525.Az

"Minsk qrupuna, həmsədrlərə olan etimad limiti tükənmək üzrədir"


 

MİLLƏT VƏKİLLƏRİ ATƏT-İN MİNSK QRUPUNU, HƏMSƏDRLƏRİ, BMT-Nİ TƏNQİD ATƏŞİNƏ TUTDULAR

"Minsk qrupuna, həmsədrlərə olan etimad limiti tükənmək üzrədir"<b style="color:red"></b>

"İşğalçı Ermənistana təzyiqlər olmadığı üçün münaqişənin həlli uzanır, Minsk qrupunun həmsədrləri sözdən, vədlərdən konkret addımlara keçməli, ədalətli mövqe tutmalıdırlar".

Bunu "525"-ə açıqlamasında Azərbaycanın NATO və "Avronest" parlament assambleyalarındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib. Millət vəkili Qarabağ məsələsinin bütün beynəlxalq qurumlarda, o cümlədən, təmsil olunduğu təşkilatlarda daim gündəmə gətirildiyini, onlardan konkret mövqe tələb olunduğunu da xatırladıb:

"Onu da qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik sahədə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.

Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Bununla belə, hesab edirik ki, münaqişənin ədalətli həlli üçün beynəlxalq birlik, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqe tutmalıdırlar. Minsk qrupu, həmsədrlər artıq sözdən, bəyanatlardan, quru vədlərdən əmələ, konkret addımlara keçməlidirlər. Onlara olan etimad limiti tükənmək üzrədir. Onlar, həmçinin, münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurası konkret addımlara keçmədikcə, işğalçı Ermənistana təzyiqlər etmədikcə, münaqişənin də həlli uzanır. Ancaq bununla belə, Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq".

Millət vəkili Qənirə Paşayeva da beynəlxalq təşkilatların, o cümlədən, ATƏT-lə BMT-nin Ermənistana təsir və təzyiq göstərməməsindən narazıdır:

"Bu gün beynəlxalq təşkilatlar - BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur".
 
Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma BMT onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir:
 
"Həmçinin, insan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır".

Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada daha aydın gördük:
 
"100 il əvvəl tarixdə olmayan "soyqırımı" barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr". Millət vəkilinin eyni zamanda, bildirdiyinə görə, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür: "Bu güc isə birlikdən keçir..."

Kamil HƏMZƏOĞLU

 





15.03.2018    çap et  çap et