525.Az

Sofiyada Novruz bayramı qeyd olundu - Fotolar


 

Sofiyada Novruz bayramı qeyd olundu - <b style="color:red">Fotolar</b>

Sofiyada Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bolqarıstan Prezident Administrasiyası, Xarici, Daxili İşlər, Təhsil və Elm nazirliklərinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, eləcə də Bolqarıstanın digər dövlət və özəl qurumlarının, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, ölkənin aparıcı QHT və KİV əməkdaşları, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Azərbaycan diasporunun üzvləri iştirak edib. 

Bolqarıstan xarici işlər naziri Ekaterina Zaxarieva və Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən təbrik məktubları ünvanlanıb.

Tədbirin açılışında çıxış edən səfir Nərgiz Qurbanova Novruzun bu bayramı qeyd edən 300 milyondan çox insan üçün əziz olduğunu, Novruzun fəlsəfəsində məhz birliyin dayandığını və onun missiyasının insanlar arasında körpü olmaq, dialoq yaratmaq olduğunu söyləyib. Azərbaycan Səfəvi dövlətinin banisi, görkəmli hökmdar, şair Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasını xatırlayan səfir sözügedən əsərdə Novruzun fəlsəfəsinin gözəl təsvir olunduğunu qeyd edib. O, Novruzun yalnız təbiətin oyanması, çiçəklərin pöhrələnməsilə bağlı olmadığını, insanların daxilindəki məhəbbət və şövqün dirçəlişi ilə əlamətdar olduğunu, məhz bu cəhətlərin Novruzu ümumbəşəri etdiyini vurğulayıb.

Novruzun qeyd edilməsi ilə bağlı ən qədim təsvirlərin Azərbaycanda olduğunu qeyd edən səfir bu təsvirlərin paytaxt Bakıdan 60 km aralı olan Qobustanda yerləşdiyini, 40.000 yaşı olan bu təsvirlərin Azərbaycanda Novruzun qədim köklərinin sübutu olduğunu diqqətə çatdırıb.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində azərbaycanlıların hələ eradan əvvəl Novruz bayramını qeyd etdiyini bildirən N.Qurbanova şairin əsərlərində bu bayram barəsində geniş bədii təsvirlərin olduğunu əlavə edib.

Bildirib ki, Azərbaycanda Novruz məhz demokratik fəlsəfəsinə görə sevilir, bu bayram təkcə yaz gecə-gündüz bərabərliyinin qeyd edilməsi olmayıb, insanların bərabərliyi bayramıdır.

N.Qurbanova bu bayramın müxtəlif sosial təbəqədən olan insanları bir araya gətirərək onlar arasında qarşılıqlı anlaşma və birliyi möhkəmləndirdiyini qeyd edib.

Səfir həmçinin, Novruzdan öncə qeyd olunan çərşənbələr, bu bayramın rəmzləri barədə qonaqlara ətraflı məlumat verib. BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz günü” kimi elan olunduğuna diqqət çəkərək BMT-nin sabiq baş katibi Ban Ki-munun Novruz barədə “Novruz bizə qarşılıqlı anlaşma, hörmət və tolerantlıq vasitəsilə sülh üçün paylaşdığımız dəyər və arzularımızı xatırladır” fikirlərini xatırladıb.

Sonra bolqar musiqiçisi Minko Lambovun rəhbərlik musiqi qrupunun ifasında Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Rain Sultanov və digər caz musiqiçilərinin əsərləri səsləndirilib.

Sonda səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları və Novruzun rəmzləri olan şirniyyatlar təqdim edilib.

 





17.03.2018    çap et  çap et