525.Az

Tariximizə və taleyimizə sahiblik hissi


 

Tariximizə və taleyimizə sahiblik hissi<b style="color:red"></b>

"... Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan öz müstəqil dövlətçilik tarixinin yeni bir mərhələsinin astanasındadır: xalqımız qarşıdakı yeddi illik müddətdə ölkənin taleyini müəyyənləşdirəcək siyasi hadisəyə - prezident seçkilərinə hazırlaşır.

Demokratiyanın - xalq hakimiyyətinin mühüm tərkib hissəsi olan, dövlətin idarə edilməsində vətəndaşın iştirakını şərtləndirən bu seçkilər çox əlamətdar bir vaxtda, Şərqin ilk demokratik dövlətinin - Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində keçiriləcəkdir. Xalqımızın azadlıq və müstəqillik arzularından yaranan Xalq Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə xarici təcavüz nəticəsində nail ola bilməyib, süquta uğrasa da, onun ideyaları və dövlət quruculuğu ənənələri unudulmadı, milli dövlətçilik atributları qorunub saxlanıldı. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımızın tarixi-mədəni yaddaşı özünə qaytarıldı, milli mənlik şüuru və azərbaycançılıq məfkurəsi gücləndi, müstəqillik arzularının yenidən gerçəkləşməsi üçün mənəvi mühit, iqtisadi potensial yaradıldı. Ötən əsrdə ikinci dəfə Azərbaycanın öz istiqlalına qovuşmasında məhz bu amillər önəmli rol oynadı, müstəqil dövlətçilik ənənələrinin bərpası üçün möhkəm zəmin oldu.

Bu gün biz müstəqilliyin bərpasından ötən iyirmi altı ildə ölkəmizin nail olduğu yüksəliş və inkişafa görə çox böyük qürur və iftixar hissi keçiririk. Dövlət quruculuğunda, sosial-iqtisadi, mənəvi-mədəni inkişafda əldə olunan nailiyyətlərin təməlində Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və cənab Prezident İlham Əliyevin zamanın çağırışları kontekstində daha da zənginləşdirdiyi həmin strategiyaya sadiqliyi dayanır. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycanın vüsətli tərəqqisinə nə hələ də davam edən müharibə vəziyyəti, nə xalqımızın bədxahlarının törətdikləri əngəllər, nə də qlobal maliyyə-iqtisadi böhranın qarşıya çıxardığı çətinliklər təsir göstərə bilir. Mövcud mürəkkəb geosiyasi şəraitdə ölkəmizin regionda bütün istiqamətlər üzrə öncül mövqeyə çıxması, təkcə beynəlxalq enerji təhlükəsizliyi və nəqliyyat-logistika problemlərinin deyil, həm də dünyanı narahat edən sosial-iqtisadi və humanitar xarakterli bir sıra məsələlərin həllində fəal iştirak etməsi mükəmməl və düşünülmüş siyasətə əsaslanır. Xalqımızın və dövlətimizin maraqlarına tam cavab verən bu siyasətin davamlılığının təmin olunması baxımından qarşıdakı seçkilərin əhəmiyyətinin cəmiyyətdə aydın dərk edilməsi vacib şərtdir.

Seçkilərin keçirilməsi üçün tarixin müəyyənləşdirilməsində, yəqin ki, beynəlxalq aləmdə və bölgəmizdə baş verən ciddi proseslərin mahiyyəti və təsirləri, xüsusən də, xalqımızın yeganə ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı qarşıya qoyulan məqsədlərin gerçəkləşdirilməsi məsələləri önəmli rol oynayıb. Ölkə rəhbərinin bu taktiki addımı onun ekstremal şəraitdə ən düzgün qərar vermək bacarığına malik siyasi lider olduğunu bir daha təsdiqləyir.

Azərbaycan xalqının öz müstəqil dövlətinin taleyini yenidən məhz belə bir liderə etibar edəcəyi və ona etimad göstərəcəyi, təbii ki, gözləniləndir. Prezidentliyə namizədlərin irəli sürülməsi ilə bağlı müxtəlif ictimai qurumların, ziyalı və vətəndaş birliklərinin keçirdikləri yığıncaqlarda qəbul olunan qərarlar da xalqın mütləq əksəriyyətinin arzu və istəyini ifadə edir: prezidentliyə ən layiqli namizəd cənab İlham Əliyevdir! Ölkə ictimaiyyəti cəmiyyətimizin siyasi avanqardı olan Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri kimi onun namizədliyinin irəli sürülməsini səmimi və sarsılmaz bir yekdilliklə dəstəkləyir. 

Müstəqil dövlətimizə rəhbərlik etdiyi 15 il ərzində cənab İlham Əliyev müasir dünya siyasətinin incəliklərini mükəmməl bilən və bütün məsələlərin həllində milli maraqlarımızı təmin edən, sözü və əməli bir olan, praqmatik düşüncəli, qətiyyətli, cəsarətli, xarizmatik lider olduğunu sübuta yetirmişdir. O, doğma xalqının böyük sevgisini qazanmaqla yanaşı, həm də beynəlxalq səviyyədə güclü şəxsiyyət, müdrik siyasətçi, görkəmli dövlət xadimi kimi tanınır.

Bu gün seçim qarşısında olan hər bir vətəndaşımız cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən geniş miqyaslı islahatları, möhtəşəm quruculuq işlərini, sosial-iqtisadi inkişafı göz önünə gətirməlidir. Ölkəmiz iqtisadi göstəricilərinə görə beynəlxalq reytinqlərdəöncül yerlərdən birini tutur. İqtisadiyyatımızın inkişafı dinamikası çox yüksəkdir. Son 14 il ərzində iqtisadiyyatın 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir. Qeyri-neft sektorunda artımın 2,8 dəfə olması isə göstərir ki, iqtisadi inkişafımız təkcə neft-qaz istehsalı ilə bağlı deyil, çoxşaxəlidir. Bu müddətdə valyuta ehtiyatlarımız 23 dəfə artıb və 1,8 milyard dollardan 42 milyard dollara yüksəlib. Adambaşına valyuta ehtiyatları həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.Valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir.

Cənibi Qafqazın lider dövləti kimi Azərbaycan bölgədə həyata keçirilən bütün qlobal layihələrdə söz sahibidir və özünün geoiqtisadi, geosiyasi fəallığı ilə təcavüzkar Ermənistanı bu layihələrdən təcrid edə bilir. Ölkəmizin təşəbbüsü ilə yaradılan enerji və nəqliyyat dəhlizləri şərqdən-qərbə doğru uzanaraq, Asiya ilə Avropanı birləşdirir, bu iki qitədə sülhə, təhlükəsizliyə mislisiz töhfələr verir. 

Sosial məsələlərin həllinə gəldikdə, yenə ölkəmiz nəinki regionda, postsovet məkanında, eləcə də dünya miqyasında diqqət cəlb edən göstəriciləri ilə seçilir. Hazırda işsizlik 5 faiz, yoxsulluq 5,4 faiz səviyyəsindədir ki, bu da son illərdə həyata keçirilən uğurlu sosial siyasətin ən mühüm nəticəsidir.  Buraya maaşların beş dəfədən, pensiyaların səkkiz dəfədən çox artması faktını, qaçqınlarımız və məcburi köçkünlər üçün salınmış qəsəbələrin, yeni inşa edilmiş və ya bərpa olunmuş təhsil müəssisələrini, tibb ocaqlarının sayını, yaşayış məntəqələrimizin təbii qazla təminolunma səviyyəsini və digər arqumentləri də əlavə etsək, əminliklə deyə bilərik ki, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində misilsiz işlər görülüb. Sosial-iqtisadi inkişafın nəticələrini bizim hər birimiz hiss edir, görür və bunlardan yetərincə yararlanırıq.

Bu gün paytaxtımız Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir: klassik və müasir memarlıq ənənələrinin çox incə bir zövqlə sintez edilməsi şəhər arxitekturasına möhtəşəmlik verir. Burada keçirilən nüfuzlu beynəlxalq forumların, böyük idman tədbirlərinin iştirakçıları, ilbəil sayı artan xarici qonaqlar Bakının sürətlə yeniləşən simasına heyran qalırlar.

Bölgələrimizdə gedən vüsətli tikinti-quruculuq, abadlıq işləri digər şəhərlərimizdə, rayon mərkəzlərimizdə də ürəkaçan, göz oxşayan mənzərə yaradır. Azərbaycanın hər yerində, hər bir guşəsində iqtisadi fəallığın artması əhalinin getdikcə daha yüksək rifaha qovuşmasını təmin edir. Bu məqamda ölkəmizdə sahibkarlığın inkişafına dövlətimizin və onun başçısının necə güclü dəstək verdiyini yada salmaq istərdim. Sahibkarların maarifləndirilməsindən və hüquqlarının müdafiəsindən başlamış, güzəştli kreditlər verilməsinə, investisiya təminatına, elektron xidmətlər göstərilməsinə, xüsusi iqtisadi zonalar, sənaye parkları və biznes inkubatorları yardılmasınadək çoxsaylı tədbirlər dövlətin əlverişli sahibkarlıq mühiti formalaşdırmaq üçün məqsdəyönlü siyasət apardığını göstərir. Bunun nəticəsidir ki, indi ölkə iqtisadiyyatında özəl sektorun payı səksən faizdən çoxdur.

İqtisadiyyatı güclü olan dövlət qarşısına çıxan bütün problemləri həll etməyə qadirdir - cənab İlham Əliyevin apardığı siyasət bu tarixi həqiqətə söykənir və öz bəhrəsini verir. İqtisadi qüdrəti daim artan dövlətimiz xalqımızın yeganə ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində öz gücünü göstərməkdədir. Azərbaycan büdcəsində hərbi quruculuq və müdafiə məqsədləri üçün ayrılan vəsaitin işğalçı Ermənistanın bütövlükdə dövlət büdcəsini üstələməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Biz nə qədər bu münaqişənin dinc vasitələrlə və danışıqlar yolu ilə öz həllini tapmasını arzulasaq da, təcavüzkar Ermənistan işğaldan əl çəkib sülhə gəlmək, münaqişəni qan tökülmədən sahmana salmaq niyyətindən uzaq görünür. Belə vəziyyətdə Azərbaycan öz hərbi üstünlüyündən istifadə etmək məcburiyyətindədir və 2016-cı ilin aprelində düşmən təxribatına cavab olaraq ordumuzun məhdud sayda qüvvə ilə gerçəkləşdirdiyi əks-həmlə əməliyyatı bu üstünlüyü bir daha nümayiş etdirdi. Aprel döyüşləri ordumuzun təkcə taktiki-texniki cəhətdən deyil, həm də qəhrəman əsgər və zabitlərimizin yüksək döyüş ruhu və vətənpərvərlik duyğusuna görə düşməndən qat-qat güclü olduğunu göstərdi. Təbii ki, ordumuzu belə güclü edən ən mühüm amil Ali Baş Komandanın - cənab İlham Əliyevin dövlətimizin hərbi qüdrətinin artmasına xüsusi qayğı və diqqət göstərməsidir.

Bu gün Azərbaycan özü müharibə vəziyyətində olmaqla yanaşı, həm də dünyanın ən təhlükəli, qanlı-qadalı, terrorizm və hərbi qarşıdurmaların hökm sürdüyü bir regionu ilə qonşuluqdadır və belə şəraitdə balanslaşdırılmış, müstəqil siyasət aparmaq heç də asan iş deyildir. Beynəlxalq münasibətlər sistemində ikili standartların tətbiq edilməsi, əksər hallarda haqqın nahaqqın ayağına verilməsi bu işi daha da çətinləşdirir. Cənab İlham Əliyev bu mürəkkəb geosiyasi situasiyada ən düzgün olan yolu seçərək xarici siyasətdə də milli maraqlarımızı tam təmin edir. Belə qətiyyətli və uzaqgörən siyasətə xalqın dəstək verməsi təbiidir və möhtərəm Prezidentimizin dünya miqyasındakı nüfuzu bizi qürurlandırmaya bilməz.

Məncə, təcavüzkarla, xarici düşmənlə mübarizə aparmaq xalqın öz içərisindən çıxan xəyanətkarları cilovlamaqdan, onların təxribatlarının qarşısını almaqdan daha asandır. Çox təəssüf ki, Azərbaycanda da zaman-zaman belə hallar baş verir, öz şəxsi mənafeyini dövlətin, millətin maraqlarından üstün tutanlar, ölkəmizin inkişafını, xalqımızın rifahını gözü götürməyən əcnəbi bədxahlarımızın,  ermənipərəst qüvvələrin əlində oyuncağa çevrilənlər tapılır. Prezident seçkiləri ərəfəsində belə antimilli qüvvələrin fəallaşması nə qədər gözləniləndirsə, onların əl atdıqları vasitələrin heç bir mənəvi-əxlaqi çərçivəyə sığmaması, ən eybəcər şəkil alması bir o qədər ağlagəlməzdir. Mən həmin yaramazların adlarını burada çəkmək istəmirəm, amma onlara üz tutub deyirəm ki, sizin primitiv və əxlaqsız hərəkətləriniz, söyüş və təhqirləriniz Azərbaycan cəmiyyətində hədsiz qəzəb və nifrət doğurur. Bununla ictimai rəyə təsir göstərə biləcəyinizi düşünürsünüzsə, nəinki yanılırsınız, həm də sizin ciddi və sağalmaz psixoloji problemləriniz vardır!

Xalqımız özünə lider və rəhbər seçməyə də, onu qorumağa da qadirdir.

Xalqımız öz müstəqil dövlətçiliyinin, əmin-amanlığının və dincliyinin dəyərini bilir və onu daim qoruyacaqdır!

Bu gün Azərbaycanın sakitlik və sabit inkişaf məkanı kimi tanınması və qəbul edilməsi bizim hər birimizin qəlbində qürur və iftixar hissi doğrur. 

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə ölkəmizin həyatında yeni mərhələ başlanacaqdır ki,  bu da müstəqil dövlətçiliyimizin bərpasından sonrakı  dövrdə qazanılmış nailiyyətlərin zənginləşdirilməsi, həmçinin, zamanın çağırışlarına cavab verən inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə əlamətdar olacaqdır. Heç şübhəsiz, belə taleyüklü bir məsələdə hansısa eksperimentə ehtiyac qalmır, tariximizə və taleyimizə sahiblik bizim üçün ən mühüm amil olacaqdır. Öz tarixini bilən və taleyini təsadüflərə qurban vermək istəməyən Azərbaycan xalqının seçimi isə məlumdur: cənab İlham Əliyevin apardığı siyasətin alternativi yoxdur və biz qarşıdakı yeddi il ərzində də müstəqil dövlətimizin daha da qüdrətlənməsinə, milli inkişafımıza təminat olan bu siyasətin davam etdirilməsinə səs verəcəyik!

 





21.03.2018    çap et  çap et