525.Az

Xarici dillərin tədrisi metodikası kafedrası əməkdaşları Ağdam 1 saylı tam orta məktəbində


 

Xarici dillərin tədrisi metodikası kafedrası əməkdaşları Ağdam 1 saylı tam orta məktəbində <b style="color:red"></b>

Martın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşları Təhsil fakültəsinin tələbələrinin pedaqoji təcrübə keçmək üçün təhkim olunduqları Bərdə rayonu Həsənqaya kəndində yerləşən Ağdam rayonu 1 saylı məcburi köçkün tam orta məktəbinə səfər ediblər.

Səfərdə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, kafedranın əməkdaşları Gülbəniz Camalova və  Fəxriyyə Zahidova iştirak ediblər. Səfər sonrası kafedranın müdiri, professor Gülnar Hüseynzadə təəssüratlarını bölüşüb.  

- Hazırda kafedramızın baş müəllimi Akif Qasımov Həsənqaya kəndində yerləşən Ağdam rayonu 1 saylı məcburi köçkün tam orta məktəbində təcrübə keçən tələbələrə rəhbərlik edir. Səfərimizin əsas məqsədi müəllim və tələbələrin iştirakı ilə "Qloballaşma dövründə xarici dilin tədrisinin xüsusiyyətləri və problemləri" mövzusunda seminar keçirmək idi. Seminarı keçdik, təqdimatlar etdik, sonra isə dəyirmi masa ətrafında müzakirələr apardıq. Məktəb heyəti ADU-nun bu təşəbbüsünü yüksək qiymətləndirdilər və onları diqqətdə saxladığımız üçün təşəkkürlərini bildirdilər. Biz layihənin universitetimizin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirildiyini qeyd edərək bu barədə məlumat verdik, bunun davamlı olacağını söylədik. Məktəbin direktoru işinin həddindən artıq çox olmağına baxmayaraq, bizimlə 2 saat əyləşdi. Xüsusilə qeyd etmək istərdim ki, bizim tələbələr orda yaxşı münasibət qura biliblər. Məktəb üçün kitablar hədiyyə etdik. Orada viktorina keçirdik və tələbələrimizin fəaliyyətinin nəticəsi olaraq onların aktivliyinin şahidi olduq. Məktəb heyəti bu əlaqələrin qurulmasının qarşılıqlı önəmli olduğunu söylədilər. Bu, həqiqətən bizim üçün də vacibdir. Çünki biz regionlarda olan məktəblərlə, şagirdlərlə maraqlanmalı, onların arzu və tələblərini bilməliyik.

- Bu layihənin şagirdlərin gələcək həyatında hansı rolu ola bilər?

- Düşünürəm ki, böyük rolu ola bilər. Çünki oradakı şagirdləri universitetə gətirib tanış etmək maddi və fiziki baxımdan çətindir. Ancaq müxtəlif sahənin nümayəndələrinin ora getməsi, birbaşa tanış olması onlar üçün böyük hadisədir. Bu, onların dünyagörüşlərini, genişləndirir. Akif Qasımov təcrübə keçən tələbələrimizlə yalnız dillərin tədrisi ilə bağlı deyil, hərtərəfli səviyyəli iş qurub. Layihənin tərbiyəvi əhəmiyyəti böyükdür. Bu layihə məktəb universitet əlaqələrinin yaradılması istiqamətində böyük addımdır.

- Məktəb haqqında fikirləriniz necədir?

- Mən sizə deyim ki, bu, şəhərcikdir. Mən düşünürdüm ki, birmərtəbəli binalardır. Lakin beş-yeddi mərtəbəli, qırmızı rənglə boyanmış, müasir standartlara cavab verən, dövrün tələblərinə uyğun şəraiti olan binalardır. Bizi tələbələrin yaşadığı şəraitlə tanış etdilər. Həmçinin, məktəbdə də əlverişli şərait yaradılıb, müəllimləri də savadlı, dünyagörüşlü insanlardır. Bütün şərait insanlar oxuması, yaşaması, inkişaf etməsi üçün qurulub.

- Təcrübəçi tələbələrimizin dərslərini izlədiniz?

- Əlbəttə, tələbələrin dərslərində də oturduq. Və gördük ki, onlar özlərini şagirdlərə sevdirə biliblər və gənc müəllim kimi qəbul olunurlar. Bunun tələbələr üçün böyük əhəmiyyəti var. Mən deməzdim ki, orada hansısa çətinliklər mövcuddur. Orada dərs keçmək çox rahatdır. Pedaqoji təcrübə çox yüksək səviyyədə davam edir.

 





21.03.2018    çap et  çap et