525.Az

Rəssam Vüqar Əlinin "Teatr ruhu" əsəri təqdim olunub


 

Rəssam Vüqar Əlinin "Teatr ruhu" əsəri təqdim olunub<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın tanınmış rəssamlarında biri, eyni zamanda, Universitetin "Rəssamlıq" fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi olan Vüqar Əlinin "Teatr sənəti" fakültəsi üçün işlədiyi iki böyük həcmli tablonun və bir triptixin açılışı qeyd olunub.

Açılış Universitetin rektoru Fərəh xanım Əliyevanın sözləri ilə başlayıb, Universitetin prorektoru Validə xanım Məmmədova, görkəmli rəssam Arif Əziz və müəllifin çıxışları ilə davam edib. Rəssam  "Teatr ruhu" adlı  əsərini  Azərbaycan teatr günü münasibəti ilə yaratmış və "Teatr sənəti" fakültəsinə hədiyyə etmişdir.

Müəllifin tablolarının əsas mövzusu teatr olsa da, süjet mövzunun hüdudlarını aşır  və burada təsviri sənətin bütün sahələrinin vəhdəti önə çıxaraq  memarlıq, heykəltəraşlıq və rəssamlığı simvollar vasitəsi ilə özündə birləşdirir.

Tabloların mərtəbələr arasında asılması və qeyri adi biçimdə işlənməsi də təsadüfi deyil. Burada əsas məqsəd standartlardan kənar bir kompozsiyasının yaradılması, düzbucaqlı çərçivələrdən çıxaraq, özündə teatr mövzusunu əsaslı surətdə cəmləyən və əks etdirən səhnə pərdələri formatlı tabloların yaradılması idi. Tabloların  həm məkanın interyerinə həm də amala xidmət etməsi, rəssamın axtarışlarının düzgün nəticəsi kimi qiymətləndirilə bilər.

Pərdə formatlı tablolarda əks olunan rəsm təkcə təsvir xarakteri daşamır. Burada rəssam gerçək həyatla teatr arasında bir əlaqə yaradaraq, onları simvolik zəmində tamaşaçılara təqdim edir. Yaşamın anları, kədər və sevinc, qadın və kişi, ikili məna oyunu emosiyalarla və simvollarla ifadə olunub. Kədərin içində sevinc, sevincin içində kədər vardır. Simasına gülüş qonan qadının əlində kədərli maska, qəm dəryasına qərq olan kişinin əlində sevinc maskası süjetə həyatın şərti oyun fabulasını qatır və  əsərdə özünəməxsus fəlsəfi xətt yaradaraq  gənclərin geyimlərindəki isti kolortin oyunu ilə davam etdirir. Bu fəlsəfilik həm də tabloların pərdə şəklində işlənməsində də özünü göstərir. Buna həyat pərdələri də deyə bilərik. Həm gözlə gördüyümüz, həm də görmədiyimiz pərdələr... Arxasında bizi nə gözlədiyini bilmədiyimiz pərdələr... Bir toxunuşla bizə yeni həyat səhnələri açan pərdələr... Bəzən heç də aradan qalxmasını istəmədiyimiz pərdələr... Pərdə formatı təkcə simvolik deyil, həm də fəlsəfi mənada həyatımızı bürüyən hadisələrə kökləyir bizi.

Əsərdə Vüqar Əli tərzinə uyğun dekorativlik, teatrallıq və monumentallıq mövcuddur. Kompozisiyada formalar nə qədər stilizə olunsa da, monumental baxımlılıq  bir o qədər saxlanılıb. Texniki cəhətdən həndəsi kəsimlərə malik pərdə formatı əsərdəki həndəsi xətlərlə də tamamlanır. Tarixi abidələrin bozumtul koloriti əsərdə dominantlıq edən isti koloritdə əriyir.

Yeni bir uğurlu işə imza atan istedadlı rəssamımıza daha böyük nailiyyətlər arzulayırıq.

Günel SEYİDƏHMƏDLİ
ADMİU-nun müəllimi

 





15.03.2018    çap et  çap et