525.Az

Polkovnik Əbülfət ağa Şahtaxtinski: gerçək vətənsevər, cəsur sərkərdə


 

Polkovnik Əbülfət ağa Şahtaxtinski: <b style="color:red">gerçək vətənsevər, cəsur sərkərdə</b>

(Əvvəli ötən sayımızda)

Əbülfət ağa Şahtaxtinski bacarıqlı zabit kimi saray qvardiyasının Semyanovsk polkunda hərbi xidmətə başlayır. 30 avqust 1884-cü ildə ona qvardiya podporuçik rütbəsi verilir.

Nümunəvi xidmətinə görə saray qvardiyasının 8 avqust 1885-ci ildə Əbülfət ağa poruçik rütbəsi ilə təltif edilir. 1886-cı ildə məzuniyyət alaraq Rusiyaya, İrana və Türkiyəyə getməsi, həmçinin, Şərq dilləri üzrə zabitlər üçün hazırlıq kurslarında oxuması haqqında da ətraflı məlumatlar xidmət siyahısında  yazılıb. Bunların hamısını əhatə edən tarix 25 iyun-oktyabr ayı zaman aralığında qeyd edilib. Yüksək döyüş bacarığına görə 20 aprel 1887-ci ildə  ştabs kapitan rütbəsi alıb. 7 avqust 1889-cu ildə kapitan rütbəsi alan Əbülfət ağa 6 il 3 ay rota komandiri olmuşdur.

1904-1905-ci illərdə rus-yapon müharibəsində polk komandiri vəzifəsini daşımış və məşhur Port-Artur döyüşlərində iştirak etmişdir. 

Əbülfət ağa Şahtaxtinskinin hərbi şücaətləri hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2-ci və 3-cü dərəcəli Müqəddəs Anna (qılınclarla, 15 yanvar 1906, 28 iyul 1900), 2-ci və 3-cü dərəcəli Müqəddəs Stanislov (qılınclarla, 21 mart 1907, 20 noyabr 1905) ordenləri ilə təltif edilmişdir.

1908-ci ildə onun orduda hərbi xidmətinin 25 illiyi tamam olur. Həmin münasibətlə onun hərbi hünərlərini yüksək qiymətləndirirlər. Əbülfət ağaya 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni verilir.

Əbülfət ağa bunlardan əlavə digər yüksək hərbi mükafatların da kavaleri olmuşdur. O, Buxara əmirliyinin 2-ci dərəcəli Qızıl Ulduz (30 mart 1898) ordeni, İranın 2-ci dərəcəli (1903, 20 dekabr), 3-cü dərəcəli (1901, 5 yanvar),  3-cü dərəcəli (1903, 20 dekabr), 4-cü dərəcəli (27 sentyabr, 1889) ordenləri ilə mükafatlandırılıb. Əbülfət ağa 1912-ci ildə polkovnik rütbəsində Rusiya hökuməti tərəfindən İsveçrəyə göndərilmişdi ki, orada hərbi manevrləri müşahidə etsin.

Rusiya çarının icazəsi ilə xarici ordenləri də sinəsində gəzdirməyə icazə verilmişdir. Əbülfət ağa bir sıra medallar da almışdır. O, Rusiya çarı III Aleksandrın 1883-cü ildə tacqoyma mərasimində mühafizə qoşununda olduğundan imperator həzrətlərinin Müqəddəs Tacqoymasının tünd bürünc xatirə medalı və həmçinin, III Aleksandrın fəaliyyəti ilə bağlı sinədə gəzdirmək üçün  gümüşdən hazırlanmış medalla (Aleksandr lentli) da təltif edilib. Əbülfət ağa, həmçinin, Fransanın Yuxarı Reyn çayında Sudan Xilasetmə Cəmiyyətinin də medalını almışdır.

Əbülfət ağa Şahtaxtinski dünya şöhrətli alim-naşir Məhəmməd ağa Şahtaxtinskinin doğmaca əmisi oğludur və kürəkənidir. Əbülfət ağa ilə Balabəyim xanımın nikahından aşağıdakı övladları xidmət siyahısında qeyd edilib: 1) qızı Qonçabəyim 31 mart 1885-ci ildə doğulub 2) oğlu Sadıq ağa 3 avqust 1889-cu ildə anadan olub 3) oğlu Qasım ağa 19 yanvar 1894-cü ildə doğulub 4) oğlu Nəcəfqulu ağa 22 iyul 1898-ci ildə doğulub 5) oğlu Abbas bəy isə 13 mart 1905-ci ildə anadan olub.

Sadıq ağa Şahtaxtinski Petroqradda təhsil alırmış. 1918-ci ilin fevralında könüllülər dəstəsində Qırmızı Ordu sıralarına daxil olur.

Axtarışlar zamanı məlum oldu ki, o, sovet ordusunun qərargah zabiti olmuş və komanda heyətinin idarə rəisi vəzifəsinədək yüksəlib. Onun adına 1940-cı illərin istintaq işlərində rast gəlinir. Həbs edilib güllələnməsi haqqında məlumatlar var. Onunla bağlı axtarışlarımız davam edir.

Əbülfət ağanın ikinci oğlu Nəcəf Şahtaxtinski (1898-1937) Tiflisdə hərbi kadet məktəbini, sonralar Sankt-Peterburqdakı Mixaylovsk Artilleriya məktəbini bitirib və 1918-ci ilədək çar ordusunda xidmət edib. 1918-ci ildə Azərbaycana gəlib və Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda milli kadrların yetişdirilməsində yaxından iştirak edib. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Artilleriya polkunda qərargah rəisi olub. 1931-ci ildən başlayaraq NKVD tərəfindən təqib olunmuş, həbsə və sürgünə göndərilmişdi. 1937-ci ilin dekabrında "troyka"nın (üçlüyün) qərarı ilə güllələnib. Onla da bağlı axtarışlarımız var. Əbülfət ağanın 3-cü oğlu Abbas ağa 1920-ci ilin əvvəllərində Kreml yanındakı hərbi kursantlar məktəbini bitirib. İndiyədək Abbas ağanın haqqında bir məlumat olmasa da, bir təsadüf nəticəsində öyrəndim ki, onun Teymur adlı oğlu Bakıda yaşayır. Çox çətinliklə olsa da, Teymur müəllimlə əlaqə yaratmaq mümkün oldu. Söhbət əsnasında məlum oldu ki, Abbas ağa sovet hakimiyyəti illərində Yevlaxda və Bakıda yaşayıb. Amma iqtisadiyyat sahəsində işləyirmiş. Oğlunun dediyinə görə, Abbas ağa 1975-ci ildə Bakıda vəfat edib. Abbas ağanın Veysəl, Teymur adlı oğlanları və Kamilə adlı qızı olub. Teymur Şahtaxtinskinin (1948-ci il 1 aprel) Samirə və Rüfət adlı övladları var. Teymur Şahtaxtinskinin dediyinə görə, Abbas ağa 70 yaşına çatanda vəfat edib. Çox qəribədir, Əbülfət ağadan yazanlar elə bilirmişlər ki, Abbas ağanı da güllələyiblər.

Teymur Şahtaxtinski mənə yadigar olaraq çox tarixi bir fotoşəkil verdi. Tiflisdə Barkanovların fotoatelyesində çəkilib. Əbülfət ağa, Balabəyim xanım və qucağında Abbas ağa (5 yaşında), Qasım ağa və qızı. Sadıq və Nəcəf məktəbdə oxuduqlarından burada yoxdurlar. Fotoşəkil ilk dəfə çap  olunur.

Arxiv sənədlərində Əbülfət ağanın Qonçabəyim adlı bir qızının da olduğunu yazırlar. Hətta Əbülfət ağanın ölümündən sonra Şahtaxtının ona məxsus torpaq sahələrində Qonça xanımın da (onun adının gürcü variantını da qeyd ediblər - Ketevana - müəllif) adı çəkilir. Qonça xanım haqqında az məlumatımız var.Maraqlıdır: necə olub ki, o, Ketevana adını daşıyıb və taleyini Mdivanilərlə bağlayıb. Amma fikrimiz var ki, onun Tiflisdə yaşayan varislərini axtarıb tapaq. Çünki onlar Əbülfət ağanın 1879-cu ildən ömrünün sonuna kimi gəzdirdiyi 11,5x17,5 sm ölçülü və qızılla bəzədilmiş "Quran"ı Azərbaycan Milli Tarix Muzeyinə göndəriblər. "Quran" muzeyin kolleksiyasında (invertar nömrəsi k.p.11420 fni №3096) saxlanılır. Maraq üçün deyək ki, Əbülfət ağanın sinəsində gəzdirdiyi bu nadir müqəddəs kitab haqda Kostina maraqlı məqalə yazıb. (Bax: "Azərbaycan tarixi muzeyi" toplusu, Bakı: Elm, 2004, s.327-329). Polkovnikin sinəsində gəzdirdiyi şəxsi "Quran"ı fransız dilindədir. 1877-ci ildə M.Kaşimirski tərəfindən ərəbcədən fransızcaya tərcümə edilib və Parisdə nəşr olunub. "Quran"ın üz qabığı tünd göy rəngli dəridir. Üz qabığında "LE KORAN" qızılla həkk edilib və düzbucaqlı ikiqat çərçivəyə alınıb. Arxa tərəfində də belə çərçivələr var. Kitabın çərçivələri qızıldandır.

Titul səhifəsindən öndə sağ tərəfdə yuxarıda Əbülfət ağa Şahtaxtinskinin 1879-cu ildə Peterburqda yazdığı avtoqrafı var. Titul vərəqində sağda aşağıda oval formada Əbülfət ağanın şəxsi möhürü vardır. "Quran" 523 səhifədən və əlifba göstəricisindən (s.525-533) ibarətdir.

Əbülfət ağanın qızı Qonça xanımın (Ketevananın) varislərinin muzeyə göndərdikləri (rus dilində) məktubun Azərbaycan dilində tərcüməsini də yazmağı məqsədəuyğun hesab etdik. Məktubda deyilir: "Bu Quran bizim babamız, məşhur Əbülfət ağa Şahtaxtinskinindir və bizim ailə mirasımızdır. Onu Bakı Dövlət Tarix Muzeyinə Tbilisidə yaşayan varisləri-kötücələri Nikolay və Natali Mdivanilər tərəfindən hədiyyə veririk. Xahiş edirik ki, Quranı alandan sonra bizə yazılı məlumat verəsiniz. Ədalət naminə bu kitab digər tarixi eksponatlar arasında layiqli yer tutacaq. Bizim nənəmiz Nina İvanovna Stas Bakıdakı digər qohumları axtarırdı, amma nəticəsi olmurdu. Ya məktublar gedib çatmırdı, ya da ki, ünvanları dəyişmişdilər. Məlum deyildi".

Əbülfət ağa Şahtaxtinskinin qızının qısaca şəcərə arayışı:

1. Əbülfət ağanın qızı Qonça gürcü zadəganı Varlam Mdivani ilə ailə qurmuşdu.

2. Əbülfət ağanın nəvəsi, Qonça və Varlamın oğlu Nikolay Mdivani 1904-cü ildə doğulub (həbs edilmişdi və 1937-ci ildə güllələnib) Nina Stas ilə ailə qurmuşdu. Nina Stas Quranı qoruyub saxlayandır. O, 4 sentyabr 2001-ci ildə 94 yaşında vəfat etdi.

3. Əbülfət ağanın nəticəsi, Nikolay Mdivaninin və Nina Stasın oğlu Georgi Mdivani 1933-cü ildə doğulub, 1997-ci ildə vəfat edib. Həyat yoldaşı Nane Gelaşvilidir. Hazırda sağdır.

4. Əbülfət ağanın kötücələri - Nikolay Mdivani (1961), Nataliya Mdivani (1971) - Georgi Mdivaninin və Nane Gelaşvilinin uşaqlarıdır.

14 mart 2002-ci il.

Qeyd edim ki, mən onları Tbilisidə axtardım. Köhnə ünvandan köçüblər. Axtarışımız davam edir.

Polkovnik Əbülfət ağa biz düşündüyümüzdən də məşhur hərbçi olub. Əgər belə olmasaydı, Kutaisidən zirehli qatar onu çarın və Qafqaz canişinin göstərişi əsasında Şahtaxtı kəndinə gətirməzdi. Onun dəfni haqqında heç vaxt ətraflı yazılmadığından bunu geniş təsvir etmək istərdik. Şahtaxtı kəndinin 100 ildən çox yaşamış ağsaqqallarından olan Əli Hacı Məmmədhüseyn oğlu və sonralar Böyükdüz kəndində yaşayan Qasım Əli oğlu dəfnin canlı iştirakçısı və şahidi olmuşdular. Vaxtı ilə onlardan öyrəndiklərimi yazmaq maraqlı olar. Zirehli qatar Şahtaxtı kəndinə gündüz saat 11-də gəlib yetişib. Dəmiryol vağzalında, import deyilən tarixi binanın önündə toplaşan insanların sayı-hesabı yox idi. İrəvandan, Naxçıvandan da çoxlu qonaqlar gəlmişdi. Zirehli qatarı kazaklar (Rusiya ordusunun əsgərləri - müəllif) qoruyurdular. Mart ayı olsa da, hava soyuq idi. Rekviyemin sədaları altında cənazəni top lafetinin üstünə qoydular. Atlas balışlara onun aldığı hərbi mükafatları düzmüşdülər. Hətta qılıncı da yanındaydı. Kortej vağzaldan kəndə tərəf irəliləməyə başladı. Kədərli musiqi çalırdılar. Hamısı hərbçilər idi. Məhəmmədağa Şahtaxtinski də cənazənin yanında addımlayırdı. Əbülfət ağanın atası Nəcəfqulu sultan da top lafetinin ardınca gedirdi.

Əbülfət ağanı Şahtaxtinskilərin təpədə olan ailə sərdabəsində dəfn etməyə gətirirdilər. Özü belə vəsiyyət etmişdi. Burada onun ulu babaları İmamqulu Sultan, I İsa Sultan, əmisi Hacı Vəli ağa və digər doğmaları dəfn olunmuşdular. Onu torpağa tapşırandan sonra yaylım atəşi açdılar. Nitq söyləyənlər içərisində ağlayanlar da vardı. Naxçıvan böyük bir sərkərdəsini itirmişdi. Çar hökuməti onun xidmətlərini nəzərə alaraq Əbülfət ağanın sərdabəsi önündə fəxri qarovul qoyur. Bu, 1920-ci ilədək davam edib. Vağzaldakı hərbi zastavanın əsgərləri bu ehtiramı yerinə yetiriblər.

Əbülfət ağanın matəm mərasimi Nəcəfqulu ağa ilə onun qardaşı oğlu İbrahim ağanın (Əbülfət ağanın əmisi oğlu) böyük salonlarında saxlanılıb. Naxçıvan və İrəvan şəhərlərindəki məscidlərdə də aslan ürəkli sərkərdə Əbülfət ağanın adına ehsanlar verilirmiş Sovet hakimiyyəti illərində qızıl axtaranlar o sərdabəni dağıdıb ələk-vələk edirdilər. Hətta buldozerə də verdilər bir hissəsini. Yol çəkdilər ki, gələcək nəsillərin bu məşhur Şahtaxtinskilərdən xəbəri olmasın. Amma Allah həmin sərdabənin özüllərini və bir məzarı bu günədək saxlayıb. Artıq o məzar da yox olmaq üzrədir. Və o məzarın Əbülfət ağaya məxsus olduğunu bilənlər də çox az qalıb. Əbülfət ağanın yanında bir uşaq məzarı da var. Əbülfət ağa nəhəng gövdəli olduğundan məzar da böyükdür. Məzarı da nə vaxtsa tar-mar ediblər, qızıl-gümüş axtarıblar. Nə yaxşı ki, tamam yox etməyiblər. Bəlkə də qürbətdə, doğulduğu kənddə babalarının yanında dəfn olunmağı vəsiyyət etdiyindəndir ki, hərbçinin məzarını zaman indiyədək Qıvraqdan Şahtaxtı dəmiryolu vağzalına və gömrük keçid məntəqəsinə gedən yolun kənarında, təpənin yamacında qoruyub saxlayıb. Tənha, kədərli bu məzarda uyuyan qəhrəman polkovnik Əbülfət ağa Şahtaxtinskinin keçdiyi elmi və hərbi yolu, bir də vətən təəssübü bütün yüzilliklərdə gəncliyimizə nümunədir.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





04.04.2018    çap et  çap et