525.Az

"Gərək bu günləri görəydin, Ata..."


 

XALQ ŞAİRİ FİKRƏT QOCANIN YENİ KİTABI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ ONUN AİLƏSİNƏ HƏSR OLUNUB

"Gərək bu günləri görəydin, Ata..."<b style="color:red"></b>

"Heydər Əliyev ailəsinə özümdə ruhi bağlılıq, qohumluq hiss edirəm. Bu ailə məni üç dəfə ölümdən qurtarıb..." - Xalq şairi Fikrət Qoca bu cümləni özünün yenicə nəşr olunan "Gərək bu günləri görəydin, Ata..." kitabında qeyd edib. Sitatdan da göründüyü kimi, kitab Ümummilli lider Heydər Əliyev və onun ailəsinə həsr olunub. Gülxani Pənahın redaktoru olduğu kitab dastanvari poema təsiri bağışlayır. Buna bir ailənin dastanı da deyə bilərik.

Kitabda Heydər Əliyev və onun ailə üzvlərinə həsr olunmuş şeirlər, beş mahnı mətni və onların yaranma tarixçələri yer alıb.

Müəllif kitabın yaranma ideyası ilə bağlı yazır: "Əlli bir yaşımdan sonra bu sətirləri yazdığım günə kimi məni üç dəfə ölümdən xilas etmiş bir ailə haqqında yazdığım şeirləri və musiqiyə yazılmış mahnı mətnlərini, zamanın tozu altında itib-batmasın deyə, bir kitabda topladım. Bu mahnılar, şeirlər təkcə mənim özümə görə minnətdarlığım deyil".

Xalq şairi ilə görüşüb yeni nəşrlə bağlı söhbət etdik: "Bu kitabdakılar hamısı Ümummilli lider Heydər Əliyevin ailəsinə həsr olunub. Burada Heydər Əliyevin dilindən Zərifə xanıma yazılmış "Sən gedəndən" mahnısı var ki, musiqisi onların qızı Sevil Əliyevaya məxsusdur, Müslüm Maqomayev oxuyub. Məşhur "Ana" mahnısı da Zərifə xanıma həsr olunub. Onun da musiqisi Sevil xanıma məxsusdur.

Bunlardan başqa, kitabdakı "Heydər Əliyev haqqında oda" şeirimə bəstəkar Kəmalə Heybət qızı musiqi yazmışdı.

1982-ci ildə yazdığım "Gərək bu günləri görəydin" adlı poemanın epiloquna  İlham Əliyevin dilindən yazdığım "Ata" şeirini daxil etmişəm. Həmin şeiri Heydər Əliyev rəhmətə gedəndə yazmışdım. Sonralar dostum təklif etdi ki, bəlkə buna musiqi bəstələnsin, mahnı kimi ifa olunsun. Mən də bu təkliflə razılaşdım. Həmin şeirə gözəl sənətkarımız, Xalq artisti Niyaməddin Musayev musiqi bəstələdi".

Kitabda həmçinin, Fikrət Qoca ilə Heydər Əliyevin dialoqu da yer alıb. Müəllif həmin söhbəti belə xatırlayır:

"1995-ci ildə mənim 60 illik yubileyim münasibətilə Dövlət Filarmoniyasında keçirilən tədbirə Heydər Əliyev şəxsən təşrif buyurmuşdu. Fasilədə biz onunla direktorun kabinetinə keçdik və yarım saatdan artıq söhbət etdik, televiziya da həmin söhbətimizi çəkdi. Sonradan bizim söhbətimiz mətn şəklində yazıya köçürüldü və "Ədəbiyyat" qəzetində çap olundu. Mən də oradan həmin mətni götürüb bu kitaba daxil etdim. O zamanlar elə qarışıq dövr idi ki, belə bir vaxtda işinin çox, başının qarışıq vaxtında onun mənə bu cür diqqət göstərməsi mənim üçün unudulmaz bir hadisə idi".

92 səhifəlik kitabda yazılar dörd hissədə toplanıb. Birinci hissədə Fikrət Qocanın yazdığı şeirlər və onların yaranma tarixçələri yer alıb. "Xatirələr yada düşür" adlı hissə müəllifin 60 illik yubiley görüşünə həsr olunub. "Qorxma", "Ana", "Elegiya", "Sən gedəndən", "Heydər Əliyev haqqında oda" kimi mahnı mətnləri də bu hissədədir.

Üçüncü hissəyə "Gərək bu günləri görəydin" adlı poema daxil edilib. "Atadan oğula əmanət Vətən" adlı sonuncu bölmədə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həsr olunan şeirlər var: "Mənim Heydər Əliyevlə bağlı məqalələrim çoxdur. Ancaq onları buraya daxil etmədim. Düşündüm ki, həcmi yığcam kitab həm oxucunu yormaz, həm də mətləbi daha lokanik və aydın çatdırar. Bunların əksəriyyəti bədii yazılar, müxtəlif vaxtlarda Heydər Əliyev və onun ailəsinə yazılmış şeirlərdir. 

1994-cü ildə, gərgin zamanda bir dəstə zəif insan yığışıb Heydər Əliyevə qarşı cəbhə açmışdı, guya ona qalib gəlməyə çalışırdılar. Mən həmin dövrdə onun haqqında "Heydər paşa" şeirimi yazdım və şeirdə də onun yenilməzliyini çatdırdım.

Bundan başqa İlham Əliyevə yazılmış "Xalqın səninlədir, zəfər sənindir" şeirim var ki, Cocuq Mərcanlının azad olunmağından sonra, Prezidentin ad günü ərəfəsində yazmışdım. Sonradan "Azərbaycan" qəzetində çap olundu. Ona da gözəl sənətkarımız Ruhəngiz Qasımova mahnı bəstələyib. Amma hələ ifa olunmayıb. Mahnının ortasında muğam yeri var. Həmin yer üçün də Mehriban xanım haqqında bir bəndlik şeir yazdım. Birinci Olimpia oyunları vaxtında yazdığım şeir də buradadır".

 "Gərək bu günləri görəydin, Ata..." kitabında mətnləri yer alan mahnılar disk şəklində də toplanıb və tirajlanıb, kitabın özü ilə birgə təqdim olunur.

Kitabda diqqət çəkən cəhətlərdən biri də şəkillərdən çox az istifadə olunmasıdır. Bununla bağlı danışarkən Fikrət Qoca dedi ki, kitabda sırf mətnlərlə bağlı, mövzuyla əlaqəli şəkillər yer alıb. 

Kitabın sonunda "Müəllifdən..." adlı hissədə Xalq şairi milli kimliyi ilə bağlı duyduğu qürur hissini bu cür ifadə edir: "İndi, Allaha şükürlər olsun ki, dünyanın güclü ölkələri arasında söz sahibi olan bir ölkənin - Azərbaycanın vətəndaşıyam. Bu müstəqil, güclü Azərbaycan xalqının və xalqın yetişdirdiyi bu gözəl ailənin əsəridir. Vətənimin İstiqlaliyyətinin sarsılmaz olduğundan arxayınam. Mən ölümdən qorxmuram, vətənim varsa, deməli, mən də varam, yaşayıram".

Kitabın korrektoru Çinarə Rahibqızı, rəssamı Ayxan, dizayneri isə Şəmsiyyə Əliyevadır.

Şahanə MÜŞFİQ

 





21.03.2018    çap et  çap et