525.Az

Mehmetçiyin Afrin zəfəri


 

Mehmetçiyin Afrin zəfəri<b style="color:red"></b>

Avropa Türkiyənin bölgədə qlobal güc, geostrateji əhəmiyyətə malik  müttəfiq olduğunu anlamalıdır 

Türk Silahlı Qüvvələrinin Suriyada antiterror hərəkatının yeni hədəfi kimi başlatdığı “Zeytun budağı” əməliyyatının uğurla aparılması və Türkiyənin qürur və şərəf tarixi olan 18 mart - Çanaqqala zəfərinin ildönümünü günündə Afrin şəhərinin mərkəzinin terrroçulardan tamamilə təmizlənməsi ikiqat möhtəşəm hadisə kimi yadda qalmaqdadır. Türkiyənin Afrin zəfəri PKK-PYD-YPG terrorçularının təlim düşərgəsi və silahlandığı ən qaynar bölgəyə nəzarətin ələ keçirilməsi ilə bərabər, regionda sülh və təhlükəsizliyin təmin olunması, yerli əhalinin öz yurd-yuvalarında dinc, əmin-amanlıq şəraitində yaşaması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Afrin şəhər mərkəzinin terror ünsürlərindən təmizlənməsi həm humanitar, həm hərbi, həm də siyasi baxımdan regionun xəritəsini dəyişdirməkdədir.

Türkiyənin bu zəfəri təəssüf ki, Qərb tərəfindən yenə də birmənalı qarşılanmadı və terrorla mübarizədə sözdə Ankaranın yanındayıq deyən Avropa və ABŞ siyasiləri, dövlət məmurlarının əməllərində isə tamamilə başqa niyyətə sahib olduqlarını bir daha nümayiş etdirdi. Qərbin növbəti dəfə saxtakar və riyakar siması, ikili standartlardan çıxış etdiyi özünü göstərməkdədir. 7 ildir ki, Suriyanı qana bulaşdırmış bu müharibənin ən fəlakətli nəticələrindən biri olan PKK/YPG terror təşkilatlarının bölgədə güclənməsi, meydan oxumasına qarşı Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun dərs verməsi münaqişəyə seyrçi qalan, bəzən isə müharibəni şiddətləndirən, terrroçuları silahlandıran Qərbin narahatlığını artırıb. Türkiyənin regionda antiterror əməliyyatlarında dönməzliyi və möhtəşəm uğurları, münaqişəni sabitləşdirmək üçün təsirli tədbirləri qısqanclıqdan və hikkədən boğulan Avropanın türklərə qarşı ucuz və çirkin kampaniyalar aparmasına rəvac verib.

Son bir ayda PKK və YPG-nin Belçika, Fransa, Hollandiya, Almaniyada küçələrində terrorbaşı Abdullah Öcalanın portretləri, terror şüarları ilə keçirilən aksiyalara polisin səssiz qalması, parlament nümayəndələrinin terror qruplarının üzvləri ilə görüşmələri, PYD lideri Salih Müslümün bir müddət əvvəl Çexiyada saxlanılaraq yenidən azadlığa buraxılması, həmin ölkələrdəki Türkiyə səfirlik və konsulluqlarının, camilərin türk şirkətlərinin binalarının terrorçular tərəfindən təcavuzə məruz qalması və digər hadisələr Avropanın gerçək üzünü göstərir. Avropa Birliyi və ABŞ açıq-aşkar Türkiyənin regionda təkbaşına terrorla amansızla savaşını qısqanclıqla qarşılayaraq əllərində maşaya çevrilmiş kürd separatizmini dağıdıcılığa təhrik edirlər.

Əslində, Türkiyə ilə Qərbin münasibətlərindəki soyuqluq rəsmi Ankaranın Avropanın əsil simasını ifşa edən tarixi faktları ortaya qoymasından sonra artdı. ABŞ və Avropanın bəzi hərbi məmurlarının 2016-cı il 15 iyun terror çevrilişinə cəhddə iştirakının olmasına dair Türkiyə Baş Prokurorluğunun və kəşfiyyat orqanlarının təkzibolunmaz dəlillərini ortaya qoymasından sonra NATO-nun davranışlarında soyuqluq duyulmağa başladı. 65 illik isti münasibətlərə malik əlaqələrin hərarətinin enməsində NATO-nun strateji müttəfiqinə qarşı ikibaşlı oyunu və səmimiyyətini itirməsi əsas rol oynadı. AKP iqtidarına qarşı hərbi çevrilişə cəhd zamanı Şimali Atlantika Alyansında hegemonluq edən ölkələrin, xüsusilə də, ABŞ, Almaniya və Belçikanın yüksək rütbəli zabitlərinin FETO ilə sıx əlaqələrinin sübut olunması, İncirlik hərbi bazasında Türkiyə hökumətinə qarşı fəaliyyətdə olan NATO zabitlərinin hərbi xuntaçılarla birgə əməkdaşlığı və digər məqamlar ikitərəfli münasibətlərdə inamın itməsinə gətirib çıxardı. Türkiyə dövlətinin FETO ilə bağlı istintaq araşdırmaları zamanı yüksək rütbəli hərbi xəyanətkar zabitləri həbs etməsi də NATO-nun bəzi bürokrtaları tərəfindən birmənalı qarşılanmadı. 2017-ci il noyabrın 18-də NATO-nun Norveçdəki hərbi təlimləri zamanı Türkiyənin milli qüruru olan Mustafa Kamal Atatürkün və Siyasi lider Rəcəb Tayyib Ərdoğanın portretləri şərti düşmən qismində istifadə edilməsi hərbi intizamsızlığın, siaysi mədəniyyətsizliyin və strateji tərəfdaşa qarşı ədəbsizliyin, hörmətsizliyin nümunəsi oldu. Hərbi tərəfdaşlardan birinə qarşı bu cür tərbiyəsizlik NATO-nun nüfuzuna ciddi xələ gətirməklə bərabər, bu təşkilatın kimlərinsə əlində siaysi oyuncağa, siaysi təsir vasitəsinə çevrildiyini göstərmiş oldu.Türkiyə dövlətinin dərhal 40 türk əsgəri təlimlərdən geri çağırması təşkilatın rəhbərliyini məyus etdi, insidentdən sonra Norveçin müdafiə naziri, həmçinin NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyə Prezidentindən üzr istəməsinə baxmayaraq, dünyanın ən nüfuzlu təşkilatlarından birinin şöhrət və qüdrətini alt-üst etdi. Türkiyənin nəhəng siaysi xadimi Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi bu utancverici hadisənin üstü quru üzrxahlıqla örtüləsi deyil, NATO özünün adını və nüfuzunu biabır etdi.

Baş verənlərə rəğmən, Türkiyə bütün strateji tərəfdaşları ilə bərabər, faydalı və qarşılıqlı hörmət, açıq siyasi davranış və səmimi dostluq prinsiplərinə əsaslanan əlaqələri möhkəmləndirmək niyyətindədir. Rəsmi Ankara regional və beynəlxalq təşkilatların hər birində layiqli təmsil olunmaqla bütün tərəfdaşlarına bərabər hörmət əsasında yanaşır. O cümlədən, Avropa Birliyi ilə əlaqələrdə də qarşılıqlı hörmət prinsiplərini əsas hesab edir və qarşı tərəflə anlaşılan bütün mövzularda qapılarını açmağa hazırdır. Martın 26-da Bolqarıstanın Varna şəhərində keçirilən Türkiyə-Avropa İttifaqı (Aİ) sammiti bu baxımdan münasibətlərdəki soyuqluğun aradan qaldırılması və bərpası, yeni hərarətin yaranması baxımından yaxşı fürsət oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi Avropanın Türkiyəni genişlənmə siyasətindən kənarda saxlaması bu qurum üçün ağır bir səhv ola bilər. Avropa Türkiyənin bölgədə qlobal güc, geostrateji əhəmiyyətə malik bir müttəfiq, dinamik inkişaf edən ölkə olduğunu anlamalıdır. Ona görə də, Avropa Birliyi münasibətlərdəki yaranmış çətinliyii geridə buraxmalıdır. Təşkilat Ankaranın etimadını və güvənin qazanmaq üçün verdiyi öhdəliklərə riayət etməli, iqtisadi-ticari əlaqələrin genişlənməsində yaranan çıxıntıları aradan qaldırmağa çalışmalıdır.

Ərdoğan Suriya münaqişəsi barədə danışarkən Türkiyənin bu mövzuda dəyişməz qətiyətli mövqeyini bir daha bəyan edib. Bildirib ki, Türkiyə hazırda bir çox terror təşkilatının zərələşdirilməsini hədəf seçib.

Ötən il “Fərat Qalxanı” hərəkatı zamanı 3 min İŞİD terrorçusu məhv edildi. “Zeytun budağı” əməliyyatında 3 min 800 YPG-li terrorçu zərərsizləşdirilib.Türkiyə bütün terror ünsürlərinə qarşı mübarizə aparacaq və əməliyyatlar terror yuvaları dağıdılana qədər davam edəcək. Antiterror əməliyyatları yalnız Türkiyənin özünün və Suriyanın təhlükəsizliyinə deyil, Avropanın da təhlükəsizliyinə töhfə verir. Buna görə də, Avropa bu mübarizədə Türkiyəyə qarşı haqsız iradlar və ikili oyunlardan çəkinməli, Ankaraya güclü dəstək verməlidir. Rəsmi Ankara qarşı tərəfdən sədaqət və səmimiyyət gözləyir. Türkiyənin Siyasi Lideri miqrantlar məsələsində Avropa Birliyinin üzərinə götürdüyü məsuliyyəti dərk etməyə çağırıb.

 





28.03.2018    çap et  çap et