525.Az

"Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" seminarı


 

ƏLİ HƏSƏNOV: "KİV-LƏRİN ROLU PREZİDENT SEÇKİLƏRİNDƏ İŞTİRAK EDƏN NAMİZƏDLƏRİN ROLUNA BƏRABƏRDİR"

"Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" seminarı <b style="color:red"></b>

Dünən "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, KİV rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri və blogerlər iştirak ediblər.

Müşavirədə çıxış edən MSK sədri M. Pənahov bildirib ki, martın 19-dan namizədlərin təşviqat kampaniyası başlayıb və prezidentliyə namizədlər bu gündən (dünəndən-red) İctimai Televiziya və Radioda efirə çıxacaqlar. O qeyd edib ki, radio efirində namizədlərin çıxışı təxminən saat 19:00-da, televiziyalarda isə saat 22:00 radələrində olacaq, lakin dəqiq vaxt müəyyən olunacaq. MSK sədri bildirib ki, 5600-ə yaxın seçki məntəqəsində səsvermə keçiriləcək və seçicilərin ümumi sayı 5 milyon 300 mindən çoxdur: "Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və həmin məntəqələr elə seçilib ki, Azərbaycanın bütün regionlarını əhatə edir". M.Pənahov əlavə edib ki, dünyanın istənilən nöqtəsindən veb-kameralar vasitəsilə həmin məntəqələrdə səsvermə zamanı bütün prosesləri izləmək mümkün olacaq. M.Pəhanov seçkilərdə kifayət qədər beynəlxalq və yerli müşahidəçilərin qeydə alındığını da diqqətə çatdırıb və bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) da seçkiləri müşahidə edəcək: "Artıq DTİHB-nin uzunmüddətli missiyası fəaliyyətə başlayıb, qurumun 280 nəfər qısamüddətli müşahidəçisi gələcək".MSK sədri həmçinin,seçkilərdə baş verən proseslərin ictimaiyyətə düzgün çatdırılmasında KİV-lərin üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb: "Xaricdən maraqlı tərəflər KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etmək cəhdləri edir. İndiyə qədər KİV-lər bu cür hallara yol verməyib və inanıram ki, bu seçkilər zamanı da KİV nümayəndələri özlərini bölgələrdə xalqına xidmət edən bir qurumun nümayəndəsi kimi hiss edəcəklər".

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov isə deyib ki, hər bir namizəd seçicilərə fikir və mülahizələrini KİV vasitəsi ilə kütləvi şəkildə çatdırmalıdır. O qeyd edib ki, MSK namizədlərin istəyini nəzərə alaraq, televiziyada namizədlərin debatlarının müddətini 21.00-23.00 arasında müəyyənləşdirəcək: "Əvvəllər debatlar saat 19.00-da təşkil olunurdu, əhalinin müəyyən hissəsi bu debatlara baxa bilmirdi". Onun sözlərinə görə, KİV-lərin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir. Prezidentin köməkçisi deyib ki, KİV-lər namizədlər üçün vahid qiymətin, o cümlədən, vaxt və yerin ayrılmasını təmin etməlidir. KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır: "Bu, KİV-in peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir. KİV-lərin rolu 3-4 mərkəzdən monitorinq olunacaq, bütün seçki müşahidə missiyaları KİV-lərdə namizədlər üçün yaradılmış şəraiti hesabatlarında qeyd edəcəklər". Prezidentin köməkçisi onu da qeyd edib ki, namizədlərdən biri prezidentdir: "KİV-lərdə ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır. Mən KİV-lərin bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də eyni olmalıdır".

MŞ-nin sədri Ə.Amaşov çıxışı zamanı deyib ki, prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır. AMŞ sədri qeyd edib ki, hazırda 15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır. Onun dediyinə görə, monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq. Millət vəkili bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi. aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt"kimi fəaliyyət göstərəcək: "Hər hansı bir məsələ ortaya çıxdığı halda Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq".

MTRŞ-in sədri Nuşirəvan Məhərrəmli də çıxışında deyib ki, prezident seçkilərində indiyə qədər hər hansı qurum və namizəd tərəfindən KİV-lərlə bağlı şikayət daxil olmayıb. O, bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyası ilə görüş keçirdiyini bildirib: "Onlar hazırda fəaliyyətdə olan prezidentin dövlət başçısı kimi fəaliyyəti ilə namizəd kimi təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar. Mən bu sahədə balansın qorunub saxlanacağını bildirdim". MTRŞ sədri bildirib ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır: "Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Bu səbəbdən telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Ona görə də mən televiziya və radioların namizədlər üçün pullu efir vaxtı ilə bağlı ödəniş məsələsinə normal yanaşmasını istərdim".

MSK sədrinin müavini Natiq Məmmədov isə "Azərbaycan Respublikasının Prezidentinin seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri" mövzusunda çıxış edib.

Kamil HƏMZƏOĞLU

 





20.03.2018    çap et  çap et