525.Az

Azərbaycan Universitetində müsabiqə qalibləri mükafatlandırıldılar


 

Azərbaycan Universitetində müsabiqə qalibləri mükafatlandırıldılar<b style="color:red"></b>

Azərbaycan Universitetində “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilən tədbir keçirilib.

Mükafatlandırma mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, müsabiqənin tərəfdaşı Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktor müavini  Nəsimi Kazımov, Nəsimi rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, “Social Innnovation Lab” beynəlxalq təşkilatının icraçı direktoru Cəsur Həsənov, müsabiqə komissiyasının üzvləri, müsabiqənin finalçıları və elmi rəhbərləri, universitetin müəllim – tələbələri iştirak ediblər.

Tədbir müsabiqənin gedişatını işıqlandıran video-çarxın nümayişi ilə başlayıb. Video-çarxda tədbir iştirakçılarına müsabiqə ideyasının ortaya çıxması, müsabiqənin məqsədi, istiqamətləri və mərhələləri, komissiyanın üzvləri, daxil olan işlər, dəyərləndirilmə kateqoriyaları, iştirakçılar, finalçılar haqqında məlumatlar əksini tapıb.

Yekunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Alirzə Orucov “Təmiz ada” adlı elmi işi ilə birinci, bu ali təhsil müəssisəsinin magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirlisə üçüncü yerə layiq görülüblər. I yerin sahibinə 800, II yerin sahibinə 600, III yerin sahiblərinə 400 manat pul mükafatı, müvafiq sertifikatlar təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nərminə Abbasova dördüncü yerə layiq görülüb, Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Müsabiqə qaliblərinin elmi rəhbərləri də təltif olunublar.

Çıxış edənlər müsabiqənin, o cümlədən, mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin əhəmiyyətindən söz açıb, ölkəmizdə bu sahədə geniş vüsət almış işlər haqqında məlumat veriblər.

 





16.03.2018    çap et  çap et