525.Az

ABŞ vasitəçi dövlət olduğunu yenə unutdu


 

RƏSMİ VAŞİNQTONUN ERMƏNİ SEPARATÇILARININ LİDERİ BAKO SAAKYANIN AMERİKAYA SƏFƏRİNƏ ŞƏRAİT YARATMASI AZƏRBAYCANIN NARAZILIĞINA SƏBƏB OLDU

<b style="color:red">ABŞ vasitəçi dövlət olduğunu yenə unutdu</b>

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri rəsmi Bakının kəskin etirazına səbəb olub.

Erməni separatçıların liderinin Birləşmiş Ştatlar Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbirə qatılmasını Azərbaycan dövləti və ictimaiyyəti böyük narazılıqla qarşılayıb.

Bununla əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb, ona rəsmi Bakının notası təqdim edilib. Eyni zamanda, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını qarşı tərəfə çatdırıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, rəsmi Vaşinqtona ünvanlanmış notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə viza alaraq ABŞ ərazisinə daxil olması, müvafiq təsisatlarda separatçı rejimi təbliğ edən və maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu qeyd olunub. Bildirilib ki, bu hal BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, habelə Birləşmiş Ştatların rəsmi mövqeyinə qəti şəkildə uyğun deyil.

B.Saakyanın ABŞ-a səfəri Ağ Evin siyasətində mövcud olan ikili standartların bariz nümunəsidir. ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir. Əgər bu, normaldırsa, nəyə görə Donbas, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə və digər bu kimi separatçı qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır?

ABŞ separatçılar arasında fərq qoymaqla Dağlıq Qarabağ münaqişəsinin həllində daşıdığı vasitəçilik missiyasına yaraşmayan səhvlərə yol verir. Ağ Ev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə son qoymalı və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir.

Azərbaycan ictimaiyyəti ABŞ-ın bu ikili standartlar siyasətinə qəti etiraz edir, rəsmi Vaşinqtonu vasitəçilik missiyasına yaraşmayan addımlardan çəkinməyə çağırır.

Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Bako Saakyanın ABŞ-a səfəri Dağlıq Qarabağdakı separatçı hərəkatın 30 illiyi ilə əlaqədardır: “Dağlıq Qarabağda separatçılıq hərəkatı ABŞ-la ermənilərin birgə işidir. Əksəriyyət  münaqişənin yaranmasında Rusiyanı günahlandırsa da, ipin ucu Amerikaya gedib çıxır. ABŞ-ın xüsusi xidmət orqanlarının ermənilər vasitəsilə SSRİ-ni dağıtmaq üçün hazırladığı plana əsasən bu iş həyata keçirilib. Onlar Moskvada yaşayan vəzifəli erməniləri də bu prosesə qoşa biliblər”.

M.Əhmədoğlu xatırladıb ki, ABŞ Dövlət Departamenti 1987-ci ildən başlayaraq bir neçə dəfə SSRİ Xarici İşlər Nazirliyinə müraciətlər ünvanlayıb. O qeyd edib ki, Amerika Konqresinin də 1989-cu ilin iyul və noyabr ayında Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi iki qətnamə var. Konqresmenlərin tələbinə görə, SSRİ hökuməti Qarabağ komitəsiylə bir masa arxasında bərabərhüquqlu tərəf kimi oturmalı idi. Yəni Birləşmiş Ştatlar Konqresi SSRİ hökumətindən separatçı Qarabağ komitəsini özünə bərabər struktur kimi qəbul etməyi tələb edirdi. Qəbul olunan qətnamələrdə göstərilirdi ki, guya azərbaycanlılar Dağlıq Qarabağda erməniləri, yəhudiləri qırır, gürcüləri blokada şəraitində saxlayır”.

M.Əhmədoğlu qeyd edib ki, indi ermənilər amerikalılara bütün bunları xatırladaraq geriyə addım atmağa qoymurlar: “Ermənilər ABŞ-ı separatçı hərəkatın 30 illiyinə dəstək verməyə məcbur edirlər. Ona görə də, Bako Saakyanın Amerikaya budəfəki səfəri əvvəlkilərdən fərqləndirdi. Çünki separatçıların lideri ABŞ-a müxtəlif vaxtlarda səfərlər etsə də, o, heç vaxt Konqresdə, Amerikanın analitik mərkəzlərində bu cür qəbul olunmayıb. Əvvəllər o, Amerikada yalnız kilsədə ermənilərlə görüş keçirər, telemarafonlarda pul dilənərdi. İndi isə o, Konqresdə qəbul olunub, görüşlərdə iştirak edib”.

Mərkəz sədri hesab edir ki, bütün bunlar Azərbaycan-ABŞ münasibətlərinə təsir etməməlidir: “Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsində rolunu Azərbaycan ən dəqiq bilən politoloqlardan biri kimi deyə bilərəm ki, bu, münasibətlərə o qədər də mənfi təsir edən hadisə deyil. Bako Saakyanın ABŞ-a səfəri Bakı-Vaşinqton münasibətlərinə təsir etməməlidir”.

ABŞ dövlət katibi Reks Tillersonun vəzifəsindən uzaqlaşdırılması məsələsinə toxunan politoloq əlavə edib ki, onun dövründə Ağ Evin Dağlıq Qarabağ siyasəti xeyli Azərbaycanpərəst idi: “Birləşmiş Ştatların münaqişəylə bağlı siyasəti strukturlaşmışdı. ABŞ-ın ATƏT-in Minsk qrupundakı nümayəndəsi nəyi deyirdisə, BMT baş katibinin siyasi məsələlər üzrə müavini, amerikalı Cefri Feltman, bu ölkənin Azərbaycan və Ermənistandakı səfirləri da eyni sözləri təkrarlayırdı. Ona görə də, bizi ABŞ-la bağlı narahat edən əsas məsələ budur”.

M.Əhmədoğlunun fikrincə, Bako Saakyanla bağlı konkret mövqe ifadə etməyə tələsmək lazım deyil: “Əgər biz indi vəziyyəti gərginləşdirsək, ABŞ-da bizi istəməyən qüvvələri aktivləşdirəcəyik. Hələlik, ABŞ-ın yeni dövlət katibinin işə başlamasını, məsələylə bağlı rəsmi mövqe bildirmələrini gözləməliyik. Daha sonra vəziyyəti qiymətləndirmək olar”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Birləşmiş Ştatlara separatçı qruplaşmalara eyni gözlə baxmır: “Vaşinqton separatçılara bu qədər nəvaziş göstərirsə, nə əcəb Amerikaya Cənubi Osetiya, Abxaziya və ya Donbass separatçılarının liderləri dəvət olunmur? Nə fərqi var ki, keçmiş SSRİ məkanında separatçılar eyni mərkəzə tabedirlər və həmin mərkəz Vaşinqtonun rəqibidir. Buna baxmayaraq, Vaşinqton üçün erməni separatçılarının yeri ayrıdır”.

E.Şahinoğlu bildirib ki, separatçıların liderini Dövlət Departamenti binasında qəbul etsələr, buna da təəccüblənməz: “Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-ın Azərbaycandakı səfirini çağırıb ona nota təqdim etməsi tam yerindədir. Eyni ilə Azərbaycanın ABŞ-dakı səfiri də Dövlət Departamentində gedərək amerikalı diplomatlara anlatmaq istəyib ki, yanlış addım atmayın. Ancaq bütün xəbərdarlıqlar qulaqardına vurulub”.

Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyəti illərdir beynəlxalq aləmə təlqin etməyə çalışır ki, guya Azərbaycan torpaqlarının işğalında onlarlıq bir iş yoxdur, Azərbaycan Dağlıq Qarabağ rejimi ilə əlaqə qurub ortaq məxrəcə gəlməlidir: “Bunun yalan olduğu hamıya bəllidir. Separatçı Dağlıq Qarabağ rejiminin əldəqayırma olduğu, İrəvandan idarə olunduğu son hadisə ilə bir daha sübut olunub.

E.Şahinoğlu qeyd edib ki, Bako Saakyanın ABŞ-a səfərində iki məqsədi var idi: “Birinci məqsəd konqresmenlərlə görüş keçirib ermənipərəst amerikanların dəstəyini almaq, ikinci məqsəd Amerikada yenə hansısa telemarafonda iştirak edib pul dilənmək və daha sonra həmin pulla işğal altındakı infrastruktur çalışmalarını genişləndirməkdir. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmağına şərait yaradır və bununla ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir. Sonra da deyirlər ki, dünyada niyə Amerikaya rəğbət yoxdur? Olmaz da, göz görə-görə Azərbaycan kimi ölkələri özünüzdən küsdürürsünüz, elə Türkiyəni də bu yolla özünüzdən uzaqlaşdırdınız”.

Ceyhun ABASOV

 





18.03.2018    çap et  çap et