525.Az

İstedadın işığı və istisi- Məktub


 

İstedadın işığı və istisi- <b style="color:red">Məktub</b>

Hörmətli Hacan müəllim. Sizinlə çoxdan görüşmək arzusunda idim. Adınızı eşitmişdim, şeirlərinizi oxumuşdum.

 

Tale elə gətirdi ki, Sizin və mənim dostum böyük rəssam Zahid Şəmirlinin yasında görüşəsi olduq. Bu, ikinci görüşümüz idi. Birinci dəfə də ayaqüstü mənim dostum, iş adamı Qaraxan müəllimin anasının yasında görüşdük.

 

Xeyirdə görüşək deyə-deyə görüşlərimiz yaslara düşürdü. Əlbəttə, Sizin şeirləriniz barədə heç bir söz deyə bilmirdim.

 

Nəhayət, üçüncü görüşümüz çay dəstgahı arxasında oldu. Görkəmli kardioloq həkim, hazırda Amerikada yaşayan Fərzanə xanımla birlikdə Sizin şeirlərə qulaq asdıq. Özünüz yeni kitabınızdan oxuyurdunuz. Aramla, təmkinlə. Emosiyadan uzaq.

 

Bəri başdan deyim ki, Siz çox gözəl şairsiniz. Yaradıcılığınızda fəlsəfi ümumiləşdirmələr güclüdür. Sizin şeir və poemalarınızı oxuduqca xalqımızın böyük şairi mərhum Bəxtiyar müəllimin (Bəxtiyar Vahabzadə) yaradıcılıq üslubu yadıma düşürdü. 

 

Yaradıcılığınızla tanış olduqdan sonra Sizin çox istedadlı şair olduğunuza heç bir şübhəm qalmadı. Mən bu istedadın işığında işıqlandım və istisində isindim.

 

– Yaşadığım ömrün çoxunu özümlə dialoqa həsr etmişəm – deyə yazırsınız. – Həyatımın çoxu iki “mən” arasında söhbətlərdə keçib. Bunlar çox güman ki, ağlımla hisslərimin danışıqlarıdır...

 

Bu, həqiqətən belədir. Bir şeirinizi misal gətirmək istəyirəm. Bu şeiriniz çox qiymətli əsərlərinizdəndir. Desəm ki, mən Sizi bu şeirlə tanıdım və sevdim, inanın.

 

 

 

Tük ürpədən səsəm, ünəm,

 

Təqvimdə ən ağır günəm.

 

Yol üstə yolsuz köçgünəm,

 

Yüküm köçümdən asılı.

 

Xırdalandım dənə-dənə,
Yol qalmadı məndən mənə. 

İçim nəhəng bir məngənə, 

Çölüm içimdən asılı. 

 

Zaman meyar, hökmü qəti,

Nədir onun qənaəti?! 

Yüz ölçünün zəmanəti, 

Bircə biçimdən asılı.

  

Yüz fikir – şirin, ya acı, 

Ödəməz bir ehtiyacı. 

Hər başlanğıc – yolayrıcı, 

Hər şey seçimdən asılı...
 

Bütöv bir insan ömrünün keşməkeşli həyatı buraya köçürülüb. İztirablar və stresslər, mühakimələr və insan həyatının qanunauyğunluqları. Hər başlanğıcın yolayrıcı olduğunu xatırladan insanın seçim qarşısında olduğunu deyirsiniz və bəlkə də hər kəsin taleyini özünə tapşırıb, “Hər şeyin seçimdən asılı olduğu” qərarına gəlirsiniz.

 

İnsanın özünə  inam yaratmaqla Siz onu yaşamağa, yaratmağa, həyatın ən gərgin anlarında belə, ondan zövq almağa səsləyirsiniz.

 

Bu şeir çağırışdı, qışqırıq deyil. Çağırışlar belə sakit deyiləndə eşidilir. Siz bunu daha gözəl bilirsiniz, çünki bu kitabda artıq püxtələşmiş müdrik bir şair üslubu görürəm.  Siz, hörmətli Hacan müəllim, müasir şeirimizin tanınmış, görkəmli     nümayəndələrinin sırasında dayanmağa layiq qələm sahibisiniz. Amma mən Sizi ekranlarda, qəzet, jurnal səhifələrində, görüşlərdə ya az görmüşəm, ya da heç görməmişəm.

 

Sizi oxucular tanımalıdı, oxumalıdı, sevməlidi:

 

Meşə olmaq, orman olmaq istədim 

Bir talanın mənzərəsi olmadım., 


deyirsiniz.
 

 

Yaxud : 

 

İlk məktubum könlümün ilk məhbusu, 

Ünvanına göndərəsi olmadım.

 

Eləcə də :

 

Əlim, qolum bu budağa çatsa da, 

Bu meyvəni mən dərəsi olmadım. 

 

kimi qiymətli poetik fikirlər söyləyirsiniz.                                                  

 

“Məni öz əlimdən qurtar  ilahi”, “Ay canım”, mərhum Eldar Baxışın xatirəsinə həsr etdiyiniz  “Sənə”, “Ağladı”, “Pıçıltılar”, “Yüküm köçümdən asılı”, “Ağac”, “Xudafərin” kimi şeirlərinizi, ümumiyyətlə bütün yazılarınızı məmnuniyyətlə oxudum. Sizə minnətdaram.

 

“Dərd örnəyi – Vətən” və “Yurdum-yuvam...” poemalarınız vətəndaşlıq ehtirası ilə yazılmışdır. Müasirlərimiz üçün nəzərdə tutduğunuz ictimai ruh çox güclüdür. Bu əsərlər klassik poema janrımızın Vətənimizin dərdlərini əks etdirən bugünkü müasir formasıdır. “Qəlbi para-para, sinəsi şan-şan” olan Azərbaycanın başına gətirilən oyunlar, bütövlük halal haqqı ikən ərazilərinin çox hissəsi işğal altında olan, əhalisi isə öz doğma torpaqlarında yurddan-yurda qovularaq qaçqın, didərgin düşən ulu bir məmləkətin ağrı-acıları ürək yanğısı ilə qələmə alınmışdır. Dövrün və cəmiyyətin təzadlarını əks etdirən “Dərd örnəyi – Vətən”  poemanızda əsərin öz adına tam uyğun olaraq təcavüzə məruz qalmış vətənimizin düçar olduğu vəziyyəti poetik dillə necə dəqiqliklə ifadə edirsiniz:

 

Keçmişi qaytarmaq mümkün olarmı, 

Uduzduq məqamı, verdik fürsəti. 

Görən bizim kimi ayrı xalq varmı – 

Çəkir Vətənində Vətən həsrəti.         

 

Bu bircə bəndlə lap yaralı yerimizə toxunmusunuz. Bəli, həqiqətən bu gün Azərbaycan xalqının Vətəndə Vətən həsrəti çəkmək kimi sağalması çətin olan ağır bir dərdi var.

 

“Yurdum-yuvam...” poemanızda sanki bütöv Azərbaycanın dərd xəritəsini çəkmisiniz, zaman-zaman əldən gedən torpaqlarımızın, hazırda bizə məxsus olmayan qədim yurd yerlərimizin indiki aqibətini necə var, olduğu kimi dəqiq  göstərmisiniz. Bu poemada  cənubi Azərbaycan haqqında bəhs edərkən orada yaşayan güneyli soydaşlarımızın durumu barədə onların öz dili ilə deyirsiniz:

 

Yaşamayıb sürünmüşük, 

Ömr etmişik buyruq altda. 

Birləşməyib yumruq kimi, 

Birləşmişik yumruq altda. 

 

Və yaxud: 

 

Yurdsuzların sarayı yox, 

Çadırı, dəyəsi olar. 

Qulların lideri olmaz, 

Ağası, yiyəsi olar. 

 

Qərbi Azərbaycanın təsvirində isə belə qeyd edirsiniz: 

 
At bizim, qonşular at çapan oldu, 

Xan adı dəyişdi Stepan oldu. 

Kim itirən oldu, kim tapan oldu? 

Qoy deyim, həmişə bizik itirən, 

Bu yol bizi hara aparır görən?! 

 

Əlbəttə, bunlar hamısı çox düşündürücü və ibrətamizdir...

 

Sizin qələminizdən başqa cür də çıxmamalıdır.

 

Əsərlərinizdə türkçülük, turançılıq ana xətt təşkil edir. Bu da təbiidir. Bu özünüdərkdir, özünəqayıdışdır. Türkün yolu məşriqdən məğribə qədər uzanıb gedir. Bu bizim yolumuzdur, hamımız bu yolun yolşusuyuq. XXI əsri türk dünyası əsri adlandıranlar heç də yanılmırlar. XXI əsr ərəfəsində türkün zaman-zaman keçdiyi yolun üzərində birdən-birə neçə-neçə türkdilli müstəqil dövlətlərin yaranması buna əyani sübutdur. Bütün bunlar sizin qələminizdə öz əksini tapmışdır:

 

Doğu, batı arasında, 

türkün yolu – öz yolumdu. 

Mən ki, türkün bir qoluyam, 

türk də mənim bir qolumdu. 

Türkün həyat monoloqu – 

ya ölümdü, ya olumdu! 

Kim bilmirsə suyu axıb, 

otu bitməz Əfəndim!  

 

Ulu türkün həyatında, 

ən parlaq bir gün olacaq, 

Türk dünyası birləşəcək, 

bu birlik mümkün olacaq. 

Dünyanın əvvəli türkün, 

sonu da türkün olacaq! 

Bu həqiqət sübutunu 

çox gözlətməz Əfəndim!  

 

Siz sözə qarşı çox diqqətlisiniz. Şeir diliniz qüsursuz və rəvandır. Klassik ədəbiyyatımızın ənənələrinə sadiqsiniz. Şeirlərinizin birində qeyd edirsiniz: “Kimdir sözün bal arısı, odur hamıdan varlısı”. Həqiqətən, sözün bal arısı olmaq, sözdən bal çəkmək hər bir şair üçün böyük şərəfdir.

 

Mən Sizi Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və  səlahiyyətli səfiri kimi tanıyırdım, indi isə şeirlərinizi oxuyandan sonra gözəl şairimiz kimi tanıdım və sevdim.

 

Şairlik də səfirlikdir. Davam edin.

 

Sizə hörmətlə,        

 

Nəriman HƏSƏNZADƏ,

 

Xalq şairi

 

Bakı,  22 sentyabr, 2012.                                            

 





01.07.2013    çap et  çap et