525.Az

"Azərsu"nun Biləsuvarda həyata keçirdiyi layihələr yekunlaşdı


 

"Azərsu"nun Biləsuvarda həyata keçirdiyi layihələr yekunlaşdı<b style="color:red"></b>

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqda prezident sərəncamına uyğun olaraq "Azərsu" ASC tərəfindən Biləsuvar rayonunda həyata keçirilən layihələr yekunlaşıb. Bu münasibətlə rayonun Xırmandalı kəndində açılış mərasimi keçirilib.

Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı və Bəydilli kəndlərində içməli su məsələsi həmişə aktual olub və bu layihənin icrası nəticəsində  sakinlər  keyfiyyətli içməli su ilə təmin olunublar.

"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının xüsusi diqqətdə saxlanıldığını bildirib. Şirvan-Muğan qrup su kəmərinin əhəmiyyətindən danışan sədr müavini qeyd edib ki, bu mənbədən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə, həmçinin bir sıra kəndlərə suyun verilməsi təmin  olunub. 2018-ci ildə kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdiriləcək.

Açılış mərasimində iştirak edən kənd sakinləri indiyədək su təminatı baxımından ciddi çətinliklərlə qarşılaşdıqlarını bildiriblər. Bu sahədə problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki,  Biləsuvar  rayonunun Bəydilli və Xırmandalı kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Şirvan-Muğan qrup su kəmərindən  Bəydilli və Xırmandalı kəndlərinə çıxışlar verilib. Kəndlərdə  ümumi uzunluğu 14,2 km su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 77 ədəd bulaq quraşdırılıb. Biləsuvar rayonunun 2 kəndində icra olunan layihələr 12 min nəfərin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.

 





14.03.2018    çap et  çap et