525.Az

ADU elmi potensialı hər zaman özünəməxsuluğu ilə seçilib


 

ADU elmi potensialı hər zaman özünəməxsuluğu ilə seçilib<b style="color:red"></b>

Azərbaycan Dillər Universiteti dünya ali təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımlar atır.

ADU beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi və fəaliyyət planının yaradılması, beynəlxalq tərəfdaş universitetlər ilə, eyni zamanda, ikitərəfli universitet mobillik müqavilələrin bağlanılması, hazırlanması və dəyərləndirilməsi, beynəlxalq əməkdaşlıq çərçivəsində tələbələr üçün yaradılmış imkanların genişləndirilməsi və idarəsi, tələbə, işçi heyəti və tədqiqatçı mobilliyinin inkişaf etdirilməsi və idarəsini həyata keçirir, beynəlxalq səfərlər, konfrans və seminarlar təşkil edir.

Universitetdə əməkdaşlıq müqavilələri, həmçinin, müəllimlərin təlimi, birgə tədqiqat, resursların inkişafı (tədris və tədqiqatla bağlı resurslar daxil olmaqla) və kitabxana, həmçinin, mədəniyyət mərkəzlərinin yaradılması həyata keçirilir. ADU universitetlərlə inkişafın davamlılığına böyük önəm verir, dili üzrə mütəxəssislərin hazırlanması üçün beynəlxalq münasibətlər sahəsində layihələr tətbiq olunur.

Universitetin elmi potensialı hər zaman özünəməxsuluğu ilə seçilib. ADU-nun elm camiəsi öz sahəsinin peşəkarına çevrilən professor-müəllim heyətinin və xaricdən dəvət olunan mütəxəssislərin universitetə cəlb edilməsi hesabına formalaşıb. Bu nöqteyi-nəzərdən universitetdə bir sıra xarici universitetlərin professorları ADU tələbələri ilə görüşüb və mühazirələrlə çıxış edib.

Martın 11-dən 14-dək Moskva və Minsk Dövlət Linqvistik Universitetlərinin nümayəndələri ADU-ya səfər ediblər. Səfər çərçivəsində Moskva Dövlət Linqvistik Universitetinin Ədəbiyyat kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarev ADU-nun Tərcümə və mədəniyyətşünaslıq, Təhsil, Filologiya və jurnalistika fakültələrinin bakalavr və magistrları ilə görüşüb. Avropa ədəbiyyatının təhlil edən alim iştirakçıları maraqlandıran suallara da cavab verib. Bundan əlavə, Minsk Dövlət Linqvistik Universitetinin nümayəndələri ADU-nun professor-müəllim heyəti ilə görüşüb və Minskdə təcrübə keçmək, birgə layihələrin həyata keçirilməsi, elmi nəşrlərin buraxılması və qrantlarla bağlı müzakirələr aparılıb.

Martın 13-də Braziliyanın Paraiba Universitetinin dünya ədəbiyyatı üzrə tanınmış professoru Sudha Swarnakar Filologiya və jurnalistika fakültəsinin 235a qrup tələbələri ilə görüşüb. Professor S.Swarnakar "İngilis ədəbiyyatı və Latın Amerikası ədəbiyyatına giriş" mövzusunda  mühazirə oxuyub. Professor mühazirəsində tələbələrin maraq dairəsini araşdırmaq məqsədi ilə onların sevdiyi yazıçılar və əsərlər haqqında müzakirələr aparıb. S.Swarnakar mühazirədən sonra tələbələri maraqlandıran sualları cavablandırıb.

Gürcüstanın Qafqaz Universitetinin professoru M.Mançgaladze Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə fevralın 26-dan martın 8-nə kimi ADU-da olub. Professor M.Mançgaladze xaricilərə gürcü dili fənni tədris edən peşəkar mütəxəssislərdən biridir. O, uzun müddət Türkiyədə, Litvada bu istiqamət üzrə çalışıb və böyük təcrübəyə malikdir. M.Mançgaladze gürcü dilinin xaricilərə tədrisi üçün elektron dərsliklər müəllifidir. O, ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə "Gürcüstanşünaslığa giriş" fənni üzrə dərslər keçib. Dərslərdə fakültənin I, II və III kurs tələbələri iştirak edib. Dərslərin keçirildiyi müddət ərzində tələbələr gürcü əlifbasını və cümlələr qurmağı öyrəniblər. M.Mançgaladze dərsləri həftədə bir dəfə "Skype" vasitəsi ilə davam etdirmək niyyətindədir.

Cavid QAFULOV
ADU-nun İctimaiyyətlə əlaqə departamentinin əməkdaşı

 





16.03.2018    çap et  çap et