525.Az

Nazim Əhmədlinin şeir dünyası


 

Nazim Əhmədlinin şeir dünyası<b style="color:red"></b>

Məşhur türk şairi Nəcib Fazıl deyir: "Çi ləsi, əzabı çəkilməyən şeydə EŞQ olmaz. Eşq olmasa, çilə də olmaz. Çilə olmasa, yaratmaq, meydana gətirmək, istək, həvəs də olmaz. Qısası, heç bir şey olmaz".

Bəli, həqiqətən də belədir. Tanrı insanları yaradır, insanlar isə Tanrını öz ruhlarında yaradırlar. Sanki hansısa bir müstəvi üzərində qururlar Tanrını. Söz adamlarının Tanrı anlayışı onun qələmindən keçir. Söz adamları Tanrını misraların, sətirlərin arasında yaradırlar. Çoxları da Tanrı axtarışını bir ömür davam etdirir.

Yer üzündə olanlardan göyün xəbər tutduğunu dilə gətirən Nazim Əhmədlini Gənc Ədiblər Məktəbinin sonuncu görüşündə tanıdım. Şeirlərini səsləndirdikcə bu insanın ruhunda qeyri-adi təlatümlərin olduğunu hiss etdim. Yaradıcılığı diqqətimi çəkdi.

"Mən bir günah elçisiyəm"i vərəqlədikcə burda əzabla eşqin vəhdətini hiss edirdim. Şair əzabı eşqlə yanaşı qoyaraq ağlayan bir mələyə səslənir:

sənin nə dərdin var, axı bilmirəm,
göz yaşın tökülür dizinin üstə;
bir lələk ver mənə qanadlarından,
silim göz yaşını, üzünün üstən;

Ayrılığı dilə gətirərkən isə tam fərqli bir yanaşma tərzi ilə qarşılaşırıq. Həsrətdən göy üzünü tutqun görür, buludlar ağırlıq edir sanki. Şair burda ərşə çəkilən yuxusunu bir yarpağa büküb ağac əkir və bu ağacı bəzəkli gəlinə bənzədir. Əslində isə burda qəribə bir əzab duyulur. Bədii təsvir vasitələri ilə zənginləşdirilmiş şeiri oxuyan hər oxucu orda özünü görə bilər. B. Vahabzadə eşqi həyat ağacına bənzətmişdi ("Şəbi-Hicran" poeması).  Nazim Əhmədli bu mükəmməl qurulmuş təşbehə tam fərqli bir baxış qapısından yanaşmışdır. Burda şair sözləri yarpaq edir, yarpaq torpaq olur, yaşlanan həsrətini dilə gətirir:

sözüm yarpaq-yarpaq olub,
yaşıl yarpaq torpaq olub;
həsrətim ağappaq olub,
dən düşən telin kimidi;

Bütün söz adamlarında Tanrı anlayışı fərqli şəkildə özünü göstərir. Təəssüf doğurucu məqamlardan biri də budur ki, bir çox şairlər bu düşüncələrini bilərəkdən fərqli şəkildə ortaya qoymağa çalışırlar. Şeirin ruhuna hopan saxta hisslər öz qüvvəsini tez bir zamanda itirir. Lakin Nazim Əhmədlinin şeirlərində Tanrı anlayışı çox maraqlı, təzadlı fikirlərin içində əslində isə aydın yazılmış düşüncələrlə öz əksini tapır. "Bir gün baş götürüb çıxıb gedəsən"  şeirində bir insanın əzabları, əzabdan baş götürüb qaçmaq istəkləri öz əksini tapır. Lakin şeiri fərqli qılan məqamlardan biri odur ki, dərd əlindən baş götürüb gedərkən əslində, insanın ən ağır yükü elə həmin dərdlərini də özü ilə aparmasıdır. Bir insan fəryadının fələyi belə çaxnaşmaya salacağını dilə gətirir şair:

elə kövrələsən bir aha sarı,
boylanıb baxasan günaha sarı;
qəfil çığırasan Allaha sarı,
fələklər çaxnaşa-çaxnaşa qala.

Hər bir insan bir fərddir, dünyada hər doğulan insan bir Adəmdir, bir yenilik və bir yaradılışdır. Bütün bunları yazmaq, kodlaşdırmaq, gələcəyə miras qoymaq isə yalnız yaradıcı insanların işidir. Bütün söz adamları yaradıcı olmazdan əvvəl bu cəmiyyətin bir üzvüdür və cəmiyyətdə baş verənlər hər kəs kimi onlara da təsir göstərir. Bir də dünyada baş verən hadisələrə münasibət bildirmək təkcə bir cəmiyyət üzvü olaraq bizim haqqımız deyil, eyni zamanda, bu bizim özünümüdafiə hissimizdir. Sırf  "Dantenin səsi"ndəki kimi.

daha çox-çox uzaqda,
məndən xəbərsiz nə var;
yetim-yetim göy üzü
yetim-yetim tanrılar;

Şair burda dünyada baş verənləri tanrıların savaşı adlandırır. Yəni bəşəriyyət yaranan bir gündən baş verən bütün fəlakətlər, müharibələr, qırğınlar keçmişdən necə başlayıbsa, elə də davam edir. Sadəcə, şəkli dəyişib.

göy üzü çalxalanır,
hardadı, dərd göndərən;
tanrılar savaşdadı,
mələklər pərən-pərən;

Vətən həsrəti, yurd sevgisi, müharibə illərinin ağrısı Nazim Əhmədlinin yaradıcılığına öz təsirini göstərib. Hərbi jurnalist kimi fəaliyyəti zamanı yaşadıqlarını dilə gətirdi bizimlə görüş zamanı. Onun misralarındakı ağrılar vətən həsrətinin göstəricisidir.
 
qar düşüb saçım üstünə,
tökülüb acın üstümə;
yol tapıb qaçım üs tünə,
gəlim qucaqlıyım səni.

Şair tək öz vətəninin ağrı acılarını qələmə almır. O, ümumbəşəri problemlərə də toxunur. Dünyada törədilən qırğınlara da biganə qalmadığını dönə-dönə vurğulayır. "Suriya" şeirində ürək yanğısı ilə baş verən müsibətləri dilə gətirir.

orda sular qırmızıdı,
orda qan axır su kimi;
orda ölüm yoxdu hələ,
orda ölüm arzu kimi;

Şair şirin xəyallar arzusundadır, sevgisini nağıla bənzədir. Ondan nağıl istəyir. Nağılda quş olmaq istəyir, quş olub yenidən aşiq olmaq istəyir. Misralarında təşbeh, epitet, metaforadan ustalıqla istifadə edir.

durum nağıla qoşulum,
sən quş ol, mən də quş olum;
uçaq, sənə aşiq olum,
dörd yola çatana kimi;

Nazim Əhmədli yaradıcılığının əsas prinsiplərindən biri də şairin yanaşma tərzində subyektivlik və fərqlilikləri önə çıxarmasıdır. Bu adam payıza yarpaq gözü ilə baxır, saralmış bağların arasında bir qığılcım axtarır, payızı özünə oxşadır:

Ah, bu payız, bu payız,
bir az mənə oxşayır;
bu payız saçlarımda
həsrətimlə yaşayır;

Ruhu, düşüncəni ikiləşdirmək və bu ikiləşməni maraqlı bir tərzdə dilə gətirmək böyük cəsarət tələb edir. Söz adamı olmaq insan ruhunu ikiləşdirir. Şair real yaşadığı həyatla misralarında yaşadığı həyatı ikiləşdirir. Yerdə yaşayıb göy adamı olmaq Nazım Əhmədli yaradıcılığına çox yaraşır. Söz adamı olmaq həm də məsuliyyət tələb edir. Onlar təkcə öz duyğularını yazmırlar, onlar eyni zamanda, cəmiyyətin duyğularını yazırlar. Əsl şair odur ki, onun şeirlərində ən sadə oxucu belə özünü görə bilsin.
Fikrimi Göy adamının Yer adamına etirafı ilə yekunlaşdırmaq istəyirəm.

ötən dərdin bir anıyam,
xatirələr dumanıyam;
göy üzünün adamıyan,
göy üzünə çəkir məni;

Gülnarə SADİQ
Gəncə

 





15.03.2018    çap et  çap et