525.Az

Qlobal Bakı Forumu: Əməkdaşlıq müzakirələrinin edildiyi nüfuzlu platforma


 

Qlobal Bakı Forumu: <b style="color:red">Əməkdaşlıq müzakirələrinin edildiyi nüfuzlu platforma </b>

Son illər olduqca böyük, beynəlxalq konfransların, qlobal forumların, idman və nüfuzlu mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilən Azərbaycan, eyni zamanda, özü dünya əhəmiyyətli tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir. Əlbəttə ki, bu miqyasda tədbirlərin keçirilməsi üçün ölkəyə etimadın olması, onun beynəlxalq çəkisi, nüfuzu mühüm rol oynayır.

Paytaxt  Bakı martın 15-dən daha bir nüfuzlu foruma - VI Qlobal Bakı Forumuna ev sahibliyi edir. Bu forumun iştirakçılarının siyahısına, müzakirə edilən məsələlərə nəzər yetirdikdə, onun çəkisinin ildən ilə artdığı aydın görünür.  “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda baş tutan VI Qlobal Bakı Forumunda Albaniya prezidenti İlir Meta, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya baş nazirinin müavini Ana Birçall və digər rəsmi şəxslər iştirak ediblər. Həmçinin, bir sıra ölkələrin sabiq başçıları, nazirləri, nüfuzlu ekspertlər foruma qatılanlar arasındadır.

Tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Prezident İlham Əliyev forumda çıxışında bildirib ki, Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir: “Bu Mərkəz artıq altıncı dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib. Əminəm ki, Forumun gedişi zamanı beynəlxalq münasibətlərin gündəliyində olan ən mühüm məsələləri müzakirə edəcəyik. Həmçinin inanıram ki, dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələr də olacaq”.

Dövlət başçısı deyib ki, bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin, öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir. Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib”.

Millət vəkili Rauf Əliyev hesab edir ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib. Onun sözlərinə görə, ilk dəfə olaraq 2013-cü ildə Cənub Qafqaz Formu, 2014-cü ildə Qlobal Açıq Cəmiyyətlər Forumu kimi keçirilən bu Beynəlxalq tədbir 2015-ci ildə III, 2016-cı ildə IV, 2017-ci ildə V Qlobal Bakı Forumu adı altında keçirilib: “Bu forumlarda dünyanı narahat edən müxtəlif sosial, mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələri əhatə edən məsələlər müzakirə olunur. Bu, Forumların və digər Beynəlxalq tədbirlərin Bakıda, Azərbaycanda keçirilməsi bir daha göstərir ki, Azərbaycan bütün dünyada yüksək nüfuza sahib bir ölkədir. Bu Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş müdrik siyasətin nəticəsidir”.

Millət vəkili Azər Badamov isə deyib ki, paytaxt Bakıda VI Qlobal Forumun keçirilməsi həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, dünya üçün böyük əhəmiyyət kəsb etməsi forumda iştirak edən şəxslərdən də görmək olur: “50 ölkədən 500-dən çox qonaq, o cümlədən, bir neçə olkənin prezdenti, baş nazir, nazirlər, keçmiş prezidentlər, elm adamları və dünyada tutduğu mövqeyi ilə seçilən ayrı-ayrı sahələrin təmsilçiləri iştirak edirlər. Qlobollaşan dünyada ziddiyyətlər günü-gündən dərinləşir, yeni problemlər meydana gəlir, dünyada balans pozulur. Belə bir zamanda siyasətçilərin bir araya gəlməsi, diskussiyalar aparılması, ümumi bəyanata imza atmaları çox vacibdir. Bu prosesi məhz Azərbaycan təşkil edir və dünyaya öz sülhsevərlik missiyasını təqdim edir. Belə bir qloballaşan problemlə ölkəmiz də üz-üzə qalıb. Torpaqlarımızın 20%-i işğal altındadır. Soydaşlarımız etnik təmizlənməyə məruz qalıb. Bu baxımdan VI Qlobal Bakı Forumu ölkəmizin və regionun mövcud problemlərini dünya səviyyəsinə təqdim edilməsi üçün əvəzolunmaz platformadır. Bu forum vasitəsilə Qarabağ həqiqətlərini bir daha dünyanın diqqətinə çatdırırıq. Forumun gündəliyinə, müzakirə edilən məsələlərə, iştirakçı siyahısına baxanda, artıq onun nə dərəcədə əhəmiyyətli olduğu görünür. Sevindirici haldır ki, Azərbaycan bu gün dünyada beynəlxalq təşəbbüslərin müəllifi kimi çıxış edir və onu reallaşdırır. Həm də forum iştirakçıları ölkəmizin inkişafı ilə tanış olacaqlar və bunu da ölkəmizin turizm potensialının təqdimatında bir fürsət hesab edirəm. Bu forumun başqa bir əhəmiyyəti isə Azərbaycanın dostlarının sayını artırmasıdır ki, bu da beynəlxalq arenalarda ölkəmizə dəstək verənlərin sayını artması deməkdi”.

PƏRVANƏ

 





19.03.2018    çap et  çap et