525.Az

Türkiyə Turizm və Səyahətlər Sərgisinə 16 şirkət və usta sənətçilərlə qatılıb


 

SƏRGİDƏ TÜRK DÜNYASININ BUİLKİ MƏDƏNİYYƏT PAYTAXTI OLAN KASTAMONU ŞƏHƏRİ VƏ QARADƏNİZ BÖLGƏSİ ÖNƏ ÇIXARILIR

Türkiyə Turizm və Səyahətlər Sərgisinə 16 şirkət və usta sənətçilərlə qatılıb<b style="color:red"></b>

Aprelin 5-də Bakı Ekspo Mərkəzində XVII Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF 2018) açılıb.

Böyük Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır.

Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı Səfirliyinin  Mədəniyyət müşaviri  İrfan Çiftçinin verdiyi məlumata görə, bu il Türkiyənin AITF 2018-də iştirak edən şirkət və qurumlarının sayında ciddi artım var.

Bildirilib ki, ötən bir il ərzində Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 45 faizdən çox artdığı üçün bu sərgiyə Türkiyə şirkət və qurumları böyük maraq göstəriblər. Lakin yer məhdudiyyəti səbəbindən 50-dən çox şirkət və qurum arasından yalnız 16-sının Bakıda keçirilən sərgidə iştirakını təmin etmək mümkün olub.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi budəfəki sərgi üçün tamam fərqli tərtibat-dizaynda hazırladığı guşədə rəqəmsal yeniliklərlə bərabər, bir sıra mədəni proqramlar təşkil edəcək.

Sərgi üçün sözügedən nazirliyin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlanıb. Turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə hazırlanan proqramda yer alan fəaliyyətlər TÜRKSOY-un 2018-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan etdiyi Kastamonu şəhəri və Qaradəniz bölgəsinin təbliğinə həsr olunub.

Sərgidə qonaqlarının istək və arzusuna uyğun olaraq klassik Osmanlı və müasir Türk üslubunda xəttatlıq nümunələri hazırlanacaq. Bundan əlavə, Ebru sənəti ustası Bekir Ulsu,  təsbeh ustası Hüseyin Çelik, minyatür ustası Müjgan İşler, gümüş telkari (əl işi sənəti) ustası Hüseyin İşler, Bursa ipək toxuma ustası, Uludağ Universitetinin müəllimi Sevgi Yüksel Uzunöz kimi sənətkarlar tədbirə xüsusi rəng qatacaqlar.  Eyni zamanda, tədbirdə Qaradəniz bölgəsinin tanınmış Trabzon Horon qrupu və  kazaziyyə (əlvan metallarla əl işi sənəti) və kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli musiqiçilər Udi Serkan Ün, Nizam  Mirzəyev, Hazar Özpolat,  Mine Bakır, Seyhan Dayıoğlu, İllər Məmmədzadə, Ebru Karqı və digərləri iştirak edəcəklər. 3 gün ərzində sərgi iştirakçılarına Türk musiqisinin klassik və müasir nümunələri, xalq oyun və tamaşaları təqdim olunacaq.

Bu il də “Türkiyə Eviniz” /“Home of Turkey”  deyən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, otellər birliyi, səyahat şirkətləri federasiyası kimi quruluşlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılacaq.

Aprelin 6-da isə Türkiyə və Azərbaycanın turizm təşkilat və şirkətləri arasında işgüzar görüşün keçirilməsi planlaşdırılıb. Görüşdə Türkiyənin dövlət rəsmiləri, o cümlədən, səfir Erkan Özoral iştirak edəcək.

Ceyhun ABASOV

 





05.04.2018    çap et  çap et