525.Az

Ermənistanda medianın fəaliyyəti məhdudlaşdırılır: parlament iclasları qapalı keçiriləcək


 

QƏBUL OLUNAN YENİ QANUN DÜŞMƏN ÖLKƏ HAKİMİYYƏTİNİN QEYRİ-ŞƏFFAF, ƏDALƏTSİZ, ANTİDEMOKRATİK FƏALİYYƏTİNDƏN ƏL ÇƏKMƏK FİKRİNDƏ OLMADIĞINI, ƏKSİNƏ, BU YOLDA DAHA İRİ ADDIMLARLA İRƏLİLƏMƏYƏ ÇALIŞDIĞINI GÖSTƏRİR

Ermənistanda medianın fəaliyyəti məhdudlaşdırılır: <b style="color:red">parlament iclasları qapalı keçiriləcək</b>

Korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığının hökm sürdüyü, insan hüquqları, demokratik dəyərlərin ayaqlar altına atıldığı, söz, ifadə və mətbuat azadlığının boğulduğu Ermənistanda xalqla iqtidar arasında uçurum daha da dərinləşməkdədir.

Bürokratik əngəllərdən, sosial-iqtisadi problemlərdən əziyyət çəkən, yoxsulluq, səfalət içində yaşayan ermənilər Serj Sarkisyanın hakimiyyətdə qalmaq üçün atdığı addımları qəzəblə qarşılayırlar. Hazırkı prezident isə bütün maneələrə baxmayaraq, aprelin 9-da baş nazir postuna keçərək hakimiyyəti öz əlində saxlamağı hədəfləyib. Ancaq onun prezident olduğu ötən illər ərzində Ermənistanın yalnız geriyə getdiyini, yaşayış şəraitinin günü-gündən daha da pisləşdiyini görən və dərk edən ermənilərin vəziyyətin bu cür davam etməsiylə barışmaq fikirləri yoxdur.

İrəvanda keçirilən mitinqlərdə etirazçılar cinayətkar rejim rəhbərini istefaya səsləyir, ölkə rəhbərliyindən birdəfəlik getməyə çağırırlar. Ermənistanda əhalinin yaşayış səviyyəsiylə bağlı açıqlanan son rəqəmlər də vəziyyətin nə qədər acınacaqlı hal aldığını göstərir: düşmən ölkə MDB məkanında ən yoxsul ölkələrdən biridir. Lakin S.Sarkisyan əhalinin bu və digər problemlərini həll etmək əvəzinə etirazçı kəsimi neytrallaşdırmaq üçün zor gücündən istifadə edir, bu məsələləri işıqlandıran mediaya təzyiq göstərir, məhdudiyyətlər tətbiq edir, fundamental azadlıqlara qarşı tədbirlər həyata keçirir. Bunun növbəti əyani təzühürü kimi, martın əvvəlində Ermənistan parlamentinin növbədənkənar iclasında "Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında" qəbul olunan qanunu qeyd etmək olar. Bu qanunla kütləvi informasiya vasitələrinin dövlət dairələrində işi tənzimlənir. Daha dəqiq desək, bu qərar işğalçı ölkə mediasının dövlət orqanlarında fəaliyyətini məhdudlaşdırır. Qanunun 10-cu maddəsində qeyd olunub ki, bundan sonra Ermənistan parlamentinin iclasları mətbuata qapalı olacaq. Media nümayəndələri iclasların yalnız kiçik bir hissəsində iştirak edə biləcəklər. Ölkə ictimaiyyəti, o cümlədən, müxalif siyasətçilər, jurnalistlər bu qərarı kəskin etirazla qarşılayıblar. Erməni mətbuatının qeyd etdiyi kimi, qəbul olunan yeni qanun Ermənistan hakimiyyətinin qeyri-şəffaf, ədalətsiz, antidemokratik fəaliyyətindən əl çəkmək fikrində olmadığından, əksinə, bu yolda daha iri addımlarla irəliləməyə çalışdığından xəbər verir.

Hüquq müdafiəçisi Aşot Melikyan qeyd edib ki, Ermənistanda mətbuatım azad fəaliyyətinə qarşı hücumların olması yeni xəbər deyil: "Hakimiyyət mediaya qarşı məhdudiyyətlər tətbiq edib ictimaiyyətin ölkədə baş verən hadisələr barədə informasiya əldə etməsinin qarşısını alaraq, ömrünü uzatmağa çalışır".

A.Melikyan bildirib ki, 2015-ci ildə Ermənistan hökuməti "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliklər edərək, ictimaiyyətə qapalılığını qanuniləşdirib: "Halbuki əgər biz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparırıqsa, ilk növbədə ölkənin yüksək siyasi elitası cəmiyyətə açıq olmalı, şəffaf fəaliyyət göstərməlidir".

"Hraparak" qəzetinin baş redaktoru Armine Ohanyan isə qeyd edib ki, bu vəziyyət xalq dövlət arasında böyük ziddiyyətlərin mövcud olduğundan xəbər verir: "Hakimiyyət orqanları tərəfindən mediaya qarşı məhdudiyyətlər günü-gündən artır. Artıq Ermənistanda jurnalistika ekstremal idman növünə çevrilib. Belə görünür ki, hakimiyyət cəmiyyətdən uzaqlaşmaq üçün hər cür vasitəyə əl atır".

A.Ohanyan qeyd edib ki, son vaxtlar erməni jurnalistlərin fəaliyyətində yaranan problemlər, cəmiyyəti daha dolğun informasiya ilə təmin edə bilməməsi hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlərdən irəli gəlir: "Dövlət qurumları və nazirliklərin mətbuat katiblərinin də fəaliyyətinin keyfiyyəti aşağı düşüb. Əgər əvvəllər mətbuat katibləri jurnalistlərlə sərbəst şəkildə ünsiyyət qura, çalışdıqları dövlət qurumlarında yüksək ranqlı məmurlarla mətbuat konfransı, görüşlər təşkil edə bilirdilərsə, indi bu barədə söhbət belə gedə bilməz”.

"Aykakan jamanak" qəzetinin baş redaktoru Anna Akopyan isə deyib ki, əvvəllər hakimiyyət narazı kütlələrə, müstəqil media nümayəndələrinin qarşısını almaq üçün yalnız qəddar üsullardan istifadə edirdisə, son vaxtlar radikal davranışlarla yanaşı, "mədəni" üsulların da həyata keçirildiyinin şahidi olurlar: "Yəni hazırkı rejim təkcə siravi insanları, media mənsublarını qorxutmaq, döyməklə işini bitmiş hesab etmir. Qanuna müvafiq dəyişikliklər edərək törətdikləri əməlləri hüquqiləşdirirlər".

Ceyhun ABASOV

 





16.03.2018    çap et  çap et