525.Az

Milli Rəqəmsal Yaddaş: sosial şəbəkə istifadəçiləri üçün etibarlı mənbə


 

Milli Rəqəmsal Yaddaş: <b style="color:red">sosial şəbəkə istifadəçiləri üçün etibarlı mənbə</b>

Son illər sürətlə həyatımıza daxil olan sosial şəbəkələr yaşamımızın ayrılmaz tərkib hissəsinə çevriliblər. Çox az qrup insan tapmaq olar ki, facebook, whatsapp, twitter, youtube, instagram, linkedin və s. kimi sosial şəbəkələrdən istifadə etməsin.
 
İnsanların, xüsusən də gənclərin ciddi şəkildə marağına səbəb olan sosial şəbəkələrin əhatə dairəsinin, təsir etdiyi auditoriyanın daha da genişlənməsi müsbət tərəfləri ilə yanaşı, mənfi tərəflərini də özüylə gətirməkdədir.

XXI əsr hadisəsi - internet fenomeni adlandırılan sosial şəbəkələrdə informasiya başgicəlləndirici sürətlə dövr edir. Qısa bir statistika təqdim etməklə bu sürəti az da olsa təsəvvürünüzdə canlandırmaq istərdik. Son məlumatlara görə, sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb. Hazırda dünyada ən böyük sosial şəbəkə facebook-dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard fəal istifadəçidən ibarətdir. Onların 87 faizi mobil qurğulardan istifadə edir, 59 faizi isə hər gün facebook-a daxil olur. Fəal istifadəçilərinin sayı 1,5 milyard təşkil edən youtube video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri whatsapp, facebook messenger və wechat messencerləri tutublar. Whatsapp proqramının isə 600 milyon istifadəçisi var. Bu rəqəmlərin getdikcə artacağı heç kim üçün sirr deyil. İstənilən bir informasiyanın bu sürətlə yayılma imkanının mövcud olması insanların xəbər almaq imkanını artırır. Sosial şəbəkələrin hər gün genişlənən imkanları şəxslərin bir-birilə əlaqə qurmaq imkanını artırır. Ancaq bunun eyni zamanda, mənfi əks-təsirləri də var. Fikrimizcə, ən ciddi problem isə yayılan yanlış informasiyaların insanların düşüncəsinə, psixikasına təsir etməsidir.

Bir çox hallarda real həyatda ətrafındakı topluma ciddi bir təsiri olmayan şəxslər, təşkilatlar, şirkətlər sosial şəbəkələr vasitəsilə fenomen ola bilirlər. Son dövrlər lokal miqyasda bizim cəmiyyətimizdə, qlobal miqyasda isə dünyada baş verən hadisələri təhlil etdikdə belə bir qənaət hasil olur ki, proseslər əvvəl virtual aləmdə meydana gəlir, sonra isə real aləmdə davam edir. Bunun isə əsas təkanverici amili məhz sosial şəbəkələrdir. Sosial şəbəkələr ilk fəaliyyətə başlayan dövrlərdə o qədər də ciddiyə alınmadığı halda hazırda az qala həyatımızın hər anını diqtə edir. Burada qəsdən, yaxud bilməyərəkdən yayılan dezinformasiya, şantaj mahiyyətli xəbərlər bir və ya bir qrup insanın, təşkilatın, şirkətin, hətta dövlətin belə varlığına son qoya bilmək gücündədir. "Ərəb baharı" adlanan inqilabların baş tutmasında sosial şəbəkələrin, daha konkret desək, facebook-un və youtube-nin böyük rolunun olduğunu hər kəs etiraf etməkdədir. ABŞ prezidenti Donald Tramp twitterdə paylaşdığı statuslarla nəinki Amerika, hətta beynəlxalq ictimai rəyə belə ciddi təsir etməkdədir.

Mütəxəssislər, daha çox gənclərin sosial şəbəkələrdən istifadə etdiyini qeyd edirlər. Sual doğuran məqam isə budur: Nə üçün gənclər real ünsiyyət əvəzinə virtual ünsiyyətə daha çox üstünlük verirlər? Halbuki üzbəüz görüşüb danışaraq həll edə biləcəyin bir məsələni virtual yolla, sosial şəbəkə vasitəsilə bir neçə günə də həll edə bilməzsən. Fikrimizcə, sosioloqların, mütəxəssislərin bu kimi psixoloji məqamları dərindən araşdırması lazımdır.

İnternet asılılığı bir problemdirsə, sosial şəbəkələrdə hər cür informasiyanın yayılması bir başqa problemdir. Zərərli informasiyaların fəsadları haqqında mütəxəssislər zaman-zaman həyacan təbili çalırlar. Bu çağırışlar diqqətə alınmalıdır. Bizlər öz gənclərimizə, insanlarımıza lazımi bilgiləri verməzdən öncə kənardan, sosial şəbəkələrin imkanlarından istifadə edə bilən kimlərsə (xüsusən düşmənlər) bu bilgiləri vermək imkanındadır. Kənardan bilgi alan insan da onların ideologiyası, planı istiqamətində hərəkət edə bilər. İşin də ən təhlükəli tərəfi məhz budur. Xüsusən də müharibə vəziyyətində olan, Azərbaycan Respublikasına qarşı daim şaiyə, şantaj, dezinformasiya, təxribat xarakterli məlumatlar yayan erməni lobbisinin mövcudluğu çalışmalarımızı və diqqətimizi ikiqat artırmağı tələb edir. Yanlış və təxribat xarakterli informasiyaların sel kimi axışdığı bir aləmdə doğru informasiyanı tapmaq o qədər də asan deyil. Bunun üçün də virtual məkanda insanlarımızın Azərbaycana aid olan doğru informasiyanı əldə etməsi işini asanlaşdırmağa çalışmalıyıq. Fikrimizcə, burada əsas çıxış yolu isə informasiyanı bir bazada toplamaqdan keçir.

Bütün bu məqamları nəzərə aldıqda sosial şəbəkələrin və orada yayılan informasiyaların həm də milli təhlükəsizlik mövzusu olduğunu söyləyə bilərik. Dünya və ölkə ictimai rəyinə ciddi təsir edən internet məkanda Azərbaycan haqqında doğru informasiyaların bir bazada toplanılması, onun istifadəçilər üçün əlçatan vəziyyətə gətirilməsi görülməsi vacib olan işlər sırasındadır.

Hazırda bu sahədə ölkəmizdə həm dövlət, həm də ictimai qurumların gördüyü işləri təqdirəlayiq saymaq olar. Xüsusən də dövlət səviyyəsində ölkəmizə, onun tarixinə, mədəniyyətinə, iqtisadiyyatına, siyasətinə və s. aid yalnız Azərbaycan deyil, müxtəlif dünya dillərində kifayət qədər əhəmiyyətli məlumatlar hazırlanıb istifadəyə verilib.

Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərini təbliğ etmək kimi önəmli fəaliyyəti yalnız təqdir etmək lazımdır. Qeyd etmək istərdik ki, informasiyanı istehsal etmək qədər onu qoruyub saxlamaq, yerli və beynəlxalq istifadəçilərə, o cümlədən, gələcək nəsillərə çatdırmaq da önəmlidir. AMEA Mərkəzi Elmi Kitabxana (MEK) bu önəmli fəaliyyətə töhfə verməkdədir. Hesab edirik ki, virtual aləmin imkanlarının daha da genişlənməsi, sosial şəbəkələrin istifadəçilərinin sayının artması elektron resurslara olan tələbatı da artırır. Buna görə də Mərkəzi Elmi Kitabxana və onun tərkibində fəaliyyət göstərən İnformasiya resursları mərkəzi olaraq elektron resursları toplamaq, onları istifadəçilərə təqdim etmək işini daha da genişləndirmək niyyətindəyik. Kütləvi mədəniyyətin, hər cür ziyanlı informasiyanın yayıldığı internet aləmdə azərbaycanlı oxucu üçün vahid bir bazaya toplanmış etibarlı elektron mənbənin mövcudluğu çox önəmlidir. Belə bir məqamda qeyd etmək yerinə düşər ki, yuxarıda sadaladığımız məqamları nəzərə aldıqda Milli Rəqəmsal Yaddaş bazası sözügedən etibarlı elektron mənbə rolunu oynaya bilər. Həmin ehtiyacı gördüyümüz üçün MEK olaraq 2014-cü ildən etibarən icra etdiyimiz Milli Rəqəmsal Yaddaş layihəsini 2017-ci ildən daha da genişləndirdik. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu tərəfindən "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması" layihəsinin dəstəklənməsi də MRY bazasının əhəmiyyətini, imkanlarını, effektini daha da artırdı. Bundan başqa, MEK tərəfindən 2017-ci ildə görülən işlər nəticəsində MRY elmiləşdi.

Bu barədə ilk dəfə məlumat alan şəxslər üçün bildirmək istərdik ki, MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə verməkdir. İnanırıq ki, sosial şəbəkələrin aktiv istifadəçisi olan, virtual aləmdə ölkəmizin haqq səsini dünyaya çatdırmağa çalışan insanlar üçün vahid və etibarlı elektron mənbənin mövcudluğu, orada Azərbaycana aid qiymətli informasiyanın toplanması böyük bir imkan olacaq. Bu faktın özü Milli Rəqəmsal Yaddaş layihəsinin əhəmiyyətini, ona olan tələbatı daha da artırır. Bu tələbatı gördüyümüz üçün MEK olaraq bizlər fəaliyyətimizdə həmin məqamı nəzərə alaraq işimizin əhatə dairəsini buna uyğun bir şəkildə tənzimləyirik.

Mübariz GÖYÜŞLÜ
AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 





28.03.2018    çap et  çap et