 
                 dağda...
Sabah-sabah bağda
Yarpağa dönüb
     yellənəcəyəm budaqlarda
  küləklərlə öpüşə-öpüşə.
Gecələr
       gözünüzə yuxu gedəndə
Gələcəyəm sizinlə görüşə.
Sizsiz olmayacaq
  bircə anım.
Necə ayrı ola bilərik biz, axı,
Siz deyilmisiniz
 ruhum,
  canım?!.

ZƏNN ELƏ, YANINDAYAM

Gecə keçib gecədən,
Yer-göy dərin uyğuda.
Təkcə səndən savayı
Hər şey şirin yuxuda.
Nə olub, canım-gözüm,
Nə qaçırıb yuxunu?
Yoxsa, hansısa sözüm
Ürəyinə toxunub?
Əgər belə olubsa,
Yüz yol üzr diləyim.
Bəs, nə sıxır, qəhr edir,
Səni üzür, mələyim?...
Qoru böyüklüyünü,
Pisliyi salma yada.
Xatırla, sevinməyə
Nələrsə var dünyada.
Zənn elə başın altda
Yenə də qollarımdı.
Saçlarını oxşayan
Geri dönən yarındı.
Yat hər gün nəfəsimi
Yanında duya-duya.
Gecə gördüklərini
Səhərlər danış suya.

 





13.03.2018    çap et  çap et