525.Az

"Azərbaycan ziyalısı ilk növbədə dövlətin marağından çıxış etməlidir"


 

"Azərbaycan ziyalısı ilk növbədə dövlətin marağından çıxış etməlidir"  <b style="color:red"></b>

Aktyor və kinorejissor Şeyx Əbdül Mahmudbəyovla görüşümüz əlamətdar vaxta təsadüf etdi.

Bu il Azərbaycan kinosunun 120 illik yubiley ili, bu günlər isə Azərbaycan dövlətçilik tarixinin mühüm günlərindən biri - 11 aprel Prezident seçkiləri ərəfəsidir.

Elə söhbətimiz də milli-mənəvi dəyərlərimizin təbliği, Azərbaycan kinosunun inkişaf tarixi, müasir dövrümüzdə mədəniyyətimizə göstərilən dövlət qayğısı ətrafında baş tutdu. 

"Bizim poeziyamız, musiqi irsimiz bütün dünyaya dərs keçəcək şəkildə zəngindir" 

"Mən həmişə o fikirdəyəm ki, xalqın güclü ideologiyası, təbliğatı olmalıdır. Böyük xalqlar ilk növbədə öz ideologiyasını qurur, mədəniyyətlərini, milli-mənəvi dəyərlərini dünyaya bu cür təqdim edir, tanıtdırırlar. Bu gün bizim bu tanıtıma çox böyük ehtiyacımız var. Biz burada hansısa işlər görürük və elə düşünürük ki, artıq vəzifəmiz bitdi. Ancaq sərhədi bir az keçən kimi aydın olur ki, çox xalqlar, çox dövlətlər bizim haqqımızda yetəri qədər bilgiyə sahib deyillər. Bəs niyə bilmirlər? Buna bəzən soyuqluq, etinasızlıq, bəzən lovğalıq və başqa bu kimi şeylər səbəb olur. Ancaq bunun əvəzində bizdən həşərat kimi qidalanan xırda tayfalar, mənfur düşmənlər bundan məqsədli şəkildə istifadə edirlər. Axı dünya ictimaiyyəti əsl həqiqəti bilmir. Nəyi görürlərsə, ona inanırlar. Halbuki, bizim poeziyamız, musiqi irsimiz bütün dünyaya dərs keçəcək şəkildə zəngindir. Bu irs hardan gəlir, bu xalqın tarixi haralara gedib söykənir, bunların hamısı bizim mədəniyyətimizdə, qayaüstü rəsmlərimizdə açıq-aydın öz əksini tapır.

Əmir Teymurun sözü ilə desək, dünyada böyük həşəratlar xırda həşəratları yeməklə dolanır. Bu, bütün zamanlarda belə olub. Bəs bunun xilas yolu nədir? Xilas yolu bizim milli kimliyimizə qayıdışdadır. Əgər biz milli kimliyimizi ortaya qoysaq, açıb göstərsək, dünya qarşısında da ən azı özümüzü müdafiə edə bilərik.

Dünya üç struktur üzərində formalaşıb: birincisi əbcəddir, yəni rəqəmlər, ikincisi, poeziyadır, bu, bizdə aşıq-ozan janrıdır, üçüncüsü, dövlət, hərb dili. Bunlar üçü də vəhdət şəklində gözəldir.

Əgər Heydər Əliyev faktoru olmasaydı...

Xalqımızı başqa xalqlardan fərqləndirən xüsusiyyətlər nələrdir? Əvvəla, artıq dünya alimləri də bunu təsdiq edib ki, dünya sivilizasiyasının ilk yarandığı, ilk insanların məskunlaşdığı ərazilərdən biri məhz Azərbaycandır. Azıx mağarası, Qobustan qayaları, Gilan qayası və başqa abidələr buna sübutdur. Həmçinin, poeziyamızdakı, xalq ədəbiyyatımızdakı onlarla nümunə də bunu sübut edir.

Azərbaycan tarix boyu müstəqilliyə can atan, özünəməxsus dövlətçilik ənənələri olan ölkə olub. Ancaq onu da etiraf etməliyik ki, XX əsrdə baş verən hadisələr Azərbaycanı bir ölkə kimi məhv etməyə, dünya xəritəsindən silməyə gətirib çıxara bilərdi. Doğrudur, çox qurbanlar verildi, çox savaşlar oldu, qanlar axdı. Amma biz yenə də uduza bilərdik. Əgər Heydər Əliyev faktoru olmasaydı. O, böyük Sovet imperiyası dövründə yetişib formalaşan dahi rəhbər, dövlət xadimi, siyasətçi, idarəçilik sisteminin mahir bilicisi və nəhayət, Sovet dövlət aparatının olimpinə yüksəlmiş şəxsiyyət kimi gəldi və dövlətçiliyimizi xilas etdi. Bundan sonra zaman-zaman digər sahələrdə də intibah, inkişaf müşahidə olundu.

Azərbaycan xalqı Allah tərəfindən sevilən xalqdır. Allah sanki zaman-zaman buraya seçilən şəxsiyyətlər göndərir. Baxın, XIX- XX əsrlərdə Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Sabir, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Hüseyn Cavid kimi dahilər olmasaydı, o dövr ədəbiyyatı formalaşmayacaqdı. Lap əvvəldə isə klassik irsimizdə Nizami, Qazi Bürhanəddin, Nəsimi, Füzuli kimi nəhənglər olub. Çox qəribədir ki, dövlətçilik baxımından da Allah özü həmişə bu xalqı xilas edib, göndərdiyi şəxiyyətlərlə.

Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan bu müstəqil dövlətimiz Azərbaycanın tarixən 17-ci müstəqil dövlətidir. Dünya tarixində bu cür xalq çox nadirdir. Azərbaycan xalqı genetik olaraq dövlətə, dövlətçiliyə bağlıdır. Təkcə XX əsrdə bu millət dövlətçilik üçün üç dəfə qan axıdıb. Elə bu ənənədən irəli gəlir ki, xalq öz çətin günündə böyük şəxsiyyət Heydər Əliyevi təkidlə, israrla hakimiyyətə gətirdi. O isə Allahın qüdrəti, xalqın inamı və özünün siyasi dünyagörüşü, idarəçilik bacarığı ilə bu xalqı xilas etdi.

Dünyada təsadüfi heç nə yoxdur. Heydər Əliyev kimi dahinin evində böyüyən İlham Əliyevin bu gün dövlətimizin başında olması da xalqın ən böyük uğurudur. Bir neçə gündən sonra dövlətçilik tariximizin daha bir mühüm hadisəsini yaşayacağıq - xalqımız öz prezidentini seçəcək. Bir ziyalı kimi keçmişə və bu günə nəzər salanda ən doğru seçimin də məhz Ümummilli liderin davamçısı, dövlət başçımız İlham Əliyev olduğunu bir daha görürük.

Biz xalq olaraq çalışmalıyıq ki, dövlətimizin ətrafında sıx birləşək  

Azərbaycanda siyasi partiyalarda pərakəndəlilik hökm sürür. Nə yazıq ki, hakim partiyadan başqa digərləri yetişməyib, inkişaf etməyib. Ona görə rəqabət də yüksək səviyyədə deyil.

Azərbaycan geosiyasi baxımdan dünyanın diqqət mərkəzində olan, kiçik ərazisinə rəğmən inkişaf perspektivləri ilə qonşu dövlətlərin nəzərində olan dövlətdir. Hansı ki, illərdən bəridir başının üstünü qarğa-quzğun kimi kəsdiriblər. Bu cür dövrdə vəziyyətdən çıxış yolunu ən yaxşı şəkildə bilən və bu siyasəti yürüdən tək lider İlham Əliyevdir. Xalq özü də gedən prosesləri çox gözəl bilir, başa düşür və hər kəsin lazımi qiymətini verməyi bacarır. Biz xalq olaraq çalışmalıyıq ki, arada gedən söz-söhbətlərə, müxalif fikirlərə məhəl qoymadan dövlətimizin ətrafında sıx birləşək. Dövlət vahid güc mərkəzidir. Azərbaycan ziyalısı ilk növbədə dövlətin və xalq marağından çıxış etməlidir.

Azərbaycan kinosunun 120 illik yubileyi

Bu il biz dünyada analoqu olmayan hadisələrdən birini də yaşayırıq: Azərbaycan xalqı öz kinosunun 120 illik yubiley bayramını qeyd edir. Möhtərəm prezidentimiz bu işdə də çox diqqətli davranaraq, ona xüsusi dəyər verib və yubiley rəsmi dövlət səviyyəsində qeyd olunur.  Ondan başqa, cənab prezident mənim ustad hesab etdiyim böyük sənətkar Həsən Turabovun 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə də bağlı sərəncam imzaladı.

Dünyanın heç bir yerində dövlət kinoya maliyyə ayırmır, əksinə, kinodan qazanır. Amma bizim dövlətimiz hər il kinomuzun inkişafı üçün yüksək məbləğdə maliyyə yardımı ayırır. Hər şey birdən olmur. Zamanla bu sahədə də yüksək nailiyyətlər əldə olunacaq, inkişaf yaranacaq.

Bütün bunlar yalnız kinoya deyil, bütün Azərbaycan mədəniyyətinə göstərilən diqqət və qayğıdır.

Bu gün bizim sağlam dövlətçilik ənənələrimiz, zəngin mədəniyyətimiz və bunları qoruyan Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyev kimi dövlət başçımız  var, biz ona inanır və onun siyasətini dəstəkləyirik!

Şahanə MÜŞFİQ

 





30.03.2018    çap et  çap et