525.Az

Kəmaləddin Heydərov Tacikistan prezidenti və Qırğız Respublikasının baş naziri ilə görüşüb


 

Kəmaləddin Heydərov Tacikistan prezidenti və Qırğız Respublikasının baş naziri ilə görüşüb<b style="color:red"></b> Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikası tərəfinin dəvəti ilə iyulun 1-də bu ölkədə səfərdə olub.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Qırğız Respublikasının baş naziri Jantoro Satibaldiyev və baş nazirin birinci müavini Comart Otorbayevlə görüş keçirilib.
 
Görüş zamanı J. Satibaldiyev Qırğız Respublikasının Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib, mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulayıb.
 
K. Heydərov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mövcud birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
 
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Səfər çərçivəsində Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyində də iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
 
Görüşdə fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri və bu sahədə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Azərbaycan FHN-in nümayəndə heyəti səfər çərçivəsində Qırğız Respublikasında qeyd edilən “Xilasedicilər Günü” münasibətilə iyulun 1-də keçirilən tədbirdə də iştirak edib. Tədbirdə Azərbaycan və Qırğız tərəfinin nümayəndələri qarşılıqlı olaraq medallarla təltif olunub.
 
K. Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Tacikistan Respublikası tərəfinin dəvəti ilə iyulun 2-də bu ölkədə səfərdə olub.
 
K. Heydərov Tacikistan prezidenti Emoməli Rəhmon tərəfindən qəbul olunub.
 
Qəbul zamanı E. Rəhmon Tacikistanla Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib, mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulayıb.
 
K. Heydərov fövqəladə halların idarə edilməsi sahəsində hər iki ölkənin müvafiq dövlət qurumları arasındakı mövcud əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.
 
Qəbul zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Səfər zamanı Tacikistan Fövqəladə hallar və mülki müdafiə komitəsində iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş də keçirilib.
 
Görüşdə Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər, həmçinin, gələcəkdə imzalanması nəzərdə tutulan Saziş layihəsi müzakirə edilib.
 





02.07.2013    çap et  çap et