525.Az

Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirildi


 

ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB

Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirildi <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 2017-ci ildə həyata keçirilən fəaliyyət və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, müşavirədə nazir Səlim Müslümov çıxış edərək bildirib ki, prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin, 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib: "Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir".

Nazir qeyd edib ki, əvvəlcədən sistemli şəkildə aparılmış təhlillər əsasında sosial ödənişlərə edilən bu artımlar prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin ildən-ilə davam etdirilməsinin növbəti əyani təsdiqidir.

S.Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatlar dünyada, xüsusən də regionda narahatedici proseslərin davam etdiyi 2017-ci ildə də Azərbaycanda xalq-iqtidar birliyinə əsaslanan möhkəm ictimai-siyasi sabitlik zəminində dayanıqlı iqtisadi inkişafa, bütün sahələrdə yeni irəliləyişlərə səbəb olub: "Dövlət başçısının tapşırığına uyğun olaraq, sosial proqramlar yüksələn xətlə davam etdirilib. Belə proqramlardan biri kimi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il nazirlik tərəfindən bu təbəqələrdən olan 315 nəfərə mənzillər, o cümlədən, 148 nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi təqdim edilib. Bununla da indiyədək nazirliyin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb".

Nazir vurğulayıb ki, iqtisadi şaxələndirmənin genişlənməsi nəticəsində neftdən asılı olmadan milli iqtisadiyyatın sabit artım tempinin təmin edilməsi şəraitində ölkənin sığorta-pensiya sisteminin inkişafı da davamlı xarakter alıb: "Bunun növbəti təsdiqi kimi, 2017-ci ildə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 221,80 mln. manat və ya 6,98 faiz artaraq 3399,84 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz və ya 167,45 mln. manat artaraq 2084,44 mln. manat təşkil edib. Fondun gəlirlərinin tərkibində qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarının ötən il də artması müsbət məqamlardan biri kimi xüsusi qeyd oluna bilər. Belə ki, qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,20 faizini və ya 1340,76 mln. manatını təşkil edib və bu da 2016-cı illə müqayisədə 11,05 faiz və ya 133,38 mln. manat çox olmaqla, illik proqnoz 103,14 faiz icra olunub".

Hesabat ilinin daha bir mühüm islahat tədbiri kimi, ötən il "İşsizlikdən sığorta haqqında" Qanunun qəbul olunduğunu qeyd edən S.Müslümov bildirib ki, bu Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb: "2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib. Eyni zamanda, cənab Prezidentin tapşırığına əsasən, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayını ildən-ilə əhəmiyyətli şəkildə azaldacaq".

İclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib. Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.

C.ABASOV

 





14.03.2018    çap et  çap et