525.Az

Atatürk Mərkəzində Yasəmən ətri


 

Atatürk Mərkəzində Yasəmən ətri<b style="color:red"></b>

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin yaratdığı Atatürk Mərkəzini indiyə qədər Türk dünyasının çox görkəmli siyasi, ictimai xadimləri, elm, mədəniyyət və ədəbiyyat adamları ziyarət ediblər.

Hər birindən kifayət qədər xoş xatirələr, kifayət qədər unudulmaz təəssüratlar qalıb... Ancaq Bayərlər ailəsinin Mərkəzə yalnız gəlişini xatırlayıram. Gəldilər, Mərkəzə bir yasəmən ətri gətirdilər, qaynayıb-qarışdılar... Və bu yasəmən ətri Atatürk Mərkəzində əbədilik qaldı...
Kimlər idi bu ətri yayanlar?..

Əmrə Bayər, Yasəmən Bayər, Murad Bayər və Ulduz Bayər!

Əvvəllər sıx-sıx görüşər, davamlı yaradıcılıq mübadiləsi edərdik. Ailə başçısı Əmrə bəyin öz işini dəyişməsi ilə bağlı olaraq son illər bu görüşlər, yaradıcılıq mübadilələri bir az səngiyib... Ancaq dünya elə də hüdudsuz deyil ki, əlaqələrimiz həmişəlik kəsilsin. Və Atatürk Mərkəzinin hər bir əməkdaşı yaxşı bilir ki, İstanbulda onların istənilən vaxt qapısını ürəklə açacaqları bir ev var - Bayərlərin evi... Həmin səmimi münasibəti ilk növbədə evin xanımı Yasəmən Bayər yaradıb... Neçə illər bundan əvvəl, Atatürk Mərkəzinin qapısını sevimli övladları ilə birlikdə ərklə açıb içəri girməklə...

Yasəmən xanımın elə ilk görüşdə (və övladlarının yanında) qürurla dediyi sözlər həmişəlik yaddaşıma həkk olunub, hər məqamı düşəndə təkrar eləməkdən yorulmuram: "Mər Atatürk inqilabı ilkələri (prinsipləri) ilə böyümüşəm!.." Və bu sözlər Yasəmən xanımın dünyagörüşünü, ictimai-siyasi mövqeyini, eləcə də yaradıcılıq eşqini son dərəcə aydın, dəqiq və heç bir mübahisəyə yer qoymadan ifadə edir... Əsas da odur ki, biz Azərbaycan atatürkçüləri Yasəmən xanımı özü haqqında necə demişdisə, həmişə elə görür, elə tanıyır, elə dəyərləndiririk...

Yasəmən Bayər Azərbaycan ədəbiyyatının bir sıra əhəmiyyətli əsərlərini - xalq nağıllarından tutmuş, gənc yazıçıların hekayələrinə qədər çox böyük peşəkarlıqla Türkiyə türkcəsinə çevirib kütləvi tirajlarla nəşr etdirməklə Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafına unudulmaz töhfələr verdi. Bakıdan İstanbula dönəndən sonra da əlaqələri kəsməyib "525-ci qəzet"lə əməkdaşlıq edərək maraqlı yazılar yazır... Ortaq tədbirlərimizdə həmişə onu məclisin başında görməyə adət etmişik...

Bugünlərdə Yasəmən Bayərin altmış yaşı tamam olur!.. Onu ürəkdən təbrik edir, can sağlığı, bundan sonra da həmişə sadiq olduğu ideallara könül xoşluğu ilə xidmət arzulayırıq!..

Və bir daha təkrar edirik: nə qədər ki Azərbaycanda Atatürk Mərkəzi var, onun Yasəmən ətri tükənməyəcək!..

 





10.04.2018    çap et  çap et