525.Az

Radon insanın düşməni deyil


 

AMEA-NIN MÜXBİR ÜZVÜ ÇİNGİZ ƏLİYEV: "RADON TƏHLÜKƏSİ HAQQINDA MƏLUMATLARIN OLMAMASI BİR TƏRƏFDƏN ƏSASSIZ QORXU, DİGƏR TƏRƏFDƏN İSƏ MÖVCUD REAL TƏHLÜKƏYƏ BİGANƏ MÜNASİBƏT YARADIR"

Radon insanın düşməni deyil<b style="color:red"></b>

Uzun illərin elmi müşahidələri və təcrübə göstərir ki, təbiətdə insan orqanizminə mənfi təsir göstərən bir çox təzahürlər mövcuddur. Onlardan biri də radon təhlükəsidir. Amma cəmiyyətdə bu barədə elementar biliyin olmaması bir tərəfdən əsassız radiasiya qorxusu, digər tərəfdən isə sağlamlığa təhlükə yaradan real təhdidlərə etinasız münasibətlə nəticələnir.

Belə təzahürlər haqqında dəqiq məlumatların ictimaiyyətə çatdırılmasının əhəmiyyətini nəzərə alıb AMEA-nın müxbir üzvü, Geologiya və Geofizika İnstitutu geoloji mühitin radiometriya şöbəsinin rəhbəri Çingiz Əliyevlə müsahibəni təqdim edirik.

- Çingiz müəllim, insan radiasiyaya hansı şəraitdə məruz qalır?

- Radioaktiv elementlər həyatın ilk formalarının yaranmasından çox-çox əvvəllər  mövcud  olub. Ona görə də insan yerdə həyat yaranmağa başladığı andan müxtəlif mənşəli radiasiyaların təsirinə məruz qalıb. Radioaktiv hissəciklər insanlar üçün həm xarici və həm də daxili şüalanmaya səbəb ola bilər. Radioaktiv maddələr insan orqanizmə müxtəlif yollarla (qida, su ilə, nəfəs almaqla) və hətta tibbi müayinə zamanı dəridən radioizotoplarla da nüfuz edir. Sözsüz ki, daxili şüalanma daha təhlükəlidir.

- Radonun orqanizmə zərəri necə müəyyənləşdirilir?

- Dünya alimlərinin əksəriyyətinin fikirinə görə, radon şüalanmasını ağ ciyər xərçəngini yaradan ikinci (siqaretdən sonra) əsas səbəb kimi göstərmək olar. Radiasiyadan müdafiə üzrə Beynəlxalq komissiyanın ekspertləri  isə hesab edirlər ki, uşaqlara və 20 yaşa qədər adamlara radonun təsiri daha təhlükəlidir. Belə məlumatlar vardır ki, radon şüalanması mədə, sidik kisəsi, düz bağırsaq kimi orqanlarda xərçəng xəstəliyinin riskini artırır, sümük iliyinə, ürək-damar sisteminə, qara ciyərə, qalxanvarı vəz və b. orqanlara  neqativ təsir edir. Radon şüalanmasının daha sonradan üzə çıxa biləcək genetik təsirlərinin də olması istisna edilmir. Siqaret çəkənlərə radonun daha tez təsir etdiyini isə xüsusi qeyd etmək lazımdır. ABŞ Ətraf Mühitin Qorunması Agentliyinin verdiyi məlumatlara əsasən, radon şüalanması təsirindən ağ ciyər xərçənginin yaranması ehtimalı siqaret çəkənlərdə 15-20 dəfə çoxdur. Siqareti tərgitmiş adamlarda təhlükə səviyyəsi tədricən azalır. İnsan ölümünə səbəb olan qəza hadisələrin siyahısında radon avtomobil qəzalarından sonra ikinci yerdə durur.

- Bəs radon özü  necə yaranır?

- Radon Yeri və yer qabığını təşkil edən süxurlarda olan təbii radionuklidlərin parçalanması nəticəsində yaranır və atmosferdə yayılır. Təbii radioaktiv parçalanma nəticəsində radon atomları mineralların kristallik şəbəkəsinə daxil olur. Mineral və süxurlardan radonun məsamə və çat boşluqlarına ayrılması emanasiya (emanizasiya) adlanır. Qrunt suları səviyyəsindən üst qatlarda süxurların və torpaqların məsamə və boşluqları adətən hava ilə doludur. Qrunt suları səviyyəsindən aşağıda isə süxur boşluqları su molekulları ilə doldurulub. Birinci halda radon istənilən qaz kimi diffuziya və effuziya qanunlarına əsasən yayılır. İkinci halda isə su ilə birlikdə miqrasiya edə bilər. Sulu qatlarla təmasda olan ətraf torpaqlardan və süxurlardan da radon suya keçə bilir. Havanın təbii radioaktivliyi uran, radium və torium radioaktiv elementlər ailəsinin qazşəkilli məhsullarının torpaqdan ayrılması ilə baş verir. Onlar əsasən aerozol formada olan radon, toron, aktinon və onların parçalanma məhsullarıdır. İnsanların qəbul etdiyi illik radiasiya dozasının çox hissəsini (40-50%) radon və onun parçalanma məhsulları təşkil edir.

- Deməli, kütləvi yaşayış üçün binalar inşa etdikdə, fərdi ev salarkən  və ya sənaye obyektlərı tikərkən bu təhlükələr nəzərə alınmalıdır.

- Bəli. Metallurgiya, istilik-energetika, radioaktiv xammal hasil və emal edən müəssisələrin yerləşdiyi rayonların və  təbii radioaktivliyi yüksək olan ərazilərin əhalisi daha yüksək doza şüalanma alırlar. Bu rayonların yaşayış evlərində və ictimai binalarında radon və onun parçalanma məhsullarının miqdarı gigiyenik norma qaydalarından qat-qat çoxdur. Təsəvvür edin ki, milyonlarla avropalı sənaye və texnoloji obyektlərin sıxlıq təşkil etdiyi şəhər və qəsəbələrdə radonun şüalanma fonu yüksək olan ərazilərdə yaşayır. Məsələn, Avstriya, Finlandiya, Fransa, İspaniya və İsveçin əhalisi Okeaniya adalarının əhalisi ilə müqayisədə 10-20 dəfə çox təbii şüalanma dozası qəbul edir.

- Bəs radon yaşayış evlərinə necə daxil olur?

- Radon şüalanmasının böyük hissəsini insan qapalı yerdə, otaqda nəfəs aldıqda qəbul edir. Ona görə də qış aylarında binalarda radonun miqdarı daha çox olur.  Mülayim iqlim regionlarında bağlı yerlərdə radon konsentrasiyası açıq havadakına nisbətən 5-8 dəfə çoxdur. Radon axınları və konsentrasiyaları qeyri-bərabər paylanıb. Bu təbii mühitin geoloji-geofiziki xarakterindən, həmçinin, binaların konstruksiyasından, tikinti materiallarından və havalandırma sistemindən asılıdır. Radon əksər hallarda qruntdan ayrılaraq bünövrədəki boşluqlardan keçərək yaşayış binalarına daxil olur. Havadan, tikintidə istifadə olunan inşaat materiallarından, məişətdə istifadə edilən təbii qaz və sudan da həmçinin, evlərə keçə bilər. Radonun binalarda və evlərdə toplanmasına şərait yaradan amillərdən ən əsası onların bünövrələrinin yerləşdiyi qruntun tərkibindən asılıdır. Onu da qeyd edək ki, müxtəlif tip torpaqlarda radioaktiv elementlərin miqdarı müxtəlifdir. Dağ süxurlarında və gilli torpaqlarda onların miqdarı nisbətən çox, qumlu torpaqlarda isə azdır. Lakin bəzi hallarda istisnalar da qeyd olunur. Binaların bünövrə və divarlarının torpaq səviyyəsindən aşağıda yerləşmiş istənilən çat və boşluqlar, zirzəmilərin açıq torpaq sahələri, boru və kommunikasiya girişləri və s. radonun daxilə keçməsi səbəbi ola bilər.  Süxurlardakı məsamə və mikroçatlardan miqrasiya edərək radon tektonik pozulmalarda, qırılma zonalarında toplanır. Geoloji tədqiqatların təcrübəsində nadir hallar olur ki, zəif radioaktiv süxurların məsamə və boşluqlarında radioaktiv süxurlara nisbətən min dəfələrlə çox radon olması müşahidə olunur. Yer qabığını təşkil edən süxurlar sanki nəfəs alıb-verərək atmosferə radon qazı buraxır və bəzi sahələr var ki, burada süxurlar radon kollektoru rolunu oynayır. Yer qatı səthinin belə ərazilərində bina və tikililərin yerləşdirilməsi nəticəsində yerin təkindən fasiləsiz olaraq ayrılan radon qazı hava ilə qarışaraq qapalı yerlərdə toplanır və burada yaşayan və işləyən insanlar üçün ciddi radioloji təhlükə yaradır. Həm də ilin çox hissəsində evlər torpaqla nəfəs alır, belə ki, soyuq aylarda evlər küçəyə nisbətən daha isti olur, ocaq borusu kimi sorulma effekti yaranır və evlərə əlavə radon dozası daxil olur. Binalarda və yaşayış evlərində radonun ikinci mənbəyi tikinti materiallarıdır. Onlardan nisbətən çox istifadə olunanlar (taxta, kərpic, beton və s.) az miqdarda radon şüalandırır. Ən çox radioaktivliyi olan tikinti materialları qranit və pemzadır. Beləliklə, evlərin tikintisində və təmir işlərində istifadə olunan bütün tikinti, təmir, istilik-izolyasiya məhsullarını əldə edən zaman satış şirkətlərindən onların gigiyenik sertifikatlarını tələb etmək lazımdır.

- Azərbaycanda radon səviyyəsi barədə nə deyə bilərsiniz?

- Azərbaycan ərazisində yaşayış evləri və sənaye binalarında radon konsentrasiyasının ölçülməsi ilə əlaqəli işlər ilk dəfə 2010-2011-ci illərdə aparılıb. Bu işlər İsveçrə Milli Elm Fondunun (SNSF) maliyyə köməyi ilə və "Azərbaycanda radon kadastrının və radon paylanması xəritəsinin yaradılması" adlı qrant layihəsi çərçivəsində həyata keçirilib. Burada İsveçrə təcrübəsi və üsulları istifadə olunub. Tədqiqatlar Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu və Cənubi İsveçrənin tətbiqi elmlər Universitetinin (SUPSİ) birlikdə əməkdaşlığı ilə həyata keçirilib. SNSF və SUPSI-nin köməkliyi ilə AMEA Geologiya İnstitutu tərəfindən alınmış "Gammadata" markalı 2500 radon detektoru respublikanın müxtəlif regionlarında yaşayış evlərində və bəzi sənaye obyektlərində quraşdırılmışdı. Şüalanma dövrü 2010 ilin noyabr-dekabr ayları ərzində davam etdi.  Detektorların 50 ədədi Abşeron yarımadasının neft mədənlərində quraşdırıldı və 2011-ci ilin mart-aprel aylarında orada qaldı. Detektorların yerləşdirilməsi zamanı xüsusi işlənib hazırlanmış anketlər doldurulmuşdu: burada dozimetrin kodu, quraşdırılma və çıxarılma vaxtı, ünvan, koordinatlar, həmçinin, tikintinin tipi və tikinti materialının tipləri göstərilmişdi.  Şüalanma vaxtı bitdikdən sonra detektorlar toplandı və göstəricilərin qeyd olunması üçün İsveçə göndərildi. Təyin olunmuş radon konsentrasiyası geniş hüdudlarda dəyişirdi. Azərbaycan üçün radon konsentrasiyasının icazə verilən son həddi 200 Bk/m3-dır. Yoxlanılmış obyektlərin yalnız 8 faizində bu göstəricidən yüksək radon konsentrasiyası qeyd olunurdu. Tərtib olunmuş radon paylanması xəritəsinə əsasən radonun paylanması bircinsli deyil və mozaik xarakter daşıyır. Nisbətən yüksək konsentrasiyalı sahələr, əsasən, Böyük Qafqaz və Talışın dağ-qırışıqlıq massivlərinə, aşağı konsentrasiyalı sahələr isə düzənlik ərazilərə uyğun gəlir. Radonun miqdarının təyinində detektorun yerləşdiyi  yerin və ya otağın mərtəbəsinin və tikildiyi materialın növü xüsusən maraq kəsb edir. Müəyyən olundu ki, təbii daşlardan tikilmiş evlərdə radon konsentrasiyası daha yüksəkdir. Ayrı-ayrı mərtəbələrdə aparılmış müşahidələrdə 1-ci mərtəbələrdə bir qədər çox olmaqla, 1-ci və 2-ci mərtəbələrdə nisbətən daha yüksək konsentrasiyaların mövcudluğu qanunauyğun hesab edilir.

- Radon riskinin azaldılması təcrübəsi varmı?

- Dünya təcrübəsi göstərir ki, evlərdə və istehsalat binalarında düzgün havalandırmanın həyata keçirilməsi radon riskinin azaldılması üçün ən yaxşı nəticələr verir. Radon aktivliyi analizlərinin nəticələrinə əsasən bir dəfəlik 1 saat havalandırma zamanı radon konsentrasiya demək olar ki, iki dəfə azalır. Bu təcrübəyə əsaslanaraq Şamaxı rayonun Cabanı kəndində bir evdə radon konsentrasiyasının ölçülməsi üçün işlər aparılıb. Tədqiq olunan evdə zirzəminin torpaq döşəməsi heç nə ilə örtülməmişdi. Torpaqdan ayrılan radon taxta döşəmənin altından asanlıqla keçərək yaşayış otaqlarına daxil olurdu. Evin zirzəmisində xüsusi havalandırma sistemi quraşdırıldı. Havalandırma sistemi işləyəndə radonun miqdarı azalırdı. Beləliklə, aparılmış təcrübələr bir daha göstərdi ki, evlərdə və binalarda havalandırma sistemlərinin effektiv işləməsi radiasiya riskinin azalmasına və bu problemin həllinə kömək edəcək. Respublikamızda radon təhlükəsinin azaldılması üçün uyğun dövlət qanunları çərçivəsində yerli dövlət strukturlarının səyi ilə və bilavasitə yerli əhalinin iştirakı ilə bu texnologiyaların geniş tətbiqi tələb olunur.

- Çingiz müəllim, bildiyimizə görə, radonun müalicəvi xassəsi də var.

- Doğrudur. Amma radioaktiv qazdan söhbət gedəndə insanlar qorxur və çaşqınlığa düşürlər. Əfsanəvi həkim Parasels isə belə deyib: "Zəhər olan hər şey həm də dərmandır. Maddənin miqdarı onun bu və digər xassəsini təyin edir". Məhz bu ifadə radonun tibbi məqsədlərlə istifadə olunmasını izah edir. Təsəvvür edin ki, radium atomlarının parçalanması zamanı yaranmış radioaktiv hissəciklər lazım olan yerə az miqdarda daxil edilsə, bir çox xəstəlikləri məhv edə bilər. Ona görə də Azərbaycanın istirahət zonalarında radonlu müalicəvi sular geniş yayılıb və bir çox xəstəliklərin müalicəsində onlardan istifadə olunur. Belə sularda radon konsentrasiyası çox zəifdir, şüalanma xəstəliyi yaratmır. Bu elementin elmi tədqiqat işləri ilə öyrənilməsi aşkar edib ki, radonla müalicə üsullarının tətbiqi zamanı orqanizm alfa şüalanmaya məruz qalır və bu zaman alfa-şüalar orqanizmi "qırılmış" genlərdən azad edir, onkoloji xəstəliklərdə təmizlik işləri aparmaqla, funksional pozulmaları və xəstəliyi vaxtında ləğv edir. Bu, həm də gündəlik həyatda, məişətdə və əmək fəaliyyətində insanları əhatə edən və onların məruz qaldıqları bütün növ şüalanmaları təmizləmək və məhv etmək üçün aparılan xüsusi təmizləmədir. Bexterev xəstəliyi, oynaq xəstəlikləri və başqa çətin sağalan xəstəliklərin müalicəsində də effektiv təsir göstərir. Radon müalicəsi üçqat effektivdir; dəri, ginekoloji, endokrinoloji, mədə-bağırsaq, qan dövranı ilə bağlı, hərəkət-istinad aparatının xəstəlikləri və digər hallarda tətbiq edilir.

- Deməli, radon insana düşmən deyil və cəmiyyətdə onunla bağlı maarifləndirmə işləri zəruri sayılmalıdır.

- İnsanların hər hansı təhlükəyə münasibəti onların bu sahədəki bilikləri ilə təyin olunur. Bəzi təhlükələr vardır ki, onların varlığı haqqında insanların təsəvvürləri yoxdur. Mən əminəm ki, əhali arasında "Radon nədir?", "Radon harada toplanır?" ,"Radon insana necə təsir edir?" sualları yazılmış sorğu anketi paylansa, həmin anketlərin əksəriyyəti cavabsız qalacaq. Radon təhlükəsi haqqında məlumatların olmaması bir tərəfdən əsassız qorxu, digər tərəfdən isə mövcud real təhlükəyə biganə münasibət yaradır. Təyin edilən xəstəliklər və təbii radionuklidlərin təsiri arasında səbəb-nəticə əlaqələrinin təyinində olan səhvlər (təbii radiasiya fonunu əsassız olaraq xəstəliyin səbəbi kimi göstərmək) hər hansı konkret bir xəstəyə və ümumilikdə, bütün cəmiyyətə böyük ziyan vurur. Radiasiya nəzarəti problemi çox mürəkkəb bir problemdir və nəinki əhali tərəfindən, həm də bəzi həkimlər tərəfindən doğru anlaşılmır. Bununla əlaqədar əhalinin elmi-populyar maariflənməsi radon probleminin həllində əsas məsələlərdən biridir. Zaman keçdikcə şüalanmanın insan orqanizminə zərərli təsirləri haqqında təcrübələrin çoxalması ölkəmizdə şüalanmadan qorunma sistemlərinin inkişafına gətirib çıxartdı. 2010-2013-cü illər ərzində AMEA Geologiya və Geofizika İnstitutunun  həyata keçirdiyi tədqiqatların nəticələri ölkənin hökumət təşkilatları tərəfindən diqqətlə qarşılanıb. Nazirlər Kabinetinin  müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı" qəbul edilib. Bu proqramın həyata keçirilməsində AMEA ilə birlikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əməkdaşları da iştirak edirlər.

Sonda oxuculara AMEA Geologiya və Geofizika İnstitutunun alimləri - Əkbər Feyzullayev,  Fərəh Mahmudova və Rauf Bağırlı ilə birgə tərtib etdiyimiz "Radon və insan sağlamlığı" elmi-populyar kitabça ilə də tanış olmağı tövsiyə edərdim.

Müsahibəni apardı: Şirməmməd NƏZƏRLİ

 





16.03.2018    çap et  çap et