525.Az

Elektron Təhlükəsizlik Xidməti "Microsoft"la memorandum imzaladı


 

Elektron Təhlükəsizlik Xidməti "Microsoft"la memorandum imzaladı<b style="color:red"></b>

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə "Microsoft Azərbaycan" arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən verilən məlumata görə, sənəd kibertəhlükəsizlik sahəsində "Microsoft"un xidmət və texnologiyalarından istifadə, bilik və təcrübə mübadiləsi, tədqiqatların aparılması üzrə əməkdaşlıq əlaqələrinin qurulması, dövlət sektorunda lisenziyalı proqram təminatının təbliği kimi məsələləri əhatə edir.

"Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, kiberhücumlar nəinki təşkilat və şirkətlərə maddi zərər vurur, eyni zamanda, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. O qeyd edib ki, imzalanan bu Anlaşma Memorandumu Azərbaycanda kiberməkanın təhlükəsizliyinin təmin edilməsində və ümumiyyətlə, ölkədə informasiya texnologiyaları sahəsinin inkişafında olduqca vacib addımdır və mühüm rol oynayacaq: "Kibertəhlükəsizlik sahəsində "Microsoft"un kifayət qədər təcrübəsi, həlləri və xidmətləri mövcuddur. Biz bütün bunları Elektron Təhlükəsizlik Xidməti ilə bölüşməyə hazırıq".

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini, onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici dövlət qurumudur.

Xidmət "FİRST", "Tİ", "CERT CC", "CAMP", "Anti-phishing Working Group (APWG)" kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.

C.ABASOV

 





03.04.2018    çap et  çap et