525.Az

VI Bakı Qlobal Forumunda iştirak edən kitabxana işçiləri Milli Kitabxanada


 

VI Bakı Qlobal Forumunda iştirak edən kitabxana işçiləri Milli Kitabxanada <b style="color:red"></b>

VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri - IFLA-nın sabiq prezidentləri Klaudiya Lyuks və Parent İnqrid, ABŞ-ın Konqres Kitabxanasının Afrika və Orta Şərq bölməsinin müdiri Meri-Ceyn Dib, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq üzrə eksperti Mariya Karşiyska, İngiltərənin Lafboro Universitetinin əməkdar professoru Paul Sturges, Fransa Milli Kitabxanasından Gerald Qrunberq, Misirin İskəndəriyyə Kitabxanasının kitabxana sektorunun müdiri Lamiyə Abdülfəttah, İskəndəriyyə Kitabxansının əməkdaşı Raniya Kalavi, Afrika Kitabxana və İnformasiya Assosiasiyasının direktoru Joel Sam və digərləri dünən Milli Kitabxanada olublar.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov Milli Kitabxana haqqında qonaqlara ətraflı məlumat verib.

Qonaqlar ilk öncə bir gün əvvəl Qlobal forumun kitabxana işçiləri üçün panel iclasında təqdimatı keçirilən Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq Kitabxana"nı görmək istədiklərini bildiriblər. Xidmət işləri üzrə direktor müavini Ə.İsmayılova qonaqlara Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin bilavasitə təşəbbüsü əsasında həyata keçirilən bu layihədən, burada oxuculara göstərilən elektron və onlayn xidmətlərdən, açıq səma altında tədbirlərdən-kitab təqdimatlarından, şeir gecələrindən, "imzalı görüşlər"dən, məktəbli uşaqlarla keçirilən tədbirlərdən danışıb.

"Açıq Kitabxana"nı çox bəyənən qonaqlar bu layihənin çox kreativ, inniovativ əsaslı və əhəmiyyətli bir layihə olduğunu, onun həftənin 7 günü və günün 24 saatını fasiləsiz işlədiyini, hətta uşaqlar üçün də mütaliə guşəsinə çevrildiyinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Daha sonra qonaqlar kitabxananın Oxu zallarını, Nadir kitablar və kitabxana muzeyi şöbəsini, Kitab fondlarının mühafizəsi şöbəsini, Elektron kataloqun yaradılması, Elektron resursların yaradılması şöbələrini ziyarət edib, oxuculara kitab verilişi proseslərinin avtomatlaşdırılması işləri ilə və Milli Kitabxananın iş təcrübəsi ilə yaxından tanış olublar. Qonaqlar Milli Kitabxananın Oxu zallarında oxucular üçün yaradılan şəraitdən çox məmnun olduqlarını bildirib və oxu zallarının işıqlandırma sistemini, kitabxananın elektron xidmətlərini, həmçinin, kitab fondlarındakı mobil stellajları bəyəndiklərini vurğulayıblar. Konqres Kitabxanasında yenilənmə işlərinin həyata keçirildiyini qeyd edən Konqres Kitabxanasının Afrika və Orta şərq bölməsinin müdiri Meri-Ceyn Dib Oxu zalında tələbə gənclər üçün yaradılan imkanları bəyəndiyini xüsusilə bildirib və bu təcrübələri Konqres Kitabxanasında mütləq həyata keçirəcəyini söyləyib.

Daha sonra qonaqlar direktor Kərim Tahirov ilə Kitabxana haqqında öz təəssüratlarını bölüşüblər.

Sonra qonaqlara "Milli Kitabxana. Fotoalbom" (üç dildə: Azərbaycan, rus və ingilis dillərində), "Azərbaycan mətbəxi" kitabları, "Azərbaycan filmləri" (CD), Azərbaycan xəritəsi və Bakının simvolu olan Qız qalası suveniri hədiyyə edilib.

 





20.03.2018    çap et  çap et