525.Az

"Saçlarına gül düzüm..."ün maraqlı tarixçəsi


 

BU GÖZƏL NƏĞMƏ BƏSTƏKAR RAUF HACIYEVLƏ ŞAİR YUSİF HƏSƏNBƏYİN BİRGƏ YARADICILIĞININ MİSİLSİZ BƏHRƏSİDİR

"Saçlarına gül düzüm..."ün maraqlı tarixçəsi<b style="color:red"></b>

Şair Yusif Həsənbəy 200-dən çox mahnı mətninin müəllifidir. Onun Azərbaycanın ən məşhur bəstəkarlarının, demək olar ki, hamısı ilə iş birliyi olub.

Onlardan biri də görkəmli sənətkar, SSRİ Xalq artisti Rauf Hacıyevdir. Onların birgə əməyinin nəticəsi olan "Saçlarına gül düzüm" mahnısı artıq 50 ildən çoxdur ki, uşaqdan-böyüyə hər kəs tərəfindən sevə-sevə oxunur.


Şair Yusif Həsənbəy özü həmin mahnının yaranmasını bu cür xatırlayır: 

- Rauf Hacıyev respublikamızın və o zamankı SSRİ məkanının ən görkəmli bəstəkarlarından biri idi. Onun konservatoriyada müəllimi Qara Qarayev olub. Elə bunun özü onun necə bir bəstəkar olacağının sübutu idi və o da müəlliminin ümidini doğruldaraq Azərbaycanda və SSRİ-də məşhurlaşdı. Rauf Hacıyev yalnız mahnı bəstəkarı deyildi. O, 7 operetta müəllifi idi. Bu operettaların 5-i Moskvada oynanılmışdı. Bunlardan başqa o, bir neçə Azərbaycan filmlərinə də musiqi bəstələmişdi.

Universitetin III kursuna keçid imtahanlarından sonra Kislovodsk şəhərinə istirahətə getmişdim. Oradakı mehmanxanaya Şimali Qafqazın müxtəlif ölkələrindən gənclər gəlmişdilər. Axşamlar orada şənlik, konsert keçirilirdi. Gəldiyim günün axşamı yenə də belə bir konsert zamanı müxtəlif ölkələrdən olan gənclər öz ölkələrinin mahnılarını ifa etdilər. Amma Azərbaycandan heç bir mahnı səslənmədi. Bu, mənə təsir etdi və mən səhnəyə Rauf Hacıyevin qalxıb o zaman Azərbaycanda məşhur olan "Sevgilim" mahnısını oxumağa başladım. Bir az zümzümə etmişdim ki, əvvəlcə sağ tərəfimdəki yaşlı saksafonçu və sol tərəfimdəki orkestrə rəhbərlik edən akordiyonçu oğlan, sonra isə orkestrın digər üzvləri mahnının ifa etdilər, mən də öz bildiyim kimi oxumağa başladım. Növbəti gün axşam konsert proqramında gördüm həmin akordiyonçu oğlan mahnını nota çevirib gətirib, notun altında isə Azərbaycan və rus dillərində mətni var. Mən bu dəfə mahnını rus dilində oxudum ki, digərləri də başa düşsünlər. Ondan sonrakı günlərdə biz Yesentuki, Peteqorski və digər şəhərlərə getdik və gördüm ki, orada da bu mahnını çalıb-oxuyurlar. Artıq başqa şəhərlər də uzaqdan uzağa mahnının sədalarını eşidirdim və düşündüm ki, deyəsən, Şimali Qafqaza bu mahnını mən gətirdim. Təbii ki, bu, məni çox sevindirirdi.

Aradan bir xeyli keçir və Yusif Həsənbəy indiki keçmiş komsomol komitəsində fəaliyyətə başlayır, partiya-sovet işçisi olur: 

- İşimə görə mətbuatı çox yaxından izləyirdim. Bir gün "Pravda" qəzetini aldım və qəzetin ilk səhifəsində Rauf Hacıyevlə bir nəfərin şəklini gördüm. Yanındakı adam da ona çox bənzəyirdi. Şəklin altında "Azərbaycan ziyalıları mərkəzi mətbuatla tanış olurlar" deyə yazılmışdı. Bu, məni maraqlandırdı və Rauf müəllimə zəng vurdum. O zamanlar Respublika Radio və Televiziya Komitəsinin bədii şurasına tez-tez dəvət olunurdum, tədbirlərdə Rauf müəllim də daxil olmaqla bütün bəstəkarlarla görüşürdük. Ondan əvvəl biz Oqtay Zülfüqarovla birgə "Məhsul bayramı" mahnısını yazmışdıq. Bu mahnı bütün ölkədə çox məşhur idi, hər Məhsul bayramında oxunurdu. Bu mahnı da məni bəstəkarlar arasında tanıtmışdı. Ona görə də rahatlıqla zəng edə bilərdim və telefonda ondan soruşdum ki, şəkildə sizin yanınızdakı kimdi? Sən demə, oğlu imiş. 

Ondan sonra Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor işləməyə başladım. Bu dövrdə də həmişə olduğu kimi, nəşriyyata Azərbaycanın bəstəkar, şair və rəssamları gəlirdilər. Oraya bir tək Qara Qarayev gəlmirdi. Ancaq bununla belə, nəşriyyatın bütün işlərində biz Qara müəllimin köməyini hiss edirdik.

Həmin dövrdə Mədəniyyət naziri olmağına baxmayaraq, Rauf müəllim də tez-tez nəşriyyata gəlirdi. Bir gün də o, nəşriyyata gələndə aramızda kiçik, ancaq sonralar üçün çox mühüm bir dialoq oldu. Mən ondan soruşdum ki, Rauf müəllim, nə zamandır görünmürsünüz. Dedi, yayda biz ailəmizlə birgə Şimali Qafqazda istirahət edirik, bu dəfə də orda idik, təzəlikcə qayıtmışam. Onda mənim yadıma tələbə vaxtı olan həmin hadisə düşdü. Soruşdum ki, heç orda "Sevgilim" mahnısını eşidirdinizmi? O dedi ki, mən heyrət içərisində idim: "Mən oraya heç zaman bu mahnımı göndərməmişəm, kimsədən də xahiş etməmişəm ki, bunu aparsın. Amma orada demək olar ki, hər yerdə, hər addımbaşı mənim "Sevgilim" mahnımı eşidirəm".

Onda mən həmin əhvalatı danışdım və dedim ki, o mahnını oraya ilk dəfə mən aparmışam. Rauf müəllim buna çox təəccübləndi və sevindi. Dedi ki, Yusif müəllim, sizə mən tərəfdən böyük bir hədiyyə düşür. Siz Azərbaycan musiqisini böyük bir məkanda yaymısınız. Mən sizə borclu qalmaq istəmirəm. Bu zəhmətinizin müqabilində nə edə bilərəm? Onda ona bir mahnı təklif etdim, dedim ki, siz bəstəkar, mən şair, gəlin birlikdə bir mahnı yazaq. O, mənim bu təklifimdən məmnun oldu və dedi ki, sizə zəng edəcəyəm.

Təxminən bir həftə sonra yenidən gəldi və "Saçlarına gül düzüm" mahnısının melodiyasını gətirdi. Özü fortepianoda ifa etdikdən sonra soruşdu ki, xoşuna gəlirmi? Ondan sonra mən özüm fortopianoda çaldım və zümzümə elədim. Sonra melodiyaya söz yazmaq üçün ondan icazə aldım.

İşdən çıxıb piyada evə gedərkən melodiyanı dilimin altında zümzümə edirdim. Qubada Qudyal çayının sahilində "Padşahlıq" bağı var. Orada yuxarıdan çaya sarı baxanda çayın kənarındakı elektrostansiya görünür. Stansiyanın dörd tərəfini yasəmənlər bürümüşdü. Mən hər dəfə ordan baxanda artıq stansiyanı yox, həmin yasəmənləri görürdüm. Melodiyanı zümzümə edərkən həmin yasəmənlər gəlib durdu gözümün qarşısında və belə bir sözlər yazdım:

Bağçalarda yasəmənlər verdi baş-başa,
Lalələr bürüdü çəməni, düzü.
Ay sevgilim, bu yerlərdə gəzməsək qoşa,
Çəmənlər, çiçəklər qınayar bizi.   

Bu mətndə vüsal, qovuşmaq yoxdur, həsrətdən doğan çağırış var. Həmin çağırış musiqidə də duyulur. Sanki musiqidə bir böyük hıçqırıq var. Bu hıçqırıq həsrətdən, ürək yanğısından gələn hıçqırıqdır. Mahnının girişi o cür hıçqırıqla başlayır. Təəssüf ki, Rauf müəllim rəhmətə gedəndən sonra həmin hissəni mahnıdan kəsdilər.

Mətn hazır olandan sonra Rauf müəllimgilə getdim. Gördüm Mirzə Babayev də oradadır. Mətni üç nüsxədə yazmışdım. Birini Rauf müəllimə, o birini Mirzə müəllimə verdim. İkisi də mətni oxuduqca diqqətlə onlara baxırdım ki, görəsən, bəyənəcəklərmi. Oxuyandan sonra Mirzə müəllim dedi ki, ay zalım, nə gözəl yazmısan. Beləcə Rauf müəllim pianoda çaldı, əvvəl Mirzə müəllim, sonra isə mən oxudum.

Mahnını ilk dəfə 1964-cü ildə Dövlət Simfonik orkestrinin müşayiətilə Mirzə Babayev oxuyub. Sonradan Flora Kərimova, İlhamə Quliyeva, Brilyant Dadaşova, Aygün Kazımova və Mübariz Tağıyev oxuyublar. Mahnı bu gün də oxunur və sevilir.

Elə həmin gün Mirzə Babayevin yanında Rauf müəllim mənə demişdi ki, sən "Sevgilim" mahnısını məşhur edən dostumsan. Bu mahnı da ən az "Sevgilim" mahnısı qədər uzunömürlü və sevilən olacaq. Onun bu sözləri indi də özünü doğrultmaqdadır".

Yusif Həsənbəy bizimlə söhbətində onun sözlərinə musiqi yazmış digər bəstəkarlardan, eləcə də ən uğurlu mahnılardan da söz açdı:

- Rauf müəllimdən başqa, mən Səid Rüstəmov, Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Nəriman Məmmədov, Ramiz Mustafayev, Cavanşir Quliyev, Oqtay Kazımov, Cahangir Cahangirov, Hacı Xanməmmədov kimi bəstəkarların musiqilərinə mətnlər yazmışam. Bircə Qara Qarayevlə işbirliyimiz olmayıb. Əslində, onunla da dolayı yolla birgə işimiz alınıb. Belə ki, Qara Qarayevin musiqisinə bir xarici müəllifin mətni vardı. Mən o mətni dilimizə çevirmişdim. Beləcə konsertdə elan olunanda sözlərin müəllifi kimi məni deyirdilər.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyinə ciddi hazırlıq gedirdi. Həmin ərəfələrdə bəstəkar Səid Rüstəmovla görüşərkən bu əlamətdar hadisəyə aid mahnı yazmaq istədiyini dedi. Onda Yaltaya istirahətə getməyə hazırlaşsam da, səfərimi təxirə salıb bu haqda bir şeir yazdım. Təxminən 10 gün sonra Səid müəllim məni Radio və Televiziya Komitəsinə dəvət etdi. Gördüm ki, şeirə çox gözəl bir mahnı yazıb. "İlk bahar görmüşəm" adlı həmin mahnını ilk dəfə Səid Rüstəmovun dirijorluq etdiyi Xalq Çalğı Alətləri orkestrının müşayiətilə Gülağa Məmmədov səsləndirdi. Həmin mahnı da üzünömürlü və sevilən mahnılardan oldu. Sonralar Səid müəllimlə dörd hissəli "Azərbaycan suitası"nı, "Bakı" mahnısını da yazdıq.

Arif Məlikovla iki mahnı yazmışıq. "Gözlərin qara" adlanan şeirimə həm Arif müəllim, həm də Ramiz Mirişli musiqi yazmışdılar. Eyni taleni "Xoşbəxt olsunlar" şeirim də yaşayıb. Ona əvvəlcə Adil Bəbirov, sonra isə Nəriman Məmmədov musiqi yazdılar. Nəriman müəllim şeirin adını "Əl çalın, qızlar oynasın" kimi dəyişdirmişdi. İlk dəfə Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri orkestrının müşayiətilə İslam Rzayevin ifa etdiyi həmin mahnı bu gün də toyların ən çox oxunan mahnılarındandır.

Adil Bəbirovla yazdığımız "Sənin bircə təbəssümün" mahnısını Akif İslamzadə oxumuşdu.

Bütün bunlar heç də təsadüfi deyildi. Çünki mən musiqi nəşriyyatında işlədiyimdən artıq musiqinin içərisində idim. Özümün də marağım, həvəsim vardı. Mahnılarımız müsabiqələrdə səslənir və yer tuturdu. Bu da mahnının ölkədə, ölkədən kənarda tanınması, kütləviləşməsi demək idi.

Mahnıların yazılma prosesi çox hallarda mürəkkəbdir. Həm də bu, yaradıcılıq işidir. Burada uğur qazanmaq da olur, uğursuzluğa düçar olmaq da. Mahnının taleyi onu ifa edən müğənnidən də çox asılıdır. Bu mənada mən özümü şanslı hesab edirəm.

Şahanə MÜŞFİQ

 





05.04.2018    çap et  çap et