525.Az

Mart soyqırımı yerli və xarici mənbələrdə


 

Mart soyqırımı yerli və xarici mənbələrdə<b style="color:red"></b>

Ermənilərin xalqımıza qarşı 100 il əvvəl törətdiyi amansız soyqırım, kütləvi qətliam haqqında təkcə yerli deyil, xarici mənbələrdə də xeyli faktlar yer alıb.

Belə ki, ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər. Amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər. Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi ilə nəticələndi.

ABŞ tarixçiləri C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını yazırlar. ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.

İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir. 

Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxlu məlumatlar vardır. Məsələn, N.Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş “Vətəndaş müharibəsinin milli rəng almaması üçün nə etmək lazımdır” adlı məqaləsində etiraf edirdi: “Fanatizmdən uzaq olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən vətəndaş müharibəsində 99 faiz bir millətin nümayəndələri qırılır. İrəvan quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı bölgələri mənim dediklərimi tamamilə təsdiq edir”. N.Nərimanov daha sonra 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində göstərirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.

Azərbaycan hökumətinin istintaq komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi qırmışlar. Digər mənbələrə əsasən, yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülüb. Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi.

Lakin mart soyqırımı azərbaycanlıların iradəsini qıra bilmədi. Bu, Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Bu mübarizə nəticəsini verdi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu.

Erməni daşnaklarının törətdiyi qətliama, soyqırıma həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra hüquqi-siyasi qiymət verilib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradıldı və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlandı. Hökumətin qərarı ilə hər il (1919-cu və 1920-ci il martın 31-də Ümummilli Matəm Günü kimi qeyd edilmişdir) mart ayının 31-nin Matəm Günü kimi qeyd edilməsi qərara alındı. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumət 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirdi. Nazirlər Şurasının qərarı ilə iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə yaradılan Fövqəladə İstintaq Komissiyasında ruslar, yəhudilər və digər millətlərin nümayəndələri də çalışırdı. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında - keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi. Prezident İlham Əliyevin “hücum diplomatiyası” xəttini elan etməsindən sonra azərbaycanlılara qarşı törədilən soyqırımlar haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülür. Müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları və Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.

Ermənilərin xalqımıza qarşı soyqırım siyasəti, ərazi iddiaları sonrakı dövrdə də, SSRİ dönəmində də davam etmişdir. Xalqımızın tarix boyu başına  gətirilmiş təkcə mart deyil, digər qanlı hadisələri, soyqırımları dünyanın diqqətinə çatdırmaq, siyasi qiymət verilməsinə nail olmaq üçün fəaliyyətimizi bütün səviyyələrdə daha da genişləndirməliyik.

PƏRVANƏ

 





19.03.2018    çap et  çap et