525.Az

Bələdçilər Assosiasiyası təsis edildi


 

Bələdçilər Assosiasiyası təsis edildi<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində “Turizm bələdçilərinin və tərçüməçi-gidlərin Attestasiya Komitəsi”ndən bələdçi kartı almış bələdçilərin iştirakı ilə toplantı keçirilib. 

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydin İsmiyev ölkəmizdə turizmin mövcud vəziyyəti, inkişaf dinamikası, turizm sahəsi ilə bağlı yaradılmış Assosiasiya və İctimai Birliklər (Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi) haqqında məlumatlar verib, turizm bazarının genişlənməsi, ölkəmizdə fəaliyyət göstərən turizm bələdçilərinin sayının artması və bu sahədə görüləcək işlərin daha sürətləndirilməsi məqsədilə Bələdçilər Assosiasiyasının yaradılması zərurətinin yarandığını qeyd edib. 

Bu təkliflə bağlı bir neçə bələdçi çıxış edərək assosiasiyanın yaradılmasını dəstəkləyib və tədbirdə iştirak edən 125 bələdçi tərəfindən səsvermə yolu ilə qəbul edilib. 

Toplantının davamı olaraq Bələdçilər Assosiasiyasının təsis konfransı keçirilib, bələdçilər tərəfindən səsvermə yolu ilə assosiasiyanın 9 nəfərdən ibarət İdarə Heyətinin üzvləri müəyyən edilib. 

Tədbirdə iştirak edən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov yeni yaradılan Bələdçilər Assosiasiyasına ilkin mərhələdə təşkilatı işlərin həyata keçirilməsində və gələcək fəaliyyətində dəstək göstərəcəyini bildirib. 

İclasın sonunda yeni yaradılmış Assosiasiyanın dövlət qeydiyyatına alınması ilə bağlı İdarə Heyətinin üzvləri tərəfindən müvafiq müraciətin edilməsi qərara alınıb.

 





10.04.2018    çap et  çap et