525.Az

"Şair və vətən" adlı şeir gecəsi keçirildi


 

"Şair və vətən" adlı şeir gecəsi keçirildi<b style="color:red"></b>

Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatlarından seçilmiş şeirlər əsasında "Şair və Vətən" adlı ədəbi gecə təşkil olunub.

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşan gecə Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümünə həsr edilib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir tədbir haqqında məlumat verib. O, tədbirin ənənəvi olaraq hər il keçirildiyini qeyd edərək deyib: "Bu il Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü tamam olur. İki qardaş ölkənin rəhbərliyi bu iki önəmli hadisəni bu il geniş səviyyədə qeyd edəcək. Biz də Bakı Yunus Əmrə İnstitutu olaraq bu yöndə fəaliyyətimizi davam etdirəcəyik. Bugünkü tədbir də bu qəbildən sayılır. Tədbirdə iki ölkənin ədəbiyyatı və poeziyası haqqında məlumatlar əldə edə biləcəyik".

Yeni türk ədəbiyyatı üzrə mütəxəssis professor Yaqub Çelik Türkiyə poeziyasının tarixi və inkişaf yolu barədə ətraflı məlumat verib. Məruzəsində Türkiyə poeziyasında Vətən mövzusuna toxunan professor qeyd edib ki, bu mövzu ta qədimlərdən, hələ "Oğuz Xaqan" dastanından bu günümüzə qədər müraciət olunan mövzudur: "Türkiyədə bu mövzunu yaradıcılığının əsas istiqamətinə çevirən müəlliflərdən ilki şair Namiq Kamaldır. Onun yaradıcılığı müharibə zamanlarına təsadüf etdiyindən o, bu mövzuda bir sıra silsilə pyeslər, şeirlər, əsərlər qələmə alıb. Şəhidlərlə Vətəni birlikdə təqdim etmək ilk dəfə onun yaradıcılığı ilə yaranıb".

Daha sonra məruzəçi çıxışında Tofiq Fikrət, Yəhya Kamal Byartlı, Ömər Seyfəddin, Xalidə Ədib Adıvar, Süleyman Nazif, Ziya Göyalp, Mehmet Akif Ərsoy, Arif Nihat Asiya kimi ədiblərin yaradıcılığından nümunələr səsləndirib, onların əsərlərində bu mövzusunun işlənmə xüsusiyyətlərindən bəhs edib.

Azərbaycan poeziyasının tarixi və inkişaf yolu barədə isə Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Safura Quliyeva məruzə edib. O da öz növbəsində Cümhuriyyətimizin 100 illik yubileyi münasibətilə Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq, Əhməd Cavad, Əlabbas Müznib, Hacı Kərim Sanılı, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əli Yusif kimi sənətkarların yaradıcılığı fonunda XX əsr ədəbiyyatımızda vətən, Azərbaycan, bayraq mövzularını şərh edib.

Tədbirin bədii hissəsində vətən və dövlətçiliyə aid şeirlər səsləndirilib. Sonda Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinin iştirakı ilə kiçik səhnə əsəri təqdim olunub.

Qeyd edək ki, tədbir Azərbaycan və Türkiyə ədəbiyyatlarında dəyərli nümunələrin təbliğinə və şairlərin ictimaiyyətdə tanınmasına töhfə vermək və bu yolda iki ölkə arasında mədəni əlaqələri gücləndirmək məqsədi daşıyır.

Şahanə MÜŞFİQ

 





15.03.2018    çap et  çap et