525.Az

Jalə Əliyeva: "Şəxsiyyətlərlə bağlı ayrıca qanuna ehtiyac var"


 

Jalə Əliyeva: "Şəxsiyyətlərlə bağlı ayrıca qanuna ehtiyac var"<b style="color:red"></b>

"Azərbaycanda "Tarixi şəxsiyyətlər haqqında" qanun layihəsinin hazırlanmasına, parlament müzakirəsinə çıxarılmasına və qəbul edilməsinə böyük ehtiyac duyulur".

Bunu "525"ə açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva son zamanlar Azərbaycanın böyük ziyalılarının, mütəfəkkirlərinin, tarixi şəxsiyyətlərinin mediada və xüsusilə sosial şəbəkələrdə bir qrup gənc tərəfindən təhqir hədəfinə çevrilməsinə münasibət bildirərkən deyib. Millət vəkili xatırladıb ki, müvafiq qanunvericilik aktının hazırlanması və qəbul edilməsi təklifini hələ bir neçə il öncə səsləndirib: "Mən bir neçə il öncə üzvü olduğum komitənin iclasında, eləcə də, Milli Məclisin plenar iclasında tarixi şəxsiyyətlərlə bağlı ayrıca qanunun qəbul olunması təklifi ilə çıxış etmişdim. Bu yöndə fikirlərimi bir sıra media orqanlarında da səsləndirmişdim.
 
Demək olar ki, o zaman böyük əksəriyyət təklifimi müsbət qarşılamışdı. Burada etiraz doğuracaq bir məqam yox idi. Bu təklifdə məqsəd tarixi şəxsiyyətlərimizin - buraya dövlət və siyasət adamlarımızdan tutmuş dahi mütəfəkkirlərimizə, böyük ziyalılarımıza qədər hər kəs daxildir - bir növ toxunulmazlıqlarının qanunla müəyyənləşdirilməsi, onlara yönələcək  hər hansı təhqir və aşağılamaların dərhal cinayət və inzibati məsuliyyət yarada biləcəyi və sair məqamlar var idi. Düzdür, təklifimə etiraz bildirənlər, dodaq büzənlər, onu başqa yerlərə yozmağa cəhd edənlər oldu, bu, normaldır, çünki hər kəs eyni düşünə, eyni mövqedən çıxış edə bilməz, amma qeyd etdiyim ki, böyük əksəriyyət bunu anlayışla və müsbət şəkildə qarşılamışdı.

Özünüz də şahidsiniz ki, son illər tarixi şəxsiyyətlərimiz, mütəfəkkirlərimiz, böyük ədiblərimiz, şəhidlərimiz belə təhqir hədəfi seçilir. Düz-əməlli yaradıcılıqları olmayan, beş kəlməni ard-arda normal şəkildə düzüb-qoşa bilməyənlər ölkəmizdəki söz, düşüncə azadlığından sui-istifadə edərək  bu xalqın, bu dövlətin tarixində, taleyində mühüm yer tutmuş insanlarımızı - aqillərimizi, ziyalılarımızı, şair və yazıçılarımızı təhqir edir, aşağılayır, onların ruhuna toxunmaqdan çəkinmir, bununla özlərini diqqət mərkəzinə çəkmək, məşhurlaşmaq, populyarlaşmaq istəyirlər. Amma belələri bilməli və anlamalıdırlar söyüşlə, təhqirlə diqqət mərkəzinə, gündəmə gəlmək olmaz və bu, yolverilməzdir. Onların haqqı yoxdur ki, təhqir, böhtan, aşağılama, şantaj tonunda danışsınlar. Kimsəyə belə bir haqq-hüquq verilməyib.

Kimliyindən asılı olmayaraq, heç kimsənin başqasını təhqir etməyə, aşağılamaya haqqı çatmır. Şəxsiyyətlərə dil uzatmaq, onları təhqir etmək, ruhlarına roxunmaq olmaz və bu, bağışlanılmaz, əfv edilməyəcək bir günahdır". Bununla yanaşı, komitə sədrinin müavini deyib ki, heç kim tənqiddən sığortalanmayıb: "Qəbul etmirsənsə, bu, ayrı məsələdir, normal şəkildə fikir, münasibət bildir, tənqid et, arqument ortaya qoy və sairə. Yoxsa, ağlına və ağzına gələni söyləmək, təhqir, böhtan, aşağılama yolunu tutmaq acizlikdir. Hesab edirəm ki, nəhayət, şəxsiyyətlərlə bağlı qanun layihəsi hazırlanmalı və təkmil şəkildə həm cəmiyyətin, həm parlamentin müzakirələrinə çıxarılmalı, Milli Məclis tərəfindən qəbul olunmalıdır. Burada sərtləşdirmələr, ciddi cəzalar nəzərdə tutulmalıdır. Buna çox böyük ehtiyac var. Yoxsa, bizi qarşısı alınmayacaq çoxlu problemlər və bəlalar gözləyə bilər".

Kamil HƏMZƏOĞLU

 





14.03.2018    çap et  çap et