525.Az

Özbəkistanda Azərbaycanın müalicəvi turizm imkanları təqdim olundu


 

Özbəkistanda Azərbaycanın müalicəvi turizm imkanları təqdim olundu<b style="color:red"></b>

Özbəkistanda Azərbaycanın müalicəvi turizm imkanlarına dair təqdimat mərasimi keçirilib. Azərbaycanın “Travel lab” və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə keçirilən tədbirdə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbərliyi, bu ölkənin 30-dan çox aparıcı turizm təşkilatının nümayəndələri, çoxsaylı mətbuat nümayəndələri iştirak ediblər.

Mərkəzdən Trend-ə verilən məlumata görə, əvvəlcə Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı “Azərbaycan - Qafqazın dürdanəsi” adlı fotosərgi, habelə milli mədəniyyətimizə dair suvenirlər, milli geyimlər nümayiş etdirilib.

Sərgidə Azərbaycanın turizm imkanları, ölkəmizdə mövcud olan dünya şöhrətli sanatoriyalara dair fotoşəkillər sərgilənib və bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bukletlər paylanılıb. Hər il keçirilən Bakı Şoping Festivalı, Novruz şənlikləri, həmçinin regionlarda ölkəmizin turizm imkanları haqqında geniş məlumatlar verilib.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizdə son illər turizm sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verərək, çoxsaylı infrastruktur layihələrinin həyata keçirildiyini, nəinki paytaxt Bakıda, eləcə də regionlarda müasir tələblərə cavab verən turizm mərkəzlərinin yaradıldığını, müalicəvi turizm sahəsində Azərbaycanın imkanları haqqında məlumat verib. Ölkəyə gələn turistlərin sayında xeyli artımın olduğunu qeyd edən S.Abbasov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda turizmə dair keçirilən bütün beynəlxalq sərgilərdə Azərbaycanın təmsil olunduğunu, əsas məqsədin isə özbək turistlərin Azərbaycana cəlb edilməsi olduğunu söyləyib.

Digər çıxışçılar Azərbaycanın turizm imkanları, yüksək səviyyədə olan infrastrukturu və xidmət sahəsində əldə olunan nailiyyətləri qeyd edərək xalqlar arasında dil, din, mədəniyyət yaxınlığının turizm sahəsində əlaqələrin inkişafına da öz müsbət təsirini göstərdiyini bildiriblər.

Daha sonra Azərbaycanın “Travel lab” şirkətinin Bakı şəhərinin, Naftalan, Naxçıvandakı müalicəvi turizm komplekslərinin imkanlarına dair təqdimatı nümayiş etdirilib.

Tədbir çərçivəsində Özbəkistanın turizm şirkətləri ilə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb, yeni əlaqələr yaradılıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi Bakı şəhərinin namizədliyinin 2025-ci ildə keçiriləcək beynəlxalq "Expo" sərgisinə ev sahibliyinə irəli sürülməsinə dair “Baku Expo 2025” adlı xüsusi videomaterial nümayiş etdirib və bu barədə məlumat verib.

Tədbir bədii proqramla davam edib. Azərbaycan-Özbəkistan dostluğuna dair çəkilmiş klip nümayiş etdirilib, tanınmış özbək sənətçilər Azərbaycan musiqilərini ifa edib, milli rəqslərimiz nümayiş etdirilib.

 





26.03.2018    çap et  çap et