525.Az

Öz ləyaqəti olmayan başqasının ləyaqətini alçaltmağa çalışar


 

Öz ləyaqəti olmayan başqasının ləyaqətini alçaltmağa çalışar<b style="color:red"></b>

Son günlər xarici ölkələrdə Azərbaycan əleyhinə kampaniya ilə məşğul olan bir qrup şəxsin sosial şəbəkələrdə səsləndirdikləri söyüş və təhqir dolu fikirlər cəmiyyətin hər bir üzvünün, xüsusi ilə ziyalılarımızın kəskin etiraz və qınağı ilə qarşılanıb. 

Bu məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Katibliyi ilə Birliyin Ağsaqqallar Şurası birgə bəyanat yayıb.

Bəyanatın mətnini oxuculara təqdim edirik.

Xalqımız Prezident seçkilərinə və İslam Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə hazırlaşır. Müasir Azərbaycanın rifahı, ölkəmizdə  hökm sürən siyasi sabitlik, dövlətimizin yüksək beynəlxalq nüfuzu, iqtisadi inkişafımız, həyata keçmiş və keçəcək önəmli nəqliyyat layihələri, neft kəməri - 100 il bundan əvvəl müstəqilliyimizi elan edənlərin gerçəkləşmiş arzularıdır. Ulu Öndər Heydər Əliyevin bəlalardan qurtardığı və gələcəyini planlaşdırdığı  vətənimizin  bugünkü reallığıdır.

Bu tarixi həqiqətlər hörmətli Prezidentimiz İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi haqqında" sərəncamında geniş şəkildə öz ifadəsini tapmış, qarşıda duran mühüm vəzifələr müəyyən edilmişdir.

Azərbaycanın hər uğuru, xalqımızın haqq işinin dünyada gün-gündən daha çox tərəfdar qazanması, işğalçı qonşu ölkənin dərin siyasi, iqtisadi, sosial böhranı düşmənlərimizi - erməni qəsbkarlarını təşvişə salır. Onların əl atdığı silah - mediada xalqımıza və dövlətimizə qarşı yalan, böhtan və iftira kampaniyasıdır. Çox heyf ki, bu çirkin işə xaricə sığınmış azərbaycanlı adı və familiyası daşıyanlardan bəziləri də qoşulmuşdur. Uğursuzların, gücsüzlərin, uduzmuşların mübarizə üsulu - təhqir və söyüşdür. Özünün ləyaqəti olmayan başqasının ləyaqətini alçaltmağa çalışar. Siyasət və din xadimlərinə, ziyalılara çirkab atmaq  məğlubların, acizlərin  şakəridir.

Sənin düşündüyün kimi düşünməyən yazıçıların kitablarını yandırmaq, səndən fərqli fikirləşən alimi şərləmək təşəbbüsləri, diqqət çəkmək, populyarlaşmaq naminə ədəbiyyat və sənət klassiklərimizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə  nankor münasibət göstərmək təəssüf ki, ölkəmizin daxilində də bəzi saytlarda, TV kanallarında, mətbuat səhifələrində yer tapır. İki minə qədər yazıçını təmsil edən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi və Birliyin Ağsaqqallar şurası həm xaricdə, həm daxildə yalan, böhtan  yayanları, təhqirə və söyüşə əl atanları qətiyyətlə pisləyirlər. Qəti əmin olduğumuzu bildiririk ki, bu sayaq təxribatlar müstəqil dövlətimizin daha da möhkəmlənməsinə, beynəlxalq nüfuzuna, parlaq gələcəyinə heç cür əngəl ola bilməyəcəklər.


Azərbaycan Yazıçılar Birliyinin katibliyi
Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar şurası.
4 aprel 2018

 





06.04.2018    çap et  çap et