525.Az

"Beynəlxalq Türk Dili Günü"nün müəyyən olunması ilə bağlı toplantı


 

"Beynəlxalq Türk Dili Günü"nün müəyyən olunması ilə bağlı toplantı <b style="color:red"></b>

Martın 9-da Ankarada UNESCO Türkiyə Milli Komissiyasında "Beynəlxalq Türk Dili Günü"nün təsis olunması təklifi ilə əlaqədar Məsləhətləşmə Toplantısı keçirilib.

Tədbirdə "Türk Dili Günü"nün müəyyən edilməsi ilə bağlı türkdilli təşkilatlar, mütəxəssislər arasında müzakirələr aparılıb. 

Toplantıda Türk Şurası, TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, UNESCO Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Milli Komissiyalarının əməkdaşları, Türk Dili Təşkilatı, Türkiyənin Mədəniyyət və Turizm, Milli Təhsil Nazirliklərinin, Yunus Əmrə İnstitutunun nümayəndələri və tanınmış türkoloqlar iştirak ediblər.

Tədbir iştirakçıları görüş zamanı Türk Dünyası mirasının önəmli bir hissəsi olan türk dilinin dünya miqyasında təbliğini və "Türk Dili Günü"nün təsis edilməsi ideyasını müsbət qarşıladıqlarını bildiriblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fatimə Həsənova iclasda çıxış edərək türk dilinin beynəlxalq arenada ayrıca bir gün kimi qeyd olunmasının Türk Dünyası üçün daşıdığı böyük əhəmiyyətini vurğulayıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun "Türk Dili Günü"nün təyin edilməsi ideyasının əsas təşəbbüskarlardan biri olduğunu və Fondun bu istiqamətdə əməkdaşlığa hazır olduğunu dilə gətirib.

İclasda tərəflər "Beynəlxalq Türk Dili Günü"nün təyin edilməsi üçün tarix təklifi ilə əlaqədar fikir mübadiləsi aparıblar. Müzakirələr nəticəsində son qərarın üzv dövlətlərlə keçiriləcək məsləhətləşmələrdən sonra qəbul edilməsi və təklif üzrə qətnamə layihəsinin UNESCO-nun Baş Konfransının 40-cı Sessiyasına təqdim olunması razılaşdırılıb.

 





13.03.2018    çap et  çap et