525.Az

Polkovnik Əbülfət ağa Şahtaxtinski: gerçək vətənsevər, cəsur sərkərdə


 

Polkovnik Əbülfət ağa Şahtaxtinski: <b style="color:red">gerçək vətənsevər, cəsur sərkərdə</b>

9 mart 1913-cü il. O dövrün populyar ictimai, siyasi qəzeti olan "Kavkaz" üzücü bir xəbərlə Tiflis, İrəvan və Naxçıvan ziyalılarını, həmçinin, hərbçilərini çox kədərləndirdi.

Söz arası deyək ki, "Kavkaz" qəzeti rus dilində 1846-cı ilin yanvarından nəşr edilib. Tiflisdə nəşr edilən bu qəzet əvvəllər həftədə 2 dəfə, 1866-cı ildə həftədə 3 dəfə buraxılmışdır. 1877-ci ildən isə gündəlik qəzet kimi məşhurlaşmışdı. 9 mart şənbə günü idi. Şənbə günündə olan elanla bildirilirdi. "Ağır kədərdən sarsılmış Balabəyim xanım əziz və unudulmaz ərinin, Sadıq ağa, bacısı və qardaşları ilə birlikdə əziz atalarının qəflətən vəfat etdiyini öz doğmalarına və tanışlarına xəbər verirlər.

Qoridəki 202-ci piyada polkunun polkovniki Əbülfət ağa Şahtaxtinski martın 6-da gündüz saat 12-də Kutaisi şəhərində qəflətən vəfat etmişdir. Mərhumun cənazəsi Şahtaxtıdakı ata malikanəsinə aparılacaq və orada martın 12-də dəfn ediləcəkdir. Cənazə martın 10-da axşam saat 10-da Tiflisdə olacaqdır".

"Kavkaz" qəzeti 10 mart "Bazar günü" nömrəsində bu kədərli xəbəri təkrar dərc edib ("Kavkaz", 9-10 marta 1913, №57-58). Xatırladaq ki, 1907-ci ildə Qafqaz özünün ən məşhur generallarından birini, Naxçıvanskilərin kürəkəni Maqsud Əlixanovu itirdi. Daşnaklar onu faciəli surətdə məhv etdilər. Onun sədaqətli həyat yoldaşı, general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Zərrintac bəyim hökumətdən tələb etdi ki, ərini dəfn etmək üçün doğulduğu Xunzaxa aparmağa icazə versinlər. Onu Aleksandropoldakı erməni qəbiristanlığından çıxartdırdı və qardaşları Rəhim xanın, Cəfərqulu xanın, eləcə də ərinin qardaşının köməyi ilə Tiflisdən Bakıya, oradan isə Xunzaxa apardı. Həmin vaxt Tiflis dəmiryol vağzalında Maqsud Əlixanovu yola salanlar arasında Əbülfət ağa və Balabəyim Şahtaxtinskilər də kədərlə dayanmışdılar. Artıq qətiyyətli generallar ağılsız, kütbeyin rəqiblərin xəyanətləri ucbatından məhv edilirdilər. Bir neçə il əvvəl general Qryaznevi də beləcə öldürdülər. Aradan 6 il keçməmiş Zərrintac xanım oğlu Hafiz xanla Qoridən Tiflisə, birbaşa dəmiryolu vağzalına gəlmişdi ki, Balabəyim xanımın, hələ də ata nəvazişinə ehtiyacı olan övladlarının dərdinə şərik olsun.

Əbülfət ağa Şahtaxtinskinin vəsiyyətinə görə onu Naxçıvanın Şahtaxtı kəndinə aparıb orada doğmalarının yanında, Şahtaxtinskilər nekropolunda (sərdabəsində) torpağa tapşıracaqdılar.

Tiflisin nücəba insanları, məşhur hərbçiləri, nurlu ziyalıları və polkovnikin həmyerliləri-naxçıvanlılar perronda dayanıb Kutaisidən gələn zirehli qatarı gözləyirdilər.

Qafqaz canişini cəsur sərkərdəni Naxçıvana aparmaq üçün zirehli qatar və silahlı əsgərlər ayırmışdı. Həmin nekroloqun dərc olunduğu "Kavkaz" qəzetini 94 ildən sonra Tiflisdəki Gürcüstan Milli Kitabxanasında tapıb oxuyuram. Hər şeyi anlamağa çalışıram. Öz hərbi hünəri ilə tarixlərə iz qoymuş, elmi ilə müasirlərini heyran edən polkovnik Əbülfət ağanın vətənə son səfərini damla-damla topladığım xatirələrin işığında xatırlayıram. Heç ağlıma gəlməzdi ki, 1980-ci ildə fəaliyyəti ilə maraqlandığım bu cəsur polkovnikin həyat səhifələrini Tiflisdə, Kutaisidə, Qoridə vərəqləməli olacağam. Çox qəribədir ki, qəhrəman naxçıvanlı hərbiçilərin axtarışlarını bəzən məqsədli şəkildə apara bilmirəm. Maraqlı elmi axtarışların çox gərgin vaxtında digər bir qəhrəmana aid sənədlər sanki özləri axtarıb tapır məni. Həmin andaca vaxtı ilə ya yazdığım, ya da yaddaşıma köçürdüyüm xatirələr köməyimə gəlir.

Əbülfət ağa haqqında ilk dəfə hələ uşaqlıq illərində atamdan eşitmişdim. Sonralar tələbə olanda yenə atam dedi ki, tarixin elə səhifələri var ki, onları bilmirsiniz. Amma həqiqət o bilmədiklərinizdədir. 1980-ci ildə atam məni Şahtaxtı kəndinə aparıb Əbülfət ağanın məzarını da göstərmişdi. Uçurdulmuş, viranə qalmış Şahtaxtinskilərin ailə sərdabəsində indi lap tənha qalan, hətta bir-iki ilə tamamilə yox olacaq bu məzar haqqında bir az sonra danışacağıq. Heç unuda bilmirəm, atam orada bir daşın üstə oturdu və necə deyərlər, papirosu papirosa caladı və kədərlə dedi: Eh, gidi dünya, vaxt varıdı 1920-ci ilədək bu sərdabənin qapısında hər gün iki kazak əfsəri dururdu. Amma indi gör nə gündədir...

Əbülfət ağa haqqında ASE-nin (Azərbaycan Sovet Ensiklopediyasının) X cildində  (1987) də məlumat verilib. Ancaq bütün məlumatlar yığcam və sovet ideologiyasına uyğundur.

Cəsur polkovnik, Port-Artur qəhrəmanı Əbülfət ağa Şahtaxtinski ilə bağlı xeyli axtarışlarımız olub. Bir çox məsələlər aydınlaşıb.

Çar hökumətinin 1832-ci ildə Naxçıvan şəhəri üçün tərtib etdiyi kameral siyahıdan aydın olur ki, Əbülfət ağanın atası Nəcəfqulu ağa 1828-ci ildə Şahtaxtı kəndində doğulub və Rusiya İmperiyasının hərbçilərindən olub.

Nəcəfqulu Sultan dövrünün ən zəngin zadəganlarından olmuşdur. Onun Şahtaxtıda, Naxçıvan və İrəvan şəhərlərində mülkləri vardı. Naxçıvan diyarının kəndlərində isə miras torpaqları olmuşdur. Nəcəfqulu ağa vəzifəsi ilə əlaqədar olaraq Naxçıvanda və İrəvanda  yaşadığından onun övladlarının bəzilərinin doğum sənədlərində həmin şəhərlərin adları qeyd edilib.

Əbülfət ağanın babası Hacı İsa Sultan, həmçinin, ulu babaları İmamqulu Sultan, Şah Sultan və digərləri dövrünün tanınmış hərbiçiləri olmuşlar. Dövrünün tanınmış ziyalısı və hərbçisi olan Nəcəfqulu ağa oğlu Əbülfət ağaya da ilk təhsili evdə vermişdi. Sonra isə Naxçıvan şəhərindəki rus məktəbində oxutdurmuşdu.

Qeyd edək ki, bu yazımı hazırlayərkən polkovnik Əbülfət ağa Şahtaxtinskinin Rusiya Dövlət Hərbi-Tarix Arxivindəki xidmət kitabçasını (o vaxtlar xidmət siyahısı adlanırdı-müəllif) tapdıq: Ehtiyatda olan 259N-li piyada polkunun podpolkovniki Əbülfət ağa Şahtaxtinskinin xidmət siyahısı.

Xidmət siyahısı 10 aprel 1908-ci ildə tərtib edilib. Xidmət siyahısında yazılanlardan məlum olur ki, Əbülfət ağa Tiflisdə gimnaziyanı bitirən ili Sankt-Peterburqda hərbi məktəbə daxil olub.

Bu isə sovet dövründə onun haqqında yazılanlarla ziddiyyət təşkil edir. Ona görə də biz yazımızda xidmət kitabçası tapılana qədər müəlliflərin yazdıqlarını  da saxlamaqla, tarixlərdə düzəlişlər apardıq. Bəlkə də sovet hakimiyyəti illərində müəlliflər onun fəaliyyətinə inqilabçı ruh gətirməklə Əbülfət ağanı tariximizdə saxlamaq istəmişlər?! Hər halda 1975-ci ilədək onun oğlu Abbas bəy sağ olduğundan, yəqin ki, jurnalistlər (o illərdə əsasən qəzet yazıları var) onunla görüşüblər və Abbas bəy atası haqqında müəyyən məlumatları onlara danışıb. Bu gün onun varisləri bu haqda heç nə deyə bilmirlər. Bizcə, hərtərəfli axtarışlarımız bu məsələyə də aydınlıq gətirəcək.

Mətləbimizdən uzaqlaşmayaq.

Onun haqqında indiyədək yazılanlara görə, 1871-ci ildə Nəcəfqulu ağa Əbülfət ağanı Tiflisə aparır və təhsilini davam etdirmək üçün onu realnı gimnaziyaya qoyur. Əbülfət ağa 1877-ci ildə gimnaziyanı uğurla başa vurub həmin ildə Peterburq Texnologiya İnstitutuna daxil olmuşdur. Ruhən azadlıq mücahidi olan Əbülfət ağa oxuduğu İnstitutda tələbə hərəkatına qoşulmuş, tələbələri qadağan olunmuş toplantılara təhrik etdiyinə görə 1879-cu ilin dekabr ayında institutdan xaric edilmişdir.

Qeyd edək ki, Əbülfət ağa qafqazlı, əsasən azərbaycanlı və dağlı xalqları birləşdirən "İmdadiyyə" təşkilatının fəal üzvü olmuşdur. Bu təşkilatın qurucusu və ona rəhbərlik edən isə Azərbaycanın gələcək görkəmli dramaturqu Nəcəf bəy Vəzirov idi. Nəcəf bəy də həmin vaxtlar Moskvada tələbə idi. 3 mart 1878-ci ildə 20 yaşlı Əbülfət ağa Nəcəf bəy Vəzirova yazırdı: "İmdadiyyənin əsas müddəalarının müzakirəsini təxirəsalınmaz vəzifəmizə çevirir. Müzakirə ona görə lazımdır ki, biz ölkənin müxtəlif  yerlərinə yollanarkən bir məqsəd uğrunda hərəkət edə bilək. Biz öz məqsədimizə nail olmaq üçün bütün vasitələri nəzərdən keçirməliyik. Həmin məqsəd kifayət qədər aydın və dəqiq şəkildə müəyyənləşdirilməlidir. Məqsədimiz sakitliyimizi pozan vicdan əzabının burjua rahatlığı naminə dəf edilməsi deyil. Məqsədimiz pisliyin kökünü yerli-dibli kəsmək üçün mümkün qədər çox işlək əl hazırlamaqdır. Biz vasitə və vəsait axtarırıq, deməli, onda işçi əllər, ağırlığı öz üzərinə götürən qüvvələr tərbiyə etməliyik. Biz tərəqqipərvər adamlar kimi, nəzərlərimizi yalnız cəmiyyətin aşağı təbəqələrinə yönəltməliyik".

Bu məktub Rusiya İmperiya Təhlükəsizlik İdarəsinin əlinə keçir. Onlar məktubu monarx II Aleksandra təqdim edirlər. Çar isə belə bir dərkənar yazır: "Göstərilən şəxslərin üzərinə diqqət hökmən gücləndirməlidir". Təqib edilən Əbülfət ağa institutdan qovulmuş və ona Rusiyanın ali məktəblərində oxumaq qadağan edilmişdi.

1879-cu ildə Əbülfət ağa Moskvaya gəlir və Lazarev adına Şərq Dilləri İnstitutunda oxumağa başlayır. Lakin bu şəxsi institut olduğundan o, burada da diplom ala bilmir. Əbülfət ağa təhsil almaq üçün Almaniyaya gedir və Heydelberq universitetində diplom işini 1880-ci ildə müdafiə edib bakalavr dərəcəsini alır. Sonra Rusiyaya dönən Əbülfət ağanı həmin diplomla qulluğa götürmürlər. Ona görə də Əbülfət ağa məcbur olur ki, dördüncü dəfə ali məktəbə daxil olsun. Onu hərbi iş daha çox maraqlandırdığından 1883-cü ildə Peterburq yunker məktəbinə imtahan vermiş və əla qiymətlərlə məktəbə daxil olmuşdu. Əbülfət ağanın təhsili ilə bağlı sovet dövründə yazılanlar belədir. İndi isə onun xidmət kitabçasında yazılanlarla tanış olaq.

Əbülfət ağa Şahtaxtinskinin xidmət siyahısından isə məlum olur ki, o, Tiflisdə realnı məktəbi bitirən kimi Sankt- Peterburqda birinci dərəcəli hərbi məktəbə daxil olur. Yunkerlər hazırlayan həmin məktəbi bitirəndən sonra, yəni 1879-cu il sentyabrın 1-də hərbi xidmətə başlayıb. Hərbi xidmətini ürəkdən yerinə yetirən Əbülfət ağaya 20 sentyabr 1880-ci ildə unter-zabit rütbəsi verilir. Həmin ilin 22 dekabrında o, yunker kimi orduda fəaliyyətini davam etdirir. 1881-ci ildə podporuçik rütbəsini alan Əbülfət ağa avqustun 8-də Semyanovka saray qvardiyasına göndərilir. Bu zaman o, 23 yaşında idi.

Əbülfət ağanın xidmət siyahısı çox zəngindir. 1881-ci ildən başlayaraq 1908-ci il də daxil olmaqla hər ay hərbi xidməti qeyd edilib. Buradakı məlumatlardan aydın olur ki, o, Sankt-Peterburqda, Tiflisdə, İrəvanda, Ərdahanda, Gümrüdə, Bakıda, Kutaisidə, Qoridə, həmçinin, İsveçrədə hərbi xidmətdə olub. Bütün bunlar hamısı onun xidmət kitabçasında ardıcıl yazılıb. Onun  təhsil aldığı məktəb İkinci Konstantinovski hərbi məktəbi adlanırdı. Bu məktəb əsasən atıcılıq üzrə zabitlər hazırlayırdı. Hərbi məktəbi bitirəndən sonra həyatını ömrünün sonuna kimi ordu ilə bağlayır.

(Ardı var)

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





03.04.2018    çap et  çap et