525.Az

Dillər Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində silsilə tədbirlər


 

Dillər Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində silsilə tədbirlər <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində silsilə tədbirlər keçirilir.

ADU-da ilik tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, görkəmli dövlət xadimi, hüquqşünas, jurnalist Əlimərdan bəy Topçubaşovun anım gününə həsr olunub.

Tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aida Yusifzadə Ə.Topçubaşov haqqında qısa məlumat verib.

ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi “Topçubaşov siyasi xadim və diplomat kimi” mövzusunda məruzə ilə çıxış edərək onun siyasi fəaliyyətinin, həyat və yaradıcılığının mühüm məqamları haqqında geniş məlumat verib. O, Ə.Topçubaşovun Azərbaycançılıq ideologiyasının formalaşmasında, AXC-nin de-fakto tanınmasında böyük əməyinin olduğunu vurğulayıb. S.Rüstəmova-Tohidi daha sonra tələbə və müəllim heyətinin suallarını cavablandırıb.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Auditoriya+ proqramı çərçivəsində silsilə şəkildə təşkil edilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq tarixi mövzularda tədbirlərin keçirilməsinin vacibliyindən danışıb: “Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təqdim etdiyi mövzu həm tələbələr, həm də mənim tərəfimdən maraqla qarşılandı. Bu cür mövzuların tələbələrdə maraq oyatmasını çox müsbət dəyərləndirirəm. Bu gün burada müzakirə olunan mövzu tarixi və siyasi əhəmiyyət daşıyır. Bir tələbə burada o vaxtkı hökümətin, parlamentin etnik tərkibi haqqında sual verdi. Maraqlı sual idi, diqqətimi çəkdi. Bu sualla bağlı bir vacib məqamı qeyd etmək istəyirəm ki, Azərbaycanda həmişə multikultural mühit olub. Təsadüfi deyil ki, bizim görkəmli ictimai-siyasi xadimlərimizin, yaradıcı insanlarımızın yazılarında həmişə multikultural dəyərlərin qorunmasının vacibliyi haqqında qeydlərə rast gəlirik. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir, multikultural dəyərlərin qorunması istiqamətində çox ciddi addımlar atır. Ötən il də, bildiyiniz kimi, “Multikulturalizm İli” elan edilmişdi. Burada bir məqamı da qeyd etmək istəyirəm. Bu tədbirin Ulu öndər Heydər Əliyev muzey-lektoriyasında keçirilməsi, mənə elə gəlir ki, təsadüfi deyil və xüsusi əhəmiyyəti var. Ulu öndər Cümhuriyyət ideyalarını ən yüksək səviyyədə həyata keçirmiş dahi şəxsiyyətdir”.

ADU-da Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda da tədbir keçirilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev 1918-ci ilin Azərbaycan xalqının tarixində yaddaqalan hadisələrlə zəngin olduğunu bildirib. Məhz həmin ilin 28 may tarixində Şərqdə ilk demokratik respublikanın yarandığını xatırladan professor bunu bütün Şərq xalqlarının həyatında ictimai-siyasi hadisə kimi xarakterizə edib. Professor əlavə edib ki, Xalq Cümhuriyyətinin yaranması bütün Şərqə sübut etdi ki, xalq əsarətdə olmasa, güclü inkişafa nail ola bilər. A.Babayev daha sonra AXC dövründə dil siyasəti və təhsil sahəsindəki islahatlar barədə danışıb, ana dilimiz haqqında verilən qərarlar və onların əhəmiyyətindən söz açıb.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov bildirib ki, AXC 23 aylıq hakimiyyəti dövründə bir çox ciddi qərarlar qəbul edib ki, bunlara nümunə olaraq Azərbaycan (türk) dilinin dövlət dili kimi qəbul edilməsi, Darülfunun (Bakı Universitetinin) açılmasını göstərmək olar. O, eyni zamanda, AXC dövründə qəbul olunmuş “Son türk əlifbası” və türk dünyasındakı əlifba proseslərindən danışıb.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov AXC-nin əlifba islahatından söz açıb. Bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda ərəb əlifbasından imtinaya ən çox etiraz edən tatar və qazax türkoloqları olub. Onlar, fikirlərini belə əsaslandırıblar ki, Osmanlı və Azərbaycan türkçəsini Türküstan türkləri başa düşmür. Daha sonra M.Rəsulzadənin ərəb əlifbasından imtina etməyə qarşı çıxmasına aydınlıq gətirən M.İmanov qeyd edib ki, yazılı ədəbiyyatımızın 9 əsrə yaxın ərəb qrafikasında yazılması baxımından bu əlifbadan imtina etmək doğrudan da məqsədə- uyğun deyil.

Digər çıxışçılar Azərbaycanda dil siyasətinin mərhələləri və bu yolda aparılan mübarizədən, sovet dönəmində Ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunmasında göstərdiyi xidmətlərdən, AXC-nin qısa zaman kəsiyində apardığı uğurlu siyasətin tərkib hissəsi olan dil və təhsil siyasətindən danışıblar.

ADU-da “AXC və qadınlar” mövzusunda keçirilən dəyirmi masa çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini deyib. S.Əliyeva qeyd edib ki, AXC dövründə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib və beləliklə, kişilərlə bərabər qadınlar da ölkənin ictimai-siyasi həyatında fəal iştirak hüququ əldə ediblər. O, XX əsrin əvvəllərində azərbaycanlı qadının sosial-hüquqi statusu, qadın və kişi hüquqları arasında kəskin fərqlərdən danışıb, eyni zamanda, təhsilli qadınların cəmiyyətdəki rolu barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra kafedranın dosenti Kifayət Ağayeva “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan qadını” mövzusunda slayd təqdim edib. O, AXC qurulduğu müddətdə Azərbaycanın məişət və ictimai həyatında mövcud olan poliqamiya, məcburi evlilik və islami dəyərlərdən sui-istifadə olunmasından danışıb. Bu dövrü işıqlandıran “Əkinçi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi qəzet, jurnalların dərc olunduğunu söyləyən K.Ağayeva qadına dəstək vermək istəyən H.Zərdabi, M.Şahtaxtlı, F.Köçərli və digər ziyalıların bu istiqamətdə atdıqları addımlardan ətraflı söhbət açıb.

Universitetin Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və milli ideologiyanın banisi kimi” mövzusunda dəyirmi masa çıxış edənlər Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində çox mühüm hadisə olduğunu bildiriblər. M.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti haqqında ətraflı məlumat verilib. M.Rəsulzadə sosial-demokratik, ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətindəki böyük fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub.

Digər çıxış edənlər də Azərbaycanda dil siyasətinin mərhələləri və bu yolda aparılan mübarizədən, sovet dönəmində ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunmasında göstərdiyi xidmətlərdən, AXC-nin qısa zamanda apardığı uğurlu siyasətin tərkib hissəsi olan dil və təhsil siyasətindən danışıblar.

Qeyd edək ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

S.QARAYEVA

 





13.03.2018    çap et  çap et